Menu
Geri İrəli

Yəhudi tikdirdi, Mustafa Kamal Atatürkü xilas etdi, indi isə…

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2014 • Baxış sayı: 524 dəfə • 1 şərh
300780_506300780_506Egenin incisi İzmirə gəlib, tarixi yerləri gəzib, “Asansör” deyilən məkandan bu ecazkar şəhəri seyr etməmək nə qədər günahdırsa, özünə qələm əhli deyib bu ecazkar məkandan yazmamaq bir o qədər suçdur. Odur ki, bu tarixi Asansör barədə Azərbaycandakı oxucularımızı da bilgiləndirmək istədim. Xatırladım ki, İzmirin özündə belə bu möhtəşəm tarix barədə xəbərdar olmayan minlərlə insan var.
Asansör haqqında araşdırmaya başlamazdan öncə bu məkanın yerləşdiyi İzmirin Konak rayonunda vətəndaşlar arasında olub fikirlərini öyrənmək istədim. Demək olar ki, əksəriyyət Asansörü sadəcə dayanacaq olaraq tanıdı. Gerçəkdən də, bu şəhərdə “Asansör” adlı bir dayanacaq var.
Asansör İzmiri yuxarıdan müşahidə etmək və bu möhtəşəm şəhərin sehrinə qatılmaq ücün tək yerdir. Dənizdən 55 metr hündürlükdə böyük bir dağın başında qurulan bu Asansör barədə müxtəlif fikirlər səslənir. 1907-ci ildə İzmirin ən köhnə səmtlərindən biri olan Karataşda yəhudi iş adamı Nesim Levi Bayraklıoğlu tərəfindən qurulub bu Asansör (lift). Məlumat ücün onu da deyək ki, Nesim Levi bu gün kitabları dünyada ən cox satılan tanınmış fransız yazarı Mario Levinin babasıdır.
Bəzi deyimlərə görə, Levinin bu qərarı verməsinə səbəb Mithat Paşa prospektindən 55 metr yüksəklikdə olan Halil Rifat Paşa prospektinə getmək ücün 155 pilləkəni cıxmaq məcburiyyətində olan həmşəhərlilərini soyuqda, istidə cəkdikləri əzabdan qurtarmaq olub.
Başqa bir deyimə görə, bu bölgə tarix boyunca daş mədəni kimi istifadə edilib. Və bu səbəbdən də yuxarıdakı Mithat Paşa prospektiylə aşağıdakı Halil Rıfat Paşa prospektinin arasında böyük bir uçurum yaranıb. Türklərin və yəhudilərin yaşadığı bu iki səmt bir-birindən ayrı qalınca türklərin “Karataş nərdivanları”, yəhudilərin isə “Devidasların nərdivanları” dedikləri 155 pilləlik nərdivanlar qurulur. Nərdivanların başında yəhudi əsilli, zəngin Devidas ailəsi, aşağıdakı başlanğıca yaxın bir yerdə isə Nesim Levi Bayraklıoğlunun böyük bir evi yerləşirmiş. Deyilənlərə görə, bir gün ata Devidas nərdivanlardan enərkən yıxılıb ayağını qırıbmış. Bunu bilən Nesim Levi Avropa şəhərlərində gördüklərinə bənzər bir lift inşa etdirmək qərarına gəlir.
İtalyadan və Fransadan gətirdiyi mühəndislərin tikdiyi bu liftin, yəni “asansör”ün binası Marseldən gətirilən kərpiclərlə tikilir. Və bu məşhur lift əvvəllər hidravlik sistemlə çalışırmış.
Hələ də liftin giriş qismində asılan lövhədə fransız və yəhudi dillərində istifadəyə verilmə tarixi 1907-ci il və buranı inşa etdirən adamın Nesim Levi olması yazılıb.
Onu da qeyd edək ki, bu lift 1942-ci ildə izmirli iş adamı Şərif Rəmzi Reyentə satılıb. Fəaliyyətə başladığı gündən satıldığı günə qədər liftdən gələn gəlir Musəvi Xəstəxanasının (indiki Karataş Xəstəxanası) hesabına keçirilib.
Asansörün memarlıq üslubu qalaya bənzəyir. İcində iki lift var. Əvvəllər suyla calışsa da, sonradan liftlərdən biri buxar, digəri isə elektriklə işləyib. 1985-ci ildə aparılan təmirdən sonra buxarla calışan lift də elektriklə calışmağa başlayıb. Asansörün yerləşdiyi ərazidə bir zamanlar dünyaca ünlü musiqiçi, yəhudi əsilli Dario Moreno yaşadığı üçün indi həmin kücəyə onun adı verilib. Liftdə qalxarkən Morenonun ifasında musiqilər səsləndirilir. İzmirin izlənməsi üçün əlverişli şəraiti olan bu Asansör 1992-ci ildən bələdiyyənin balansındadır və 1992-ci ildə o zamankı böyük şəhər bələdiyyəsinin başqanı Ahmet Priştinanın göstərişiylə tarixi əsər qismində bərpa olunub.
114 yaşlı bu bina tarixin çox özəlliklərini özündə yaşadır. Ermənilərin İzmirdə törətdikləri qırğın və 13 sentyabr 1922-ci ildə bu şəhəri yandırmaları zamanı sözügedən “Asansör” sayəsində on minlərlə türkün canı qurtarıldı. Bundan başqa, 1919-cu ildə yunan və ermənilərin İzmirdə həyata kecirdikləri qırğınlar zamanı da bu Asansör türklərin dadına çatıb. İnsanların İzmirin yuxarı məhəllələrində daha təhlükəsiz vəziyyətdə olduğunu bilən yəhudi iş adamı əhalini yuxarı çəkdikdən sonra liftlərin aşağı endirilməsini yasaqlayır. Yuxarı məhəllədə yaşayan bütün yəhudilər ölüm qorxusundan onlara sığınan insanlara evlərinin qapılarını açırlar.
Hətta bəzi deyimlərə görə, Atatürk İzmirin qurtuluşundan öncə yəhudi məhəlləsində bir neçə ay yaşayıb və şəhəri işğaldan azad etmək üçün planlar hazırlayıb. Bundan başqa, onun öldürülməsi üçün göstəriş verənlərin arzusuna çatmamasında da bu Asansörün xidməti az deyil. Belə ki, bəzi mənbələrdəki iddialara görə, bu Asansör sayəsində Mustafa Kamal Atatürkü xilas etmək mümkün olub. Bir sözlə, Asansör təkcə insanların İzmirin yuxarı məhəlləsinə yorulmadan qalxmaları üçün deyil, həm də on minlərlə insanın həyatının qurtarılmasına xidmət edib.
Sevindirici haldır ki, bu gün də Asansör vasitəsilə İzmirin dəniz səmtindən dağlıq səmtinə cəmi 4 dəqiqəyə qalxmaq olur. Avtobusla 45 dəqiqəyə qət ediləcək yol Asansörlə 4 dəqiqəyə gedilir. Hazırda Asansördən çox insan istifadə etməsə də, o civarda yaşayan köhnə izmirlilər hələ də bu liftlərdən yararlanırlar.
Əsasən isə lift turistlərin marağını cəlb edir.
Günün hansı saatında getsən, Asansördə əcnəbiləri görmək olar.
Nigar Borek (İzmir)
Milli.Az
Facebook Şərhləndirmə:

“Yəhudi tikdirdi, Mustafa Kamal Atatürkü xilas etdi, indi isə…” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Söz yox, müəllifin qələmə aldığı mövzü həqiqətən maraqlı bir mövzudur. Və təbii ki, buna görə ona təşəkkür də düşür. Ancaq bununla belə etiraf etmək lazımdır ki, yazının xüsusi redaktəyə ehtiyacı var. Azərbaycan dilinin təmizliyi qorunmayıb. Yeri oldu-olmadı dilimizə xələl gətirən sözlər işlədilib (məsələn: “lift əvvəllər hidravlik sistemlə çalışırmış”. Türk qardaşlarımız belə danışır deyə biz də bu cür danışmalıyıqmı və bu vacibdirmi, hökmdürmü? Yoxsa, bu, dilin “müasirləşdirilməsi”, “zənginləşdirilməsi” sayılırmı? Lift və digər qurğular adətən “işləyər”, çalışmaz. Çalışmaq insana, canlıya məxsus bir keyfiyyətdir, maşına, qurğuya yox!).
    Təəssüf ki, bu cür hallara diğər jurnalistlərimizin də yazılarında rast gəlinir. Fikrimi qəribliyə salmağa tələsməyərək, diqqət edin, görün Türkiyədə yaşayan türkiyəli qardaşlarımız öz leksikonlarına bircə dənə də olsa Azərbaycan sözü daxil ediblərmi? Belə çıxır ki, sabah Türkiyə yox, məsələn, Türkmənistan “böyük qardaş” olarsa, biz yenə də öz Ana dilimizə hörmət etməyib, onu türkmən sözləri ilə doldurmalıyıq?
    Gəlin doğma Azərbaycan dilində yazaq və bu dildə danışaq! ANA dilində, bu və ya digər “qardaş” dilində yox!

Şərhinizi yazın