Menu
Geri İrəli

“Yasda Səfər Əbiyevin yolunu gözlədik…” – Reportaj

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur
Share Button

12200654_997128206995350_1774339816_n-738

Bu evə 3 il əvvəl gəlmişdim, İlqar Verdiyev şəhid olanda… Yaşasaydı, sabah 40 yaşı olacaqdı, anası Rəna xanımla şəhid mayorun fotoları ilə bəzədilmiş otağa daxil oluruq…Nə az, nə çox 3 il…Rəna ana isə 3 ildə heç bir şeyin dəyişilmədiyini deyir, təkcə fərq İlqarın yoxluğundadır:

“Adam həyat yoldaşını itirəndə övladları ilə başını qatır, amma övlad itkisini heç kim əvəz etmir, heç nə ilə bu dərdi ovutmaq olmur. Səsi qulağımda cingildəyir. Elə bilirəm bu otaqda yaşayır, ayda bir dəfə çıxıb təmizləyirəm…”

Rəna xanım şəhid oğlunun gah uşaqlıq, gah tələbəlik, gah da cəbhə xatirələrini bölüşür. Hər dəfə İlqar deyəndə ah çəkməsi, gözlərinin yaşarması, başını aşağı salıb qəfil dik tutması diqqətimizdən qaçmır. O, oğul itirib, canının bir parçasını…

Səfər Əbiyevi əsəbiləşdirən yazı…

İlqar Verdiyev sıradan bir zabit deyildi, eyni zamanda jurnalist idi. O, bir neçə il Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib və demək olar ki, bütün jurnalistlərlə tanış idi. Və bir gün qəfil əmrlə mayor Verdiyev ön cəbhəyə göndərilir. Verdiyevlər ailəsi hələ də bu ani əmrin səbəbini bilmir: “Ramiz Məlikov Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olanda İlqar işə başladı. Daha sonra Ramiz Məlikov (Duyğu) 2007-ci ildə yaş həddi ilə bağlı istefaya göndərildi. Onu Eldar Sabiroğlu əvəzlədi. İlqarın yeni rəisi ilə də münasibətləri normal idi. Nə oldusa, bir yazıdan sonra baş verdi. O yazının İlqarla heç bir bağlılığı yox idi. Hətta o yazının müəllifi də deyirdi ki, İlqarı o yazıya görə cəzalandırıblar”.

Oxucuların diqqətinə çatdırırq ki, həmin yazı Eldar Sabiroğlunun keçirdiyi mətbuat konfransı ilə bağlı olub və “24 saat” qəzetində yayımlanıb. Yazı isə nə müdafiə naziri Səfər Əbiyevin, nə də mətbuat xidmətinin yeni rəhbəri Eldar Sabiroğlunun xoşuna gəlib. Nəticədə, İlqar Verdiyev həmin qəzetin əməkdaşını konfransa dəvət etdiyi üçün cəzalandırılıb. Maraqlıdır ki, mayor Verdiyevin cəzası bununla bitmir. Goranboya gedən kimi xəbər gəlir ki, bəs yeni vəzifəyə keçməsi üçün rütbəsi aşağı salınmalıdır və mayor İlqar Verdiyev yenidən kapitan olur…

“Dedilər, get cəbhəyə cəzanı çək…”

Şəhid anasının sözlərinə görə, İlqar ixtisasca mühəndis–istehkamçı olsa da, Goranboya bölük komandiri təyin olunur: “Bu vəzifə də rütbəsinə uyğun olmadığı üçün aşağı salıblar. Nə olsun, kapitan etsələr də, bütün əsgərlər ona “mayor” deyirdi. Yasına əsgərlər gəlmişdi. Deyirdilər ki, İlqar “qəlbimizin generalıdır”. Qoy general olanlar bu barədə düşünsün… İlqarın rütbə məsələsi hələ də qeyri-müəyyən olaraq qalır, biz də bilmirik. O, 14 yaşından hərbidədir. Əgər günahı var idisə, Hərbi Prokurorluğa verərdilər. Hərbi təlimdə idi, əmri verilmişdi. Qayıdanda dedilər ki, cəbhəyə gedirsən. Axşam orda olmalısan. O da əmrə tabe idi. Gecə ilə getdi. Bizə heç nə demədi. Biz heç vaxt oğlumuz ön cəbhəyə niyə getdi demirik? Cəbhə, bu torpaq hamısı bizimdir. İlqar getməlidir, hamı getməlidir də… İlqar Türkiyədə təhsil almış ilk azərbaycanlı zabitlərdəndir. “Qüsursuz xidmətə görə” üçüncü dərəcə medalı ilə təltif olunmuşdu…Bəs rütbəsi niyə aşağı salındı? İlqara deyiblər ki, get cəzanı çək. Necə olur İlqarı cəbhəyə göndərirsiz, deyirsiz ki, get, cəzanı çək. Bəyəm ön cəbhə türmədir? İlqar adam öldürüb? Necə hərbçisən ki, zabiti göndərirsən, ona belə söz deyirsən. Bir vicdanın olsun…”

