Menu
Geri İrəli

Yaddaşlarda davam edən ömür və ya yeni sumqayıtlı nazir müavinini daha yaxından tanıyaq

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2016 • Baxış sayı: 656 dəfə • Şərh yoxdur


1467459890_225_0xcbt8kbcau0Məlum olduğu kimi Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub. Yeni Nazir müavinin sumqayıtlı olmasını və sosial şəbəkədə onun şəxsinə olan marağı nəzərə alaraq Emin Hüseynovu, onun böyüdüyü ailəni yaxından tanıyan Sumqayıtlı ziyalı, uzun illər müxtəlif istehsalat sahələrində rəhbər vəzifələrdə çalışmış Süleyman Hüseynovla görüşdük. Süleyman müəllim Emin Hüseynovun atası Zamin Hüseynovun kimya sənayesinin inkişafındakı rolu ilə bağlı maraqlı məlumatları bizimlə bölüşdü.

Zamin Mirəli oğlu Hüseynov 1938-ci il noyabr ayının 12-də Lənkəran rayonunun Boladi kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1946-cı ildə Boladi kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1956-cı ildə həmin orta məktəbin 10-cu sinfini bitirmişdir.

Zamin Hüseynov 1956-ci ildə Azərbaycan Sənaye İnstitutunun (İndiki Neft Akademiyası) neft-kimya fakültəsinə daxil olmuş və 1961-ci ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.

Zamin Hüseynov institutu bitirdikdən sonra təyinatla Sumqayıt şəhərindəki “Sintetik-kauçuk” zavoduna göndərilmiş və bu müəssisədə texniki avadanlıqların təmiri sexində usta və qurğu mexaniki vəzifəsində işləmişdir.

Zamin Hüseynov 1963-cü ilin noyabr ayında Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının qərarı ilə Sumqayıt “Superfosfat” zavodunun dənəvər superfosfat sexinə mexanik göndərilmiş və 1965-ci ildə həmin sexin rəisi təyin olunmuşdur. 1967-ci ildə “Superfosfat” zavodunun partiya üzvlərinin yekdil səsverməsi nəticəsində zavod partiya təşkilatının katibi seçilmişdir.

Zamin Hüseynov 1968-ci ildə Azərbaycan SSR Sənaye-Tikinti Materialları Nazirliyi tərəfindən Sumqayıt Polimer-Tikinti Materialları Kombinatının baş mühəndisi vəzifəsinə irəli çəkilmişdir. 1971-ci ilin sentyabr ayında isə keçmiş SSRİ Kimya Sənayesi Nazirliyinin qərarı ilə Sumqayıt “Superfosfat” zavoduna direktor təyin edilmişdir.

Təşkilatçılığını, bacarığını və idarəetmə təcrübəsini nəzərə alan SSRİ Kimya Sənayesi Nazirliyi 1974-cü ildə Zamin Hüseynovu “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin etmişdir.

1978-ci ildə SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyası açılır və bura təsərrüfatın bütün sahələrindən ən perspektivli, rəhbər vəzifədə çalışan gənc kadrların qəbulu keçirilir. Azərbaycan üçün ayrılan iki yerə 100-ə yaxın namizədin içindən Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və təkidi ilə Zamin Hüseynov da daxil edilir.

Zamin Hüseynov SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasında təhsil aldığı dövrdə ona Azərbaycan SSR-nin Dövlət mükafatı təqdim edilir. Dövlət mükafatının təqdimetmə mərasimində Ulu öndərimiz Heydər Əliyev ona söyləmişdir: “Təbrik edirəm! Amma yadda saxla ki, bu hələ avansdır. Bunu Akademiyadakı təhsilin, sonrakı fəaliyyətinlə doğrultmalısan. Səni böyük işlər gözləyir. Biz də səni gözləyirik”.

SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasınin “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini əla qiymətlərlə bitirən Zamin Hüseynov 1980-ci ildə doğma vətənə qayıdır. Həmin vaxt “Sumqayıtkimyasənaye” istehsalat birliyi artıq ləğv edilmişdir. Zamin Hüseynovu qəbul edən Ulu Öndərimiz Heydər Əliyev ona Sumqayıt “Sintetik kauçik” zavoduna rəhbərlik etməyi tapşırır. “Hələ bu zavodu dirçəltməlisən. Orada yeni istehsalat – EP-300 qurğusunun tikintisini başlamalıyıq. Bakını zəhərləyən bu “Qara şəhər”in tüstüsü təmizlənməlidir – deyə əlilə indiki Xətai rayonuna işarə edir. – Bu, ən vacib məsələlərdən biridir. Sonrasına baxarıq. Lakin unutma, etimadı doğrultmasan, Akademiya da sənə kömək etməz”.

Zamin Hüseynov “Sintetik kauçik” zavoduna direktor təyin ediləndən az sonra həmin zavodun bazasında “Sintezkauçuk” İstehsalat Birliyi yaradılır və o baş direktor kimi 1994-cü ilədək bu müəssisəyə rəhbərlik edir. 7 səmərələşdirici təklifin, 5 elmi ixtiranın müəllifi olan Zamin Hüseynov keçmiş SSRİ məkanında da böyük nüfuz qazanır. O, SSRİ neft-kimya sənayesinin direktorlar şurasının sədri seçilir.

Zamin Hüseynov son illərdə “Azərkimya” Dövlət Şirkətinin aparatında məsul vəzifədə çalışmış, kimya zavodlarının səmərəli işləməsində fəalliq göstərmişdir.

Bütün mənalı və məzmunlu ömrünü Azərbaycanda kimya sənayesinin inkişafına, yeni-yeni gənc mühəndis kadrlarının yetişməsinə həsr edən, heç zaman işin çətinliyindən qorxmayan Zamin Hüseynov əmək cəbhəsində, yeni-yeni qurğu və aparatların işə düşməsində göstərdiyi rəşadət heç vaxt unudulmamışdır. Onun yorulmaz fəaliyyətinə yüksək qiymət verilmiş, Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri, medallar və Azərbaycan Respublikasının Prezidentinin fəxri fərmanı ilə təltif edilmişdir.

1964-cü ildən partiya sıralarında olan Zamin Hüseynov 1967-ci ildə Sumqayıt şəhər Partiya Komitəsinin plenum üzvü. 1974-cü ildə Azərbaycan KP-nin plenum üzvülüyünə namizəd seçilmişdir. 1969-1995-ci illərdə Sumqayıt şəhər XDC-nin deputatı, Kimya və neft-kimya sənayesi işləri Pespublika Həmkarlar Komitəsi Rəyasət Heyətinin üzvü seçilmişdir.

Zamin Hüseynov işdə, təhsildə, elmdə və rəhbər vəzifələrdə olduğu kimi, ailədə də çox mehriban, qayğıkeş və səmimi idi. Onun təlim-tərbiyəsi ilə boya-başa çatan iki oğlu və iki qızı da atalarının yolunu inamla davam etdirərək nümunəvi gənc mütəxəssis kimi yetişmişlər. Bu günlərdə möhtərəm Prezident İlham Əliyev cənablarının fərmanı ilə Azərbaycan və Amerikada təhsil almış, həmçinin Harvard Universitetinin məzunu olan oğlu Emin maliyyə nazirinnin müavini təyin edilmişdir. Həyat yoldaşı Südabə xanım da indi nəvələri Zamin ruhda tərbiyə etməyə çalışır,tez-tez onlara babaları haqqında xatirələrini danışır. Zamin müəllim deyərdi: “Həyat mübarizədir. Mübarizədən qaçmaq isə kişilikdən deyil”. Dostları, iş yoldaşları onun ən çətin məqamlarda əsl kişilik nümunəsi göstərdiyinin çox şahidi olmuşlar. Yenicə istehsala buraxılmış EP-300 qurğusundakı böyük yanğın zamanı şəxsən odun-alovun ağzına atılması da əsl kişilik nümunəsi kimi yaddaşlarda qalıb. O həm də azadlıqsevər bir insan idi. Azadlıq nə deməkdir sualına belə cavab verərdi: “Klassik formada desəm, azadlıq – öz hərəkətinə düzgün qiymət verməkdir. Vətəni sevmək azdır, vətənə sədaqətlə qulluq etmək lazımdır. Azadlıq budur”. Zamin Hüseynov kimi əmək fədailərini – ömrünü, gününü, bütün qüvvə və bacarığını bu xalqın, bu elin işıqlı gələcəyi naminə sərf edən adamları düşünəndə hər zaman yadıma böyük şairimiz S.Vurğunun bu misraları düşür:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirə tək qalacaqlar dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Zamin müəllim çox qısa ömür yaşadı – cəmi 62 il. Mübariz və şərəfli bir ömür. Lakin Emil Zolyanın fikrilə desək – “Ən böyük həqiqət zəhmətdir, həyatın bütün nəşəsi yaradıcılıqdır, yaratmaq ölümü öldürmək deməkdir”. Zamin Hüseynov da ölümünə məhz belə qalib gəldi. Yaddaşlarda yaşayaraq. Ruhu şad olsun!

1467459968_9k6lgqsa7ujo

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın