Menu
Geri İrəli

Xanım tamada: “Həyat yoldaşım tələbədir” – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

516748SumqayitXeber.com xəbər verir ki, tanınmış şairə, xanım tamada Nazilə Səfərli bu günlərdə musavat.com-un qonağı olub. Onunla müsahibəni təqdim edirik:

- Nazilə xanım, sanki, görkəminizdə bir dəyişiklik var…

- Son zamanlar mən gözəlliyimə pul xərcləmirəm. Yəni belə alınıb ki, saç baxımım, saç rəngləməm, bütün hamısı mənim üçün təmənnasızdır. Reklamla işləyirəm, özləri dəvət edirlər. Hərdən dəvətlər o qədər çox olur ki, seçim etmək məcburiyyətində qalıram.

- Yəqin ki, siz də bunu sosial şəbəkədə reklam edirsiz…

- Bəli, paylaşıram və deyəsən, xeyrini görürlər.

- Daha çox hansı sosial şəbəkədə aktiv olursuz?

- “İnstaqram”da. Burada 18 min izləyicim var. Bir dəfə izləyicilərimin sayı 100 minə çatdı və mən buna çox sevindim. Tanımadığım bir insan isə dedi ki, “profili açıq qoyanda 100 də gələr, 200 də”… Mənim sözüm acıdır, dedim ki, “profilə çılpaq şəkil qoyub paylaşmaqla sənət paylaşmağın fərqi var”. Mən çalışıram ki, doğru yaşayım, mənə görə yoldaşıma, oğlanlarıma söz gəlməsin.

- Bəzən sənətkarlar sosial şəbəkədə tənqidlərlə yanaşı, təhqirlərlə də rastlaşırlar. Sizə qarşı da bu cür hallar olubmu?

- Çox olur. Əvvəllər buna aqressiya göstərirdim. Sonra baxdım ki, dəyərmi, özünə hörmət qoyan insan belə sözlər yazarmı? Bu halda həmin şəxsləri bloka atıram, onlar mənim səhifəmdə qalmağa layiq deyil. Düşünürəm ki, bu işi onlara gördürürlər. Ola bilsin ki, tərəf müqabillərimdir, məni gözdən salmağa çalışırlar və yaxud da qısqanclıqdan edirlər. Sonuncu bu cür şərhlərin birində yazılmışdı ki, “bu qadını görəndə elə bilirəm ki, mən qazanıram, bu yeyir”. Mən də yazdım ki, “nəinki mənə, hətta sizin doğmalarınıza belə, sizin qazancınız qismət olmasın” (gülür).

- Son zamanlarda sənətçilər toy böhranından, xınayaxdı məclislərinin isə ümumiyyətlə, olmamasından şikayətlənir. Sizdə vəziyyət necədir, sifarişlərdən razısız?

- Bizdə də hamı kimidir. Amma belə yaxşıdır. Çünki axı ay başınıza dönüm, xına evdə olar. Xına qızın atası evində olar, bu, sonuncu gecə, mərasimdir. Xınası yaxılan qız gözəllik salonlarında, gəlinlik “primerkalar”ında gəzməz. Xınası yaxılan qız atasından, qardaşından gizlənər, həya edər. Amma xına bu gün yaxılır, gəlin hələ bir həftə gəzir. Çünki xınayaxdı məclislərini otellərdə, restoranlarda keçirirlər. Sənə kim deyir ki, yemək stoluna 3 cürə yemək qoy, bütün qohum-əqrəbanı çağır. 10 rəfiqənlə xına gecəsi keçirt də… Bu, vida məclisidir, subaylığa vida, ana ilə balanın qopma, halallaşma anıdır. Bəziləri var ki, bir ay əvvəldən xınayaxdı edirlər. Belə olması yaxşı oldu. Həm də bəzi xına şirkətlərinin ağlı başına gələr. Bəli, məvacib baxımından mən özüm bir qədər yuxarı çəkirəm. Çünki mən onların tayı olmaq istəmirəm. Sumqayıtda bir restoran var, orada aşpaz isti yeməyin axırıncısını süfrəyə verəndə paltarını dəyişib gəlir məclisə qızın əlinə xına yaxır. Belə olmaz ki… Bu rəzilliyə son qoyulmalıdır. Mən 2003-cü ildən toy aparıram və xınayaxdı məclisi keçirmək mənim üçün adidir. Bəs niyə başqa-başqa sənətlərdən gələnlər axışıb gəldi, nə var idi ki, burda? Adətləri pozaraq, kitab dilindən kənar müraciətlər və sair… Bir dəfə məclislərin birində aparıcı qaynanaya deyib ki, “bağışlayın, amma gəlib üzünüzə deyəcəm, qızın anası sizdən gəncdir e”. Qadına belə söz demək olarmı, özü də qaynanaya…

- Bəs kim tamada ola bilər?

- Söz yükü çox olan, ən azı 200 şeir bilən adam tamada ola bilər. Mən demirəm ki, məclisi poeziya gecəsinə çevirsin. Amma məqamı gələndə sitat gətirməyə gücü olsun, “ı”, “a” deyib mikrofonda fikirləşməsin, sözü bitəndə yalandan olaraq onu gülməklə bağlamasın. Sözün meydanı var, əgər bacarırsa meydana girsin, heç olmasa aforizmlər bilsin. İki yol var, ya zəkanla, ya da görüntünlə tutuzdurmalısan. İkisi bir yerdə olsa daha yaxşı olar.

“Madam ki, toylarımız bu qədər bərbaddır, arvadlarınızı niyə toya aparırsız?”

- Bəs kişi tamadalar ilə xanım tamadaları arasında hansı fərqliliklər var?

- Söz yükü olanda heç bir fərq yoxdur. Mən yeni başlayanda məni topa-tüfəngə tutan çox oldu ki, qadından tamada olmaz. Rəhmətlik Alqayıt müəllim deyirdi ki, “nəsildə bir kişi yoxdurmu onun qabağına arvad çıxartmısız, bunun sərxoşu, içkilisi var” və sair… Bu cür sözlərlə çalışırdı ki, məni toy bazarından çıxartsın. Alqayıt müəllim o sözləri birbaşa efirdən demişdi. Mən də iki il idi ki, toy bazarında idim, çəkinirdim, fikirləşirdim ki, Alqayıt kimi nəhəngə cavab verərəm, millət də məni qınayar. Bircə onu dedim ki, “Alqayıt müəllim, madam ki, toylarımız bu qədər bərbaddır, arvadlarınızı niyə toya aparırsız?”

- Amma əvvəllər də xanım tamadalarımız olub axı…

- Onlar tamada deyildi, sərpayılar idi. Onların xüsusi nitqləri də olmayıb, hərdən bir-iki nəfər gözaydınlığı verər, ümumilikdə toyu təşkil etməklə məşğul olublar. Bizdə Gürcüstanda o vaxtı onlara toybabaçı deyərdilər. Əllərində çubuqla nəzarət edərdilər, meydan açılsın, camaat rahat oynasın.

- Xanım tamadalardan kimləri özünüzə rəqib bilirsiz?

- Rəqib bildiyim yoxdur.

- Bəs bəyəndiyiniz?

- Nərgiz Cəlilovanı bəyənirəm.

- Bir neçə kitabınız işıq üzü görüb, gözəl şeirləriniz var, amma hələ də AYB-nin üzvü deyilsiz. Səbəb nədir?

- Qurumdan bildirildi ki, hansısa sənədləri toplamalıyam. Mənim də sənəd toplamaq həvəsim yoxdur, sənədlər qarşı bir qədər laqeydəm. Hətta bir dəfə evimin “kupça”sını itirmişdim, bilmirdim ki, hara qoymuşam.

- Məclislərdə daha çox hansı mövzuda şeirlər səsləndirirsiz?

- Məclisə, onun tələbinə baxıram. Xınalar əslində məni bir qədər ləngidib, qadınlar məndən çox da şeir istəmir. Ən gözəl adətlər Bakı kəndlərinin toylarında qalıb. Mən o toyları çox sevirəm. Həmin toylarda sırf kişi toyuna getmişəm. Çünki qız toyunda heç nə nümayiş etdirmək olmur. Arvadların hamısı oynamaq, şıdırğı atlanıb-düşmək istəyirlər. Amma kişi toyunda ağsaqqal, böyük-kiçik bilinir. Özü də ki, ruhun qidası ilə mədənin qidasını qatışdırmırlar. Yemək yemək istəyən başqa çadıra, musiqi dinləmək istəyən digər çadıra gedir. Musiqi olan çadırda hərənin qarşısında yalnız bir stəkan çay ola bilər və cüzi miqdarda şirniyyat… Onların qarşısında imtahan verirsən, sən onların qarşısında səhv edə, çaşa bilməzsən. Onlar muğamı, aşıq havalarını çox sevirlər.