“Yasa nə Səfər Əbiyev gəldi, nə də Eldar Sabiroğlu…”

Rəna Verdiyeva deyir ki, İlqar minaya düşəndə nə Səfər Əbiyev, nə də Eldar sabiroğlu yasda iştirak edib: “İlqar mətbuat xidmətində işləyəndə bir müddət Ramiz Məlikov müalicə aldığı üçün onu əvəzlədi. Müntəzəm olaraq Səfər Əbiyevlə bütün rəsmi görüşlərdə iştirak edirdi. Şəhid olanda heç bir münasibət bildirmədilər. Ancaq İcra Hakimiyyətinə dəfnlə bağlı kömək üçün tapşırıq verilmişdi. Baxmayaraq ki, nazirlə illərlə bir yerdə işlədi, Səfər Əbiyev onu şəxsən tanıyırdı, amma reaksiya vermədi. Biz valideyn kimi onu gözlədik…

Yeri gəlmişkən, Səfər Əbiyev postundan kənarlaşdırılandan sonra İlqar Verdiyev prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. İndi ailəsi ümidlə gözləyir ki, onun rütbəsi də bərpa olunacaq.

Küçəyə adını vermədilər…

Şəhid anası deyir ki, bundan sonra edilən heç bir şey İlqarı geri qaytarmayacaq: “Amma o haqsızlığa məruz qalıb. Biz ailəsi olaraq sadəcə istəyirik oğlumuzun haqqı geri qaytarılsın. Keçən il Zakir Həsənovun müavini Kərəm Vəliyev medalı ailəsinə təqdim edərkən atası bu barədə ona danışıb. O da deyib ki, baxılacaq.

Ailəsindən söz düşmüşkən İlqar Verdiyevin xanımı üç uşağı ilə atasıgildə qalır və bu yaxınlarda yoldaşı Dilarə Verdiyevaya nazirlikdən deyilib ki, evlə bağlı adları siyahıya salınıb, nə zaman veriləcəyi isə hələ ki, məlum deyil.

Rəna ana ilə söhbətimizdə bəlli olur ki, İlqar Verdiyev şəhid olanda qonşular Bakı meri Hacıbala Abutalıbova küçəyə onun adının verilməsi ilə bağlı müraciət ediblər. Amma ordan da müsbət cavab almayıblar: “Qonşular istəyirdi ki, küçələri şəhid adını daşısın, amma dedilər gərək Milli qəhrəman olsun, ya da iki medalı… İlqara isə ölümündən sonra medal verildi”.

“Zahirin hərəkəti İlqarın ölümündən çox yandırdı məni…”

O məlum tarixdən İlqar Verdiyevin minaya düşdüyü gecədən danışmaq istəməsək də, Rəna ana demək olar ki, hər gün o günü xatırlayır: “Hadisə iyunun 9-dan 10-a keçən gecə saat 1-2 radələrində baş versə də, biz bu barədə iyunun 10-u günorta saatlarında bildik…Onu görəndə gözündən öpdüm, gördüm ki, üzünün rəngi birtəhərdi, düşündüm, yəqin, yanıb… Həkim dedi, 3 gün keçsə, təhlükə sovuşar, sonra “5 gün” dedi. Axırda dedi, 7 gün yaşasa, deməli, İlqar bizimdir. Elə 7-ci gün öldü…”

Mən də 3 il əvvəlki söhbətimizdə İlqar Verdiyevin atası Tapdıq dayının “İlqarı dəfn etdiyimiz torpağı özümüzə almışdıq ki, uşaqlar əziyyət çəkməsin” fikrini xatırladım. Rəna ana deyir ki, əslində həyat yoldaşı çoxdan qəbiristanlıqdan torpaq almaq istəyirdi: “Elə o zaman qarşı çıxdım ki, alma, düşər-düşməzi olar. Sonra ikinci oğlum dedi ki, bəs bir dostunun atası öləndə çox çətinliklə torpaq tapıblar. Bu söz yadımda qaldı, Tapdıq da torpaq alanda daha heç nə deyə bilmədim. Fikirləşdik ki, uşaqlar biz öləndə əziyyət çəkməsin. Atası 3 dəfə əməliyyat olunub xərçəng xəstəsi idi. Deyirdik o gedəcək, o yaşadı, İlqar getdi…Hardan biləydik bizə yox, ona qismət olacaq. Bala itirmək çox çətindir”.

“Mənə İlqarın ölümündən çox onunla bir yerdə minaya düşən Zahir Məmmədovun hərəkəti yandırdı. Hadisəni bir İlqar görüb, bir də Zahir. Ona zəng vurdum, mənə dedi ki, “siz mətbuata pul verib bu məlumatları yazdırmısız”. Bu sözləri Rəna ana kədərlənərək deyirdi. Oğlu ilə bir yerdə minaya düşən kapitan Zahir Məmmədovun sözləri ona çox ağır təsir etmişdi. Deyir ki, Zahir mətbuatda yazılan “İlqar Verdiyev yoldaşını xilas edərkən minaya düşüb” xəbərlərindən sonra bu cür davranmağa başlayıb: “İlqarın yanına xəstəxanaya gedəndə Zahirə də dəydim. Mən balamı qoydum, getdim onun yanına ki, dərdinə şərik olum. Məni elə yaxşı qarşıladı, hətta qardaşı da dedi ki, bundan sorna İlqar da bizim qardaşımız. Sonra bir dəfə zəng vurmadı, gəlib bizə dəymədi…Mən bütün mətbuata necə pul verə bilərəm? Lap İlqar səni xilas etməyib, niyə bir dəfə axtarmırsan ki, İlqarın atası-anası nə oldu? Sən belə deyirsən, şahidlər elə demir axı. Birinci, minaya sən düşmüsən, İlqar gəlməyə də bilərdi, canını qoruya da bilrədi. Xilas etməyə bilərdi…”

Məzarın üstündəki naməlum 40 gül…

Rəna ana ilə sağollaşarkən gözümüzə otaqdakı pianino dəyir. Məlum olur ki, İlqar həm də gözəl pianino çalırmış… Bu evdə İlqarın təkcə xatirəsi deyil, eyni zamanda davamçısı da var. Verdiyevlərin kiçik oğlu Samir də qardaşı kimi hərbçidir. Rəna Verdiyeva deyir ki, Samirin də hərbçi olmasını istəmirmiş:

“ Deyirdim bir evdən ikinci olmasın. Onun təzyiqi ilə qardaşı da hərbçi oldu… Mən şəhid olan bütün əsgərlər üçün pis oluram. İlqar keçinəndə dedim ki, qoy mənim oğlum bu ölkənin sonuncu şəhidi olsun..Sabah İlqarın oğlu əsgərə gedəcək, böyük oğlu 7-ci sinifdə oxuyur, amma hələ də hər gün şəhid xəbəri gəlir… Balaca oğlu atasını elə çox görməyib, onun 2 yaşı olanda İlqar cəbhəyə getdi, tez-tez skaypda danışırdılar. Anası çalışır ki, uşaqları bu mövzudan uzaq tutsun, qorxur ki, uşaqlara pis təsir edər…Axı o bacısını da itirib və bacısının bir qızı da ona əmanətdir…”

İlqar Verdiyevin məzarı başında dostlarının qoyduğu Azərbaycan bayrağı dalğalanır, bir də sahibi bilinməyən 40 gül. Ailəsi əmindir ki, o gülləri hansısa əsgəri qoyub, İlqar üçün, mayor, bəlkə, elə general görmək istədikləri “Qüsursuz xidmətə görə” mükafatlandırılan kapitan üçün…

Günel Əbilova

“Yasda Səfər Əbiyevin yolunu gözlədik...” -   Reportaj
“Yasda Səfər Əbiyevin yolunu gözlədik...” -   Reportaj
“Yasda Səfər Əbiyevin yolunu gözlədik...” -   Reportaj
“Yasda Səfər Əbiyevin yolunu gözlədik...” -   Reportaj
“Yasda Səfər Əbiyevin yolunu gözlədik...” -   Reportaj
“Yasda Səfər Əbiyevin yolunu gözlədik...” -   Reportaj

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın