Menu
Geri İrəli

“Yer Saatı” aksiyasına Sumqayıtdan dəstək

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2014 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur
Share Button

 Rafiq OdayXəbər verildiyi kimi, bu gün – 29 mart tarixində iqlim dəyişikliyi və təbii resurslardan israfçılıq probleminə diqqəti cəlb etmək məqsədilə qlobal “Yer Saatı” aksiyası çərçivəsində  dünyanın bir çox ölkəsində milyonlarla insan ev və ofislərdə işıqları 1 saat müddətinə söndürəcək. Bu il kampaniyaya 147 ölkədən 5000-dən çox şəhərin qatılması gözlənilir. Aksiya müddətində Nyu Yorkda Taymz meydanı, Parisdə Eyfel qülləsi, Londonda Big-Ben, Dubaydakı Bürc Xəlifə, Misir ehramları, Moskvada Kreml, Sidneydə Opera Evi və dünyanın bu kimi yüzlərlə məşhur binasında da bu aksiyaya dəstək olaraq işıqlar söndürüləcək.

Aksiya artıq Bakıda da geniş vüsət almağa başlayıb. Kampaniya Azərbaycanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb və 2011-ci il 26 mart tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda Bakı şəhərinin simvolu olan Qız Qalasının işıqlarının söndürülməsi ilə Azərbaycan da  bu qlobal kampaniyaya dəstək verən ölkələr sırasına daxil olub.  Artıq özəl şirkətlər, dövlət qurumları, ictimai təşkilatlarla bərabər fəal vətəndaşlar da bu kampaniyanın keçirilməsində fəal iştirak etməyə başlayıblar.

Bu il Kampaniya çərçivəsində Bakı şəhərində “İçərişəhər”  Dövlət Tarix-Memarlıq Qoruğunda Qız Qalası, Şirvanşahlar Sarayı, “Park Bulvar”, “Hilton Otel”, “Bridge Plaza”, Azərbaycan Texniki Universiteti kimi tikililərin və onlarla digər tanınmış yerlərin işıqları bir saatlığına söndürüləcək. Paytaxtla yanaşı Gəncə, Lənkəran və digər rayonlarda da bu aksiyaya qoşulacaqlar.

 Qeyd edək ki, qlobal iqlim dəyişikliyinə biganə qalmayan sumqayıtlılar da bu gün həmrəylik nümayiş etdirərək, atmosferə atılan karbon oksidinin miqdarını azaltmağı simvolizə edən elektrik enerjisi istifadəsini 20:30-dan 21:30-dək – 1 saat müddətində dayandıracaqlar.

Aksiyanın həmçinin “Azərikimya” İstehsalat Birliyinin inzibati binasında və istehsalatın işinə mane olmayan digər qeyri-istehsalat sahələrində də keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu aksiyaya ilk dəfə Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) himayədarlığı ilə 2007-ci ildə Sidney şəhərində 2 milyona yaxın insanın elektrik enerjisindən məhrum olanlarla həmrəylik nümayiş etdirmək üçün işıqları söndürməsi ilə start verilib. 2008-ci ildə artıq «Yer Saatı» aksiyasını bütün dünyada 50 milyondan çox insan dəstəkləmiş, 2009, 2010 və sonrakı illərdə isə bu aksiyaya milyarddan çox insan qoşulmuşdu.

 Təqdim etdi: Rafiq Oday

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın