Menu
Geri İrəli

Tahir İmanov: “Rəsul Quliyev gəlib məni tapdı…, ancaq birdən Heydər Əliyevin səsi gəldi”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2013 • Baxış sayı: 495 dəfə • 1 şərh

“Fəhlə də işləmişəm, taksi də sürmüşəm…”

Layihə: Vüsalə Məmmədova ilə “Qadın klubu”

“Qadın kulubu”nun üzvləri iş adamları olduğundan görüşləri həftə sonlarına salırıq. Bu dəfə elə bir qonaq seçdik ki, onun da klubu həftə sonları toplanırmış… İndi gəl görüş təyin et…

Günayla Səbinəni işinin başında qoyub Aygünlə keçdik masanın arxasına. Bu dəfə yeni üzvümüz də var. Qızıl Aypara Cəmiyyətinin Xətai rayon bölməsinin sədri Günel Əliyeva. Qonağımız isə “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri və rejissoru, əməkdar artist Tahir İmanovdur. Məşqdən gəldiyi üçün konsertə hazırlıqdan, sonuncu konsertlərinin kinoteatrda yayımlanmasından danışırıq:

 

- İllərdir, piratçılıqla mübarizə aparırdıq. Biz mübarizə apardıqca, onlar daha da fəallaşırlar. Qanun bu sahədə çox zəifdir, amma eşitdiyimə görə bu yaxınlarda dəyişiklik olacaq. Yaxşı olardı ki, xaricdə olduğu kimi DİN-in nəzdində bir idarə, şöbə yaradılsın. Yoxsa gecə-gündüz ssenari yazan, məşq edən biz, axırda kimsə gəlib malımıza şərik olur. Bu loru dildə desək, ən azı kişilikdən deyil. Hələ ki, pirat disklərin qarşısını ancaq bu yolla – konserti lentə alıb kinoteatrlarda nümayiş etdirməklə ala bilirik. Bu eksperiment də çox uğurla həyata keçdi. Yayda üç həftə yayımladıq, indi isə hər axşam. Disklərlə müqayisədə daha da yaxşı gəlir gəlir, yəni bu gəlir artıq birbaşa özümüzə gəlir. Piratlar qazanmır.

 

Günel: İndi axırıncı konsertin diskləri olmayacaq?

 

- Heç vaxt olmayacaq. Olsa da dost-tanışda…

 

Vüsalə: Dost-tanış youtube-a yükləyərsə…

 

- Yükləsinlər. Biz artıq o konsertə qoyduğumuz vəsaiti çıxarmışıq. Artıq nə istəyirlər, etsinlər.

 

Vüsalə: Demək yeni konsert də kinoteatrlarda yayımlanacaq?

 

- Konsertə qədər gözlənilən qanun qüvvəyə minməzsə, hə.

 

Vüsalə: Əvvəllər tamaşaçınız da fərqli idi, repertuarınız da. Konsertinizə prezident gəlirdi, yanında da bütün məmurlar… O vaxtlar zalda bizə, sadə vətəndaşlara yer olmurdu. O vaxtlar Sizin də məsuliyyətiniz də fərqli idi, yumorunuz da…

 

- Konsertimizə indi də məmurlar gəlir. Sadəcə ölkə başçısı bir dəfə də olsun konsertimizdə olmayıb. Amma biz onu hər il gözləyirik. Hər il! Məsuliyyət də həmən məsuliyyətdir, hər il elə hazırlaşırıq ki, birdən ölkə başçısı konsertə gəlsə, məyus olmayaq. Nə o, nə də biz. Bu, doğrudan da böyük məsuliyyətdir. Amma son illər məmurlarımız daha da fəallaşıb. Sonuncu “Eurogülüşion” konsertimizdə mədəniyyət və turizm, milli təhlükəsizlik, xarici işlər nazirləri və “AZAL” QSC-nin prezidenti Cahangir Əsgərov gəlmişdi. Onların arasında bir neçə nəfərə biz əvvəllər parodiya etmişdik. Bəlkə də o niyyətlə gəlmişdilər, görsünlər, yenə də parodiya olacaqmı? Özlərinə kənardan baxsınlar. Bu, o deməkdir ki, onların doğrudan da yumor hissi, dünya görüşü var. Kənardan özlərinə baxıb, gülə bilirlər. Amma elə məmurlar var ki, nə tənqidi, nə də parodiyanı qəbul edirlər. Biz bu təzyiqləri açıq-aşkar hiss edirik. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan reklam banerlərində bizim şəkilləri vurmaq qəti qadağandır. Demirəm ki, buna Hacıbala müəllim qəti qadağa qoyub, onu deyə bilmərəm. Amma birbaşa Hacıbala müəllimə tabe olan Bakı Şəhər İcra hakimiyyətinin Reklam departamenti müxtəlif bəhanələrlə bizim banerləri asmağa icazə vermir. Həmişə bizə yox cavabı verirlər. Bizim Gənclər və İdman Nazirliyi və İrəli İctimai Birliyi ilə birgə “Yumor kuboku” layihəmiz var idi. Bu layihəni şəhərin banerlərində yerləşdirmək istədik. Pulu ilə! Elə belə lazım deyil. Halbuki, elə vaxtlar var idi ki, yalvarırdılar pulsuz edək, nə isə… Dedilər ki, yox, “İrəli” siyasi qurumdur, siyasi qurumların reklamı olmaz. Amma orda Azərbaycan dilində yazıb ki, ictimai birlik. Biz başa düşdük ki, burda problem bizdədi, xüsusi ilə də məndə…

 

Günel: Görünür Hacıbala müəllim sizdən narazıdır də… Parodiyası xoşuna gəlməyib.

 

- Sizə bir söz deyim. Mərhum prezidentimiz Heydər Əliyev konsertlərimizə gələndə bizim ümumiyyətlə, heç bir problemimiz yox idi. Heç bir jurnalist ünvanımıza pis söz yazmırdı, bizi təhqir etmirdi. Telekanallar bizə qadağa qoymurdu.

 

Vüsalə: İndi qadağa qoyurlar ki?

 

- Bəli. “Lider” kanalında qadağa var. Hətta o gün Teymur Əmrah adımızı çəkib, montajda kəsiblər. Soruşsaz deyəcəklər, nə danışırsız? Ola bilməz! Amma inanın mənə, bu faktdır. Bizi dəfələrlə təhqir ediblər. Məsələn sitat: “Səviyyəsiz kollektiv”, “səviyyəsiz yumor”, “bu cür səviyyəsiz kollektivi dövlət opera və balet teatrına buraxmaq olmaz”. Biz “KVN” teatrı olaraq, həmişə sosial problemlərə, xırda nöqsanlara yumor prizmasından baxmışıq. Əgər əqidən dəyişməyibsə, onda da “səviyyəsiz” deyərdin də. Yaxud aktyorlarımız. Elə aktyorlarımız var ki, məsələn, mərhum Yaşar Nuri, deyirdi ki, qardaş, mən sizinlə istər epizodda, istər də baş rolda çəkilim, fəxr edirəm. O birilər isə arxamızca danışırlar. Bilmirəm, bu nədən irəli gəlir. Ya qocalıqdan, ya da işsizlikdən. Demirəm, mən qocalmayacam, amma bizi başqa cür öyrədiblər. Məsələn, çox gənc və istedadlı bir aktyor var, Fərda Xudaverdiyev. Biz ona kömək edirik, “Planet Parni iz Baku” studiyasının vəsaiti ilə “Ögey ata” adlı film çəkir. Burda iki variant var idi, mən ya oturub onun arxasınca danışıb, paxıllıq etməli idim, ya da dəstək olub qabağa çəkməli. Normal azərbaycanlı kimi, vətəndaş kimi mən ikincini seçdim.

 

Vüsalə: Mən babanız Süleyman Ələsgərovun əsərlərindən daha çox insanlığı haqda eşitmişəm. Bununla bağlı ola bilər?

 

- Biz çalışırıq, ətrafda olan kasıblara yardım etməkdə, sənət adamlarına, istedadlara dəstək olmaqda o kişinin yolu ilə gedək. Çalışırıq, o böyük insanın yolun davam etdirməyə. O ki qaldı arxamızca danışanlara, belə insanlar hər zaman olub, olacaq da. Mənim üçün əsas odur ki, özümüz-özümüzü aldatmayaq. Mənim üçün həyatda bir nümunə var, o da Süleyman Ələsgərovdur. Çalışıram, onun yolu ilə gedim, onun kimi xeyirxah, səmimi, təvazökar olum. Çalışıram deyəndə ki…

Mənim yolum budur. Əlimdən gələn budur. Axı bu məmləkəti, milləti, torpağı çox sevirəm! Başqa cür addım atsam, birinci öz əqidəmə xəyanət edəcəm. Əqidəsinə xəyanət edən insan isə sabah dövlətinə də xəyanət edər.

 

 

Qardaşından danışmağa başlayırıq. Cabir İmanovun tamaşaçısı Tahirdən az deyil. Amma o, mətbuata Tahir qədər açıq deyil. Həmkarlarım zəng edəndə qardaşına müraciət etməyi məsləhət görür. Tahir bunun səbəbin belə açıqlayır: “bir neçə dəfə jurnalistlər onun fikrini təhrif ediblər…”

Süleyman Ələsgərovun 80 illik yubileyinin məşqini xatırladıram. Məşqdə babasının səsini eşidən Cabir uşaq kimi hönkür-hönkür ağlamışdı. Tahir isə çox soyuqqanlı dayanmışdı.

 

 

- Deyə bilmərəm soyuqqanlıyam. Elə anlar olur ki, kişilər tək ağlayır, tək kövrəlir. Burda mən öz böyüklüyümü göstərməliydim. Çünki bu məqamda gərək kimsə özünü saxlasın. Saxlasın ki, həyatda olan prosesləri yola verə bilək. Düşünməyin ki, mən soyuqqanlıyam, sadəcə mən kövrələndə, ağlayanda, bunu elə edirəm ki, heç kim görməsin.

 

Vüsalə: Dediyim odur ki, Cabir polis ola-ola Sizdə polis soyuqqanlılığı var.

 

- Cabir polisdi. Mən isə 10 ildir ki, Dövlət Gömrük Xidmətinin mayoruyam.

 

Aygün: Bu yaxınlarda Günel Mövlud “Afaq gülür, öldürür…” adlı yazısında deyirdi ki, biz, gülənlər və güldürənlər nəyə güldüyümüzü və nəyə güldürdüyümüzü bilmirik…

 

- Subyektiv fikridir. Bizim yumora olan münasibətdə əsas prinsiplər dəyişilməz olaraq qalıb. Azərbaycanda nə bizdən əvvəl, nə də sonra bu səviyyədə yumor, satira olub. Yəni siyasətlə bağlı zarafatlar bu səviyyədə olmayıb. Burda birincisi Heydər Əliyevin böyük rolunu qeyd etmək istəyirəm. Bu sözləri mən karyeramda irəliləyişə, yaxud digər böyük addımlara görə demirəm. Necə var, elə deyirəm. Bu, faktdır. Heydər Əliyev bizim konsertlərə gəlməsəydi, bəlkə də elə o vaxtı bizi məmurlar sözün əsl mənasında “yeyər”dilər. Heç vaxt yadımdan çıxmaz, ilk dəfə Milli Məclisin spikeri Rəsul Quliyevi parodiya edəndə çox pis hirslənib gəlib məni kulis arxasında tapmışdı.

 

Günel: Nə dedi sizə?

 

- “Sən idin məni yamsılayan? Sən idin?” Bu zaman mən ümummilli liderimizin səsini eşitdim ki, “Rəsul, sən orda neynirsən?” Ondan sonra o tonunu dəyişdi ki, “Heydər Əliyeviç, bu idi məni parodiya edən”. Heydər Əliyev mənə dəstək kimi bir söz də dedi. Dedi, “Nə oldu? Sən səhnədə başqa cür görsənirdin, indi başqa cür”. Yəni daha cəsarətli görünürdün. İndi nə oldu? Mənim onda 21 yaşım var idi. Belə anlar olub. Biz bunların hamısını Heydər Əliyevin xeyir duası ilə etmişik. Bir də ki, biz əgər belə böyük siyasətçini güldürə bilmişiksə…

Heç təsəvvürümə də gətirə bilməzdim ki, bir kəlmə sözüm, “Nazarbayev bilsəydi ki, onun şəklini kim saxlayacaq” sözüm onun gözlərindən yaş gətirəcək… Onun gülməyini televizorda görmüsüz də. Mən bilmirdim gülüm, yoxsa alqışlayım…

 

 

Söhbətimiz davam edir… O hər dəfə “ümummilli lider Heydər Əliyev” deyəndə gözlərində bir uşağın sevgisi yaranır, sağ əli ürəyinin üstünə qalxır… Bu kimsəyə sirr deyildi, heç o da gizlətmir ki, yumorlarındakı gücü bir nömrəli tamaşaçıları olan Heydər Əliyevdən alırdılar. Əgər konsertlərini sırf bizim üçün hazırlasalar, hər bir cümlənin xüsusi redaktəsi olacaqdı. Lap dövlət teatrlarında olduğu kimi. Nəticədə ortaya çıxan repertuar kimsəni maraqlandırmayacaqdı. Sualdan yayınır hesab etməyin, axırda Günel Mövludun yazısının üstünə də gəldi: “Günel xanımın fikrinə gəlincə… öz fikridir, mən hardasa onunla razıyam, hardasa yox”.

Aygün isə bizimkiləri rus yumor ustaları ilə müqayisə edir: “Sizin yumorunuz Fərdadan, Müşfiqdən daha səviyyəlidir, amma Qordonun yumoru deyil”.

 

 

- Biz bu səviyyə gəlib çıxmaq üçün Moskvada “KVN”-in rəhbəri olan Aleksandr Vasileviç Maslyakovun məktəbini keçmişik. Bəlkə ondan irəli gəlir. Yenə Günel xanımın yazısına qayıdıram. Bəlkə gülənlər başa düşmür, amma mən səhnədə dayananda məqsədimi əvvəlcədən bilirəm. Bilməsəydim, tək mən yox, bütün “KVN”-çilər, nə bir uğura imza ata bilərdik, nə də indiyə kimi fəaliyyət göstərə bilərdik. Əsas məqsəddir.

 

 

Aygün: Həmişə konsertlərin sonunda göstərdiklərinizə bəraət qazandırırsız. Güldürə-güldürə gəlirsiz, ən axırda duyğusal, pafoslu bir səhnə gəlir.

 

 

- Bu, “KVN” qanunlarından biridir. Bizi belə öyrədiblər. Mən bunların hamısını özüm üçün edirəm. Bu işdən həzz alıram. Səhnə mənim üçün ikinci həyatdır. Orda daha çox nəfəs alıram, nəinki adi həyatda. Bu mənim xoşuma gəlir, nə kiminləsə rəqabət aparıram, nə kiməsə göstərmirəm ki, bu belə olmalıdır. Böyük bir insan deyib ki, tənqid etmək çox asandır, hər hansı bir işi özünüz sınaqdan keçirəndən sonra tənqid edin.

 

 

Böyük insanın sözü ilə Tahir bizə demək istədiklərinin hamısını dedi. Bizimsə əl çəkmək fikrimiz yox idi. Davam edirik.

 

Vüsalə: Hər konsertinizdə vurğulayırsız ki, niyə ad verilmir?

 

- Mən ölkə başçısının qərarlarını müzakirə etmirəm. Çünki birincisi bir vətəndaş kimi onun fanatıyam. İkincisi isə onun bütün qərarları mənim üçün qanundur. Amma həyatımda elə anlar olur ki… Məsələn, biz, mən, Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə hansısa bir verilişə gedirik, onları aktyor kimi təqdim edirlər, məni isə əməkdar artist kimi. Axı mən səhnədə onlardan çox iş görməmişəm. Mən bu həyatda nəyi qazanmışamsa, o uşaqlarla bir yerdə qazanmışam. Nə onlar məndən çox iş görüblər, nə mən onlardan çox. Nə etmişiksə, bir yerdə, eyni səviyyədə etmişik. Ona görə də niyəsə elə düşünürdüm ki, bizə ad verəndə də hamımıza bir yerdə verəcəklər. Ona görə təəssüflənirəm.

 

Gülür… Biz də ona qoşuluruq… Açığı bura qədər şən və hazırcavab oğlan kimi gəlmişdi, bu yerdə aktyorlar kimi danışmağa başladı. Sözarası onlar üçün qadağan olunmuş şəhərdəki reklam bilbordlarında “Bu şəhərdə”nin reklamlarına və millət vəkili Fazil Mustafanın narahatlığına toxunduq. “Bununla bağlı qanun qəbul etmək cəfəngiyatdır. Onda toyda oxuyan bayağı müğənniləri də efirə buraxmayaq”.

Deyib başlayır, nə başlayır… Hətta o yerə gətirib çıxardır ki, deyir:

 

-Mən düşünürəm ki, bədii şuranı bərpa etmək lazımdır!

 

Sonra xeyli yumşalır:

 

-Heç olmasa şifahi şəkildə göstəriş versinlər ki, bayağı musiqini efirə buraxmayın. Lap yuxarı lazım deyil, MTRŞ bayağı musiqiyə qadağa qoysun. Mən niyə kiminsə qarderobuna baxmalıyam?

 

MTRŞ deyəndə onların son qadağası və nəticəni müzakirə etmədən keçə bilmirik. “Seriallara qadağa qoymaqlarıyla razı deyiləm” deyir. Mən isə “Deyirsiz, MTRŞ qarışsın, onlar da bu qabiliyyətlə qarışır” deyirəm və yenə gülüb bədii şura mövzusunda əməlli başlı yumşalır.

 

- Seriala ayrılan vəsait mənim üçün, Tahir İmanov üçün böyük puldur, amma normal bir serial üçün bu çox az puldur. Vəsait çox olsaydı, bəzi operatorları, işıq-səs ustaların ən azı iki-üç həftəlik Moskvaya treninqlərə göndərərdim. Bunlar vacib olan şeylərdi. Bir az imkanım olan kimi gedib treninq keçirəm və utanmıram. Nə olsun, əməkdar artistəm, soruşuram ki, səhnəyə necə çıxmaq lazımdı? Burda nə var ki? Bəziləri isə özünə sığışdıra bilmir ki, mən xalq artistiyəm, sən mənə belə deyirsən…

 

Vüsalə: Bax, fəxri adın aktyoru kimə çevirdiyini görə-görə Siz yenə də ad istəyirsiz. Görürsüz, ad bizimkilərin ziyanına işləyir…

- (Gülür) Razıyam. Amma düşünürəm ki, Azərbaycan “KVN”-nin rəmzi olan Bəhram Bağırzadə kimi sənətkara birbaşa xalq artisti adı vermək lazımdır, birbaşa. Qalanlarına əməkdar artist adı da vermək olar.

 

Vüsalə: Axı o çox istedadlı adamdır, heyif ola bilər…

 

- Əksinə, Sizi inandırım ki, bu, ona bir stimul ola bilər.

 

Aygün: Siz mübarizə apardığınız stereotipin içinə girmək istəyirsiz. Neynirsiz ki, xalq artisti adını alıb? Onsuzda xalqın artistisiz.

 

Bu yerdə artıq heç bir aktyorun səsləndirmədiyi fikri səsləndirir. Aktyorlar adətən, bir-birinin yanında öyünmək, hansısa siyahıya düşmək, fəxri xiyabanda dəfn olunmaq üçün mükafat istəyirlər. Bu isə heç kimdən eşitmədiyim səbəbi dedi:

- Biz dövlətin qayğısını həmişə hiss eləmişik. Mənim və teatrımızın həyatında elə anlar olub ki, məmurlar tərəfindən elə təzyiqlər olub ki, ölkə başçısı bu işə müdaxilə etməsəydi, mən bu gün burda Sizinlə söhbət edə bilməzdim. Bax, belə anlar olub və belə anlarda bizə cənab prezident dəstək olub. Amma bu medal ki, var, evdə asırsan, hər dəfə işdən yorğun, ya əsəbi gələndə evdə onu görüb… Vallah mən sizə deyirəm ki, mənim əhval ruhiyyəm qalxır. Stimuldur!

 

Aygün: Allah arzunuza çatdırsın.

 

Vüsalə: Özünüzü parlamentdə görürsüz?

 

- Hələlik yox! Rəhmətlik Anar Məmmədxanov anadangəlmə siyasətçi idi. Siyasətçi olmasaydı, o boyda komandaya rəhbərlik edə bilməzdi. Mən isə özümü Milli Məclisdə görmürəm, çünki başqa işlərim var.

 

Vüsalə: Yəni parlamentdə oturanların başqa işləri yoxdu?

 

- (Gülür) Düşünürəm ki, “KVN”-çi kimi Azərbaycan üçün daha faydalı olaram.

 

Vüsalə: Dolanışıq necə? KVN ilə dolanmaq olur?

 

- Bizim yeganə gəlir mənbəyimiz elə oradır.

 

Vüsalə: Bizim adamlar gülüşlərinin haqqın yaxşı ödəyə bilirlər?

 

- Bəli, ödəyirlər. Burda nə var ki?

 

Günel: Hansı səviyyədə yaşamaq olur?

 

- Normal. Orta səviyyədə. Elə düşünməyin ki, mən çox zənginəm, amma nə kasıbam, nə zəngin. Bunun üçün ilk növbədə Allahıma minnətdaram. Vaxt olub ki, fəhlə də işləmişəm, taksi də sürmüşəm. Heç o vaxt düşünə də bilməzdim ki, nə vaxtsa normal şəraitim olacaq. Yenə də deyirəm. Qarşıma bir məqsəd qoydum və o məqsədimə nail oldum. Bizim imkanlarımız da var idi ki, karyeramızda sıçrayış olsun. Hər konsertdən sonra ümummilli liderimiz soruşurdu ki, nə probleminiz var? Sizi inandırım ki, bizim yerimizdə başqa adamlar olsaydı, deyərdi. Uca allahıma and içirəm ki, heç birimiz problemimiz ola-ola ölkə başçısına heç nə demirdik. Bilirdik ki, o, ağır iş günündən sonra istirahətə gəlib. Bir də ki, burda ən əsas məsələ var. Yəqin valideynlərimizin verdiyi tərbiyədən gəlib ki, deyə bilməmişik. Tərbiyəmiz imkan verməyib deyək.

 

Günel: Heç təəssüflənmisiz ki, kaş o vaxt deyəydik?

 

 

- 96-97-ci illərdə Moskvada yaşayanda, metroda bir saata şəhərin bu başından o başına gedəndə, gölməçələrə ayaq basanda, soyuqda barmaqlarım donanda hə…

 

Aygün: Mənim yadıma “Master və Marqarita” düşdü. Voland Marqaritaya deyir:  “Güclülərdən heç nə istəmə, itaət et, özləri hər şey verəcəklər.

 

- Nə bilim… mənim əsas prinsipim o idi ki, həyatda özüm hər şeyi edim.

Facebook Şərhləndirmə:

“Tahir İmanov: “Rəsul Quliyev gəlib məni tapdı…, ancaq birdən Heydər Əliyevin səsi gəldi”” yazısına bir cavab

  1. ulker deyir:

    size ugurlar hemiwe yuksek nailiyyetler arzulayiriq buna layiqsiz..!!!

Şərhinizi yazın