- Amma, deyəsən, şəhərdə dediyiniz bu cür aşıq havalarına, muğam ifalarına o qədər maraq yoxdur, hətta bəzən şikayətlənənlər də olur ki, “toyda muğamın, aşıq havalarının yeri deyil”…

- Hər kim ki, toyunu əvvəldən planlaşdırır, o bilir ki, aparıcısı, oxuyanı, rəqqasəsi kimdir. Həmin toyda artıq-əskik ola bilməz. Hər toy öz sahibinə bənzəyir.

“Allah rusları kef üçün yaradıb”

- Rusdilli məclislərin tamadaları fərqli olur…

- Rusların toyu da qəşəng, tam fərqli olur. Mən bir neçə dəfə rusdilli toy məclisini idarə etmişəm. Allah rusları kef üçün yaradıb…

- Yəni əylənməyi bacarırlar…

- Və yüksək səviyyədə bacarırlar. Onlar müxtəlif oyunlar keçirirlər, məsələn bənzəyir “Bənövşə bəndə düşər”. Onlarda kompleks yoxdur ki, kimsə yıxılsın və yaxud gəlinlə bəy oynayanda yıxılsın. Ruslar olduğu kimidirlər, onlarda maska yoxdur. İndi deyəcəksiz ki, bizimkilərin maskası var? Yox, sadəcə bizimkilərdə kompleks var.

- Bəs bu sənətin sirrini kim sizə aşılayıb?

- Hələ kiçik yaşlarımdan aparıcı olmaq həvəsim olub. 13 yaşımdan ilk şeirimi yazmışam. Daha sonra Gürcüstandan Bakıya köçdük və mən erkən ailə qurdum. Təbii ki, valideynlərimin tövsiyəsi ilə… Ailə qurduqdan sonra düşdüyüm ev yaxşı ev oldu. Mənə təhsil verdilər, sənətimə istiqamətləndirdilər.

- Təhsiliniz nə üzrədir?

- Rusiyada hüquq təsisçisi təhsili almışam.

- Bu sənətinizdən istifadə etdinizmi?

- Yox, heç istifadə etmədim. Elə təhsilimi aldığım zaman toylara getməyə başladım.

- Belə çıxır ki, diplom almaq xətrinə təhsil almısız.

- Oxutdurdular, oxuduq də (gülümsəyir).

- Bir az öncə toylarımızdakı komplekslərdən söz açdız. Maraqldır, övladlarınıza necə toy keçirməyi düşünürsüz? Ənənəvi adət-ənənə ilə, ya müasir, kompleksiz?

- Çox istərdim ki, oğlanlarımın toyu fərli olsun. Ən böyük arzum budur ki, bəylə gəlin toyun ilk rəqsi olan “medlennoe” rəqsini Ruhani saz havasında oynasın. Təbii ki, gəlinim buna razı olarsa, məcbur edə bilmərəm. Şirnikləndirə bilərəm ki, siz mənə bu sevinci yaşadın, mən də sizə başqa sevinci bağışlayım (gülümsəyir). Bilirsiz ki, türklərin, gürcülərin özlərinə məxsus gəlin rəqsləri var. Bizimkilər niyə “medlennoe” oynayır, bilmirəm.

- Bəs toy sahiblərinə bu barədə fikrinizi bildirmisiz?

- Gərək ilk mən edəm, paylaşam, sonra onu insanlar görə… Əgər mən hansı gəlinə Ruhani havası desəm, deyəcək ki, “bu, geridə qalmış hardan mənim qarşıma çıxdı”, ara yerdə toyumu da itirəcəm, mənə lazımdır? (gülür).

“Pünhan, salamat qal” deyib, çıxdım aradan”

- Toylarda xoşagəlməz olaylarla rastlaşmısız?

- Əvvəllər toylarda çox dava düşərdi. Amma indi belə şeylər azalıb. Bir dəfə Tovuzun Köhnəqala kəndinə toya dəvət etmişdilər. Toyun da tamadası Pünhan İsmayıl, oxuyan isə Əflatun idi. Mən orda tamada ilə ara-sıra deyişməli idim, yəni toyun məsuliyyətlisi mən deyildim. Toya dəvət edən insan da dedi ki, “mənim uçuşum var, gedirəm” və haqqımı verib, hallalaşıb getdi. Təsəvvür edin ki, pulumu alıb rahatca əyləşib, məqam gözləyirəm ki, mənə də söz verilsin. Səhnənin arxasındakı qapı da şüşədən idi və arxa tərəf görünürdü. Bir də gördüm ki, Pünhan şeir deyir və arxada bir nəfər kiminsə başına butulka ilə vurdu, onun da başından qan axır. Pünhan bunu hiss etdi və şeirini dayandırmadı ki, səs gəlməsin. Dava o qədər qızışdı ki, camaat evin arxasına doğru axışmağa başladı. Bir dava qopdu ki, bir-birilərinə stul atırdılar. “Pünhan, salamat qal” deyib, çıxdım aradan… Sonra məlum oldu ki, tərəflər barışıblar, toy davam edib. Amma həmişə toyda dava düşəndə musiqiçiləri, tamadanı şahid aparırlar. Dava edənlər axı, bir-birilərini tanıdıqlarından satmırlar, amma biz yadıq, bizi şahid aparırlar, bizə lazımdır bu? (gülür). Ona görə də dava düşən kimi uzaqlaşıram.

- Ailəlisiz, iki övladınız var, sənətiniz evdə narazılıqlar yaratmır sizə?

- Mənə ən böyük dəstək həyat yoldaşımdan gəlir, əsas odur ki, mənim günümü qara etmir. Eləsi var ki, arvadı məclisdən çıxan kimi əlindən pulu alır. Yəni, eşidirik, görürük. Bir aşıq qızımız var, ona dedim ki, “pulun hamısını aparma, çətin gününə də pul yığ”. Dedi ki, “məclisdən çıxan kimi həyat yoldaşım bütün pulu məndən alır. Alıb ev tiksə nə gözəl, alıb içkiyə verir”. Dedim ki, “ya pulu gizlət, ya da mənə ver saxlayım”. Lakin mənə nədənsə etibar etmədi və pulu çantasının gizlin yerində saxladı. Səhəri gün yoldaşı pulun yerini tapıb və deyib ki, “pulu niyə burda gizlədirsən”, axtarıb tapıb. Yəni, belə kişilər də var. Amma mənim həyat yoldaşım bir dəfə də olsun, mənim nə qədər qazandığım barədə sual verməyib. Bir dəfə də olsun maliyyə və “gecə niyə gec gəldin” kimi problemlər yaşamamışam. Hətta mən qabaqdan gəlmişlik edirəm ki, “bu vaxt arvad evə gələr?”. Yəni demək istəyirəm ki, sən də bir qədər qoçaq ol. O, isə deyir ki, “lüks həyatı sən arzulayırsan və sən zəhmət çəkirsən, mənə bir pencək 5 il bəsdir, bu cür rahatam”. O, xoşbəxtdir ki, biz onun yanındayıq.

- Bir çox sənətkarlar artıq özləri üçün kiçik də olsa biznes qurmağa çalışır…

- Mən hər şeyi sıfırdan başladım. Ancaq oldu ki, özümə avtomobil, ev aldım, övladlarımı oxuduram, evdə üç tələbə var. Həyat yoldaşım da tələbədir, o, 4-cü kursda, böyük oğlum 3-cü kursda, kiçik oğlum da liseydə oxuyur. Özünüz də bilirsiz ki, liseyin təhsil haqqı çox bahadır. Mən ancaq onları çatdırıram. Yoldaşım da dövlət işçisidir və onların da maaşı o qədər də çox deyil. Amma dünən maaşının nə qədər olduğunu soruşdum və gördüm ki, yox, qazancım olmasa, bizi idarə edə bilər (gülür).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın