Menu
Geri İrəli

Telelərini neft-kimya sənayesi ilə bağlayan sumqayıtlı gənclər- TANITIM

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Noyabr 2014 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur

Telelərini neft-kimya sənayesi ilə bağlayan  ixtisaslı gənc fəhlə kadrları – onlari siz də tanıyın

ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin strukturunda fəaliyyət göstərən 5 Təlim-tədris Mərkəzindən biri də 2012-ci ildə yaradılmış Sumqayıt Təlim-tədris Mərkəzidir. “Azərikimya” İB-nin və ARDNŞ-in digər regional müəssisələrinin kadr hazırlığına olan tələbatını ödəmək məqsədilə yaradılmış bu Mərkəzdə yeni fəhlə kadrlarının hazırlanması ilə yanaşı, ixtisasartırma, ikinci peşəyə yiyələnmə və yenidən hazırlanma kursları da həyata keçirilir. Yüksək stan­dartlar səviyyəsində ikimərtəbəli tədris korpusuna, geniş, işıqlı, ixtisaslaşmış auditori­yalara malik, peşə təhsili üzrə müasir tədris vasitələri və texniki avadanlıqlarla – müxtəlif ixtisaslar üzrə maşın-mexanizmlər, qurğu və dəzgahlarla təchiz edilmiş bu Təlim-tədris Mərkəzində şagirdlər təhsil aldıqları müddətdə xüsusi geyim, aylıq təqaüd və pulsuz yeməklə, təhsillərini başa vurduqdan sonra isə daimi işlə təmin olunurlar.   

10 aylıq təhsil zamanı şagirdlər STTM-in ixtisaslaşmış emalatxanaları ilə yanaşı mütəmadi olaraq «Azərikimya» İB-nin sex və istehsalatlarında əmək təcrübəsi keçirlər.  Bu təhsil-zavod əlaqələrinin güclənməsi ilə yanaşı, gələcək fəhlə kadrların istehsalata daha tez alışmasında, seçdikləri peşələr üzrə elə ilk günlərdən təcrübə qazanmalarında, əmək vərdişlərinə daha səylə yiyələnmələrində mühüm rol oynayır.     

Sumqayıt Təlim-Tədris Mərkəzini 2012-2013-cü tədris ilində müxtəlif peşələr – elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik ava­dan­lıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilin­gər, tornaçı, təmirçi-çilingər peşələri üzrə 100 nəfər, 2013-2014-cü tədris ilində isə 84 nəfər gənc uğurla başa vuraraq, “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun müxtəlif istehsalatlarında və Təmir-tikinti İdarəsində neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi sərbəst əmək fəaliyyətlərinə başlamışlar.

2014-2015-ci tədris ilində isə Mərkəzə avtomatik idarəetmə sistemi üzrə operator, elektrik montyoru, kompressor qurğularının maşinisti, təmirçi-çilingər, texnoloji qurğu­ların operatoru, qablaşdırma üzrə operator ixtisasları üzrə test imtahanlarından yüksək nəticələr əldə edən 96 nəfər şagird qəbul olunmuşdur.  

Biz bundan öncə 2012-2013-cü tədris ilində təhsillərini başa vuraraq əmək fəaliyyətinə başlamış 100 nəfər gəncin ictimaiyyətə daha yaxından tanıdılması və peşə seçməkdə çətinlik çəkən sumqayıtlı gənclərə dəstək göstərilməsi kampani­yası çərçivəsində müxtəlif kütləvi informasiya vasitələrində silsilə yazılarla çıxış etmişdik.

Bu dəfə isə bu kampaniya çərçivəsində iki ay bundan öncə işə qəbul olunmuş 84 nəfər gəncin qısa tərcümeyi-halları ilə birgə tədris və iş təəssüratlarını oxuculara bölüşəcəyik.

 

1. Alıyev Elvin Əlixan oğlu

Aliyev Elvin - 114 sentyabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. 2009-cu ildə Qubadlı rayon Mahmudlu kənd qaçqın orta məktəbini bititib.  2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayına qədər vətənə xid­mət borcunu yerinə yetirib. Hərbi xidmətdən qayıtdıqdan sonra bir sıra işlərdə fəhlə kimi çalışıb. Amma bu işlərin heç biri daimi xarakter daşımadığından, əmək müqaviləsi olmayıb, sosial və tibbi sığorta ilə təmin olunmayıb.

- Sumqayıtda belə bir Təlim-Tədris Mərkəzinin mövcudluğunu eşidənə qədər özümə nor­mal və daimi iş yeri tapa biləcəyimdən əlimi üzmüşdüm. Çünki bir çox yerlərə müraciət formaları (CV) ünvanlasam da, heç birindən dəvət gəlmirdi. Bir yaxın dostumdan Sumqayıt Təlim-tədris Mərkəzinin yaranması xəbərini eşidəndə çox sevindim və elektron müraciət etmək qərarına gəldim. Qararımı «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda uzun illərdən bəri təmirçi-çilingər işləyən atama bildirəndə, onun da məni dəstəkləməsi ümidlərimi bir az da artırdı.

Test imtananı və müsahibədən keçdikdən sonra elektrik ava­dan­lıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisası üzrə Mərkəzə qəbul oldum. Artıq təhsil də arxada qalıb, istehsalat təcrübəsi də. Hazırda 2 aya yaxındır ki 4-cü dərəcəli elektrik mantyoru kimi “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun elektrik ava­dan­lıqlarının təmiri və istismarı sahəsində çalışıram. Burada çalış­mağım üçün hər cür şərait yaradılıb. Xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşam. Rəhbərliyin diqqət və qayğısını daim üzərimdə hiss edirəm.

Yenicə ailə həyatı quran Elvin Alıyev sabaha böyük ümidlərlə baxır. Boş vaxtlarında idmanla məşğul olur, eyni zamanda ali məktəbə hazırlaşır. Məqsədi ali təhsil alaraq öz ixtisası üzrə püxtələşmək, taleyini həmişəlik Dövlət Neft Şirkəti ilə bağlayaraq, karyera­sını möhkəmlətməkdir. Ailəsi ilə birgə yataqxanada məskunlaşan Elvin gələcəkdə növbəyə alınaraq mənzillə təmin olunacağına da böyük ümidlərlə baxır.

 

2. Həsənov Elçin Zahid oğlu

Hesenov Elchin - 213 dekabr 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 21saylı tam orta məktəbi 2006-cı ildə bitirib. 2007-ci ilin yanvar ayından 2008-ci ilin iyul ayına kimi hərbi xidmət borcunu yerinə yetirib. Bir müddət iaşə obyektlərində mövsümi işlərdə çalışıb.

 - Məndən bir il öncə sinif yoldaşım bu Mərkəzdə təhsil alıb. ARDNŞ-nin Təlim, Tədris və Sertifi­kat­laş­dırma İda­rəsi tərəfindən Sumqayıtda Təlim-Tədris Mərkəzinin yaradılması xəbərini də ondan aldım. Onun təklifi ilə bu Təlim-Tədris Mərkəzinə gələndə, düzünə qalsa, gördüklərimə inanmadım. Geniş və yaraşıqlı tədris otaqları, müasir avadanlıqlarla təchiz olunmuş istehsalat kabinələri, təcrübəli müəllim və istehsalat təlimi ustaları, xüsusi geyimlə təminat, aylıq təqaüd, gündəlik yemək, 10 aylıq təhsil və təcrübədən sonra daimi iş yeri ilə təminat və s. – bütün bunlar çox gözəl idi.

Növbəti tədris ilində elektron müraciət ünvanlayanların birincilərindən oldum. Hər şey uğurlu alındı. Test imtahanlarından da müvəffəqiyyətlə keçdim… Artıq təhsil də arxada qalıb, istehsalat təcrübəsi də. İki aydır ki, «Azərikimya» İB-nin Etilen-polietilen zavodunun metroloyi təminat və avtomatika sahəsində nəzarət ölçü cihazları və avtomatika (NÖC və A) üzrə 4-cü dərəcəli çilingər kimi çalışıram. Bir gənc kadr olarar işin ağırlığı məni zərrə qədər qorxutmur. Se­vi­nirəm ki, ailəmizin büdcəsinin formalaşmasında mənim müəyyən qədər payım var. Bu gün, sözün həqiqi mənasında, daimi iş yeri tapmaq çox çətindı, ələlxüsus da bir sənəti, peşəsi olmayanlar üçün. Ona görə də belə gözəl tədris ocağı yaratdıqlarına, gəncləri hər zaman ehtiyac duyulan peşə sahibi etdiklərinə görə ARDNŞ-nin Təlim, Tədris və Sertifikat­laşdırma İdarəsinə, burada isə bizə daima qayğı və diqqət göstərən dəyərli insanlara, o cümlədən sahə rəisim, eyni zamanda nəzəriyyə rəhbərim olmuş Əbülfət Quliyevə və təcrübi biliklərimin təkmilləşdirilməsində mənə daima dəstək olan İlkin babayevə dərin minnətdarlığımı bil­dirirəm.

 

3. Həsənov Cəmil Bəşir oğlu

Hesenov Cemil - 304 mart 1991-ci ildə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində anadan olub. 2009-cu ildə 19 saylı tam orta məktəbi bitirib. 2010-cu ilin yanvar ayından 2011-cı ilin iyul ayına kimi hərbi xid­mət borcunu yerinə yetirib. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət özəl firmada santexnik kimi çalışıb.

 - Hərbi xidmətdən qayıtdıqdan sonra mənim də məqsədim Dövlət Neft Şirkətində işə düzəlmək idi. Atam bunun üçün hər hansı bir peşəyə sahib olmağın şərt olduğunu bildirdi. ARDNŞ-nin Təlim, Tədris və Sertifi­kat­laş­dırma İda­rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin yaradılması xəbərini də elə valideynlərimdən aldım. Hazırda təqaüddə olan valideynlərim uzun müddət “Azərikimya”nın Etilen-polietilen zavodunda çalışıblar. Süfrəmizdə həmişə gərgin iş və halal zəhmətlə qazanılan çörək olub.  

Düzünü deyim, Sumqayıtda belə bir Təlim-Tədris Mərkəzinin yaradılmasına çox sevindim və böyük məmnuniyyətlə sənədlərimi təqdim etdim. Test imtahanından və müsahibədən müvəffəqiyyətlə keçərək, təmirçi-çilingər ixtisası üzrə təhsil almağa başladım. Artıq 10 aylıq təhsil arxada qalıb və ikinci aydır ki, 4-cü dərəcəli təmirçi-çilingər kimi “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ava­dan­lıqlarının təmiri sahəsində çalışıram. Burada çalış­mağımız üçün hər cür şərait yaradılıb. Xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşuq. Təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmışıq. Rəhbərliyin diqqət və qayğısını daim üzərimdə hiss edirəm. Əmək fəaliyyətinə başla­dığım ilk günlərdən etibarən mənə mənəvi dəstək olan sahə rəisimiz Adil Behbudova, mexanik Ağasadıq Cabbarova təcrübəli məsləkdaşım,  bu sahədə uzun illlərdən bəri çalışan Zirəddin dayıya dərin minnətdarlığımı bildirirəm.

2 ildir ki, ailəliyəm, Cavidan adında bir övladım var. Sabaha böyük ümidlərlə baxıram. Boş vaxtlarımda çoxlu kitab oxuyur, internetdən istifadə edir, ali məktəbə hazırlaşıram. Futbolla və üzıüçülüklə məşğul oluram. Gələcəkdə ali təhsilli kadr kimi ARDNŞ-in strukturlarının birində karyeramı möhkəmlətmək, öz işimlə, əməlimlə Vətənimə, millətimə fayda vermək istəyirəm.

 

 4. Əliyev Nüsrət Qərib oğlu

Eliyev Nusret - 427 aprel 1991-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 2009-cu ildə Sumqayıt şəhər 21 saylı orta məktəbi bitirib. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayına kimi vətənə xidmət borcunu yerinə yetirib.

- Hərbi xidmətdən qayıdan kimi Sumqayıtda qapı-pəncərə sexində işə düzəldim. Eyni zamanda müqaviləsi, sığortası olan daimi iş yeri axtarmağa, iş elanları ilə maraqlanmağa başladım. Çünki işləməyə çox ehtiyacım vardı. Ancaq hər hansı bir peşənin sahibi olmadığımdan istəyimə nail ola bilmədim. Bir dəfə «socar.az» saytında ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaş­dırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin elanına rast gəldim. 10-cu sinfi bitirmiş, hərbi xidmətlərini başa vurmuş gənclər neft-kimya sənayesində ehtiyac duyulan peşələr üzrə təhsil almağa dəvət edilirdilər. Şərtlər də çox əlverişli idi. Ən əsası isə mərkəzdə təhsil aldıqdan sonra daimi işlə təmin edirdilər. Fikirləşmədən qərarımı verdim. Test imtahanlarından və mü­sahibədən müvəffəqiyyətlə keçərək 10 ay təhsil aldım və aparatçı ixtisasına yiyələndim.

İndi 2 aydır ki,  “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun piroliz qazının sıxılması və təmizlənməsi sahəsində 4-cü dərəcəli ayırma aparatçı kimi çalışıram. Zəhmətkeş ailədə böyüdüyümdən işin çətinliyi məni qorxutmur. Ətrafımdakı insanların səmimi münasibəti, mehribançılığı məni daha yaxşı işləməyə sövq edir. Mənə daima dəstək olduğuna görə sahə rəisimiz Elşən Hüseynova, bu peşənin sirlərini mənə öyrədən təcrübəli aparatçı İlham Hacıyevə minnətdaram. Bir neçə aydır ki, ailə həyatı qurmuşam. Sevinirəm ki, həm daimi işim var, həm də ailə büd­cəsinə xeyrim dəyir. Eyni zamanda, idmanın cüdo növü ilə məşğul oluram. Bir sıra yarışlarda iştirak etmişəm. Arzum Bakı Neft Akademiyasında  ali təhsil almaqla Dövlət Neft Şirkətində karyeramı inkişaf etdirməkdir.

 Rafiq Oday, Əməkdar jurnalist

 Vüqar Abdullah (foto)

 

Rejissor uchun chox filme baxmaq zererlidi yaxhsi budur ki heyata diqqetle baxsin etrafa yeni

Facebook Şərhləndirmə:

Şərhinizi yazın