Menu
Geri İrəli

Yerli turizm şirkətlərinin “bir günlük tur” kələyi…

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2014 • Baxış sayı: 1,629 dəfə • 1 şərh
Share Button

-33 manat ödəyəcəksiniz. Bu pula səhər yeməyi, nahar, fotosessiya və Masallının istirahət mərkəzlərində gəzinti daxildir.

-Bəs Masallıya neçə saatlıq yoldur?

-3 saata Masallıda olacaqsınız…

Beləliklə, Masallıya birgünlük səyahət üçün “OK” turizm agentliyi ilə razılaşırıq. Səyahətdən bir gün əvvəl 40 nəfərin gəzintisi üçün 1320 manat ödəmək vədi ilə ayrılırıq.

Növbəti müraciət etdiyimiz yer “Retro” turizm agentliyi olur. İnternetdən əldə etdiyimiz nömrələrə zəng vururuq. Bu dəfə isə Masallıya deyil, Qubaya getməyimiz məsləhət bilirlər.

-Sizi aldadıblar, Masallı 5 saatlıq yoldur. İndi yollar təmir olunur, 5 saat yarıma-6 saata rayonda olacaqsınız. 12 saatlıq yoldan sonra gəzməyə həvəsiniz qalmayacaq. Amma Quba yaxındır. 31 manata səhər yeməyi, nahar verəcəyik. Qubanın istirahət yerlərini gəzəcəksiniz. Axşam saat 10-da isə metronun “28 may” stansiyası qarşısında düşürəcəyik.

“Dayaq” tur agentliyi ilə daha sərfəli təklif irəli sürür. 28 manata səhər yeməyi, kabablardan ibarət nahar, fotosessiya, şirniyyatla çay süfrəsi, diskoteka, əyləncəli oyunlar, Şamaxı rəsədxanasına səyahət… O qədər cazibədər gəlir ki…

İndi hər kəsi bu sual düşündürür: yayda harada dincəlmək olar?

Maddi imkanı yaxşı olanlar xarici ölkələrə üz tuturlar. Xarici ölkələrə gedə bilməyənlər, hətta rayonlarda 5-10 gün dincəlməyə pulu olmayanlar isə bir günlük səyahətə üstünlük verirlər.

İndi bütün turizm şirkətləri, tur agentliklər rayonlara bir günlük səyahət təşkil edir. Bəs qiymət və göstərilən xidmətin səviyyəsi necədir?

Virtualaz.org saytının əməkdaşları turizm agentliklərinin rayonlara bir günlük səyahətinin təşkili vəziyyətini və qiymətləri öyrənib.

 

Bir tikə kabab, 30 qəpiklik şirə və…

133 saylı orta məktəbin şagirdləri də rayonlara bir günlük səyahətlə bağlı reklamlarda göstərilən xidmətlərə inanaraq yola çıxıblar. Pirquluya bir günlük səyahət üçün 55 nəfərdən ibarət qrup 1540 manat pul ödəyib.

Gəzintinin təşkilatçısı olan valideyn Səadət Əliyeva deyir ki, onlara səhər, nahar yeməyi, gəzinti, fotosessiya, diskoteka, əyləncəli oyunlar, şirniyyatla çay süfrəsi vəd edilmişdi. Amma elə avtobusdaca narazılıqlar başlayıb.

“Səhər yeməyinin əvəzinə içinə bir dilim kolbasa qoyulmuş çörək və 30 qəpiklik şirə verdilər. Dedilər ki, vəd etdiyimiz səhər yeməyi budur. Naharda verdikləri bir tikə kababı isə başa vursaydın, baş yarılardı, daşa vursaydın – daş” – deyə S.Əliyeva bildirir.

Valideynlərin narazılığına istirahət mərkəzinin inzibatçısı cavab verib və bildirib ki, adambaşına 4 manatlıq menyu ilə razılaşıblar. Həmin menyuya isə bir tikə kabab, mineral su, 1 litrlik “Cola”, pomidor-xiyar daxildir. Üstəlik, istirahət mərkəzi elə bir iri məmurun himayəsindədir ki, kiminsə hədə-qorxusu ilə iş üslubunu dəyişmək niyyətində deyillər.

Valideynlər yenidən yemək sifariş verməli olublar: “Bizə vəd olunan çay süfrəsinə 2 balaca çaynik və bir samovar verdilər, şirniyyat əvəzinə isə 3-4 konfet. Buna görə əlavə olaraq samovar sifariş etdik. Sonunda təkcə qaynar su üçün 60 manat ödədik. Hələ mineral su və yeməklərin qiymətindən danışmıram. Bir lirtlik adi su 2 manatdan hesablandı. Qarnımızı evdən götürdüyümüz çörək və pomidorla doyurduq”.

Pulunu bəri başdan alan turizm agentliyi isə bütün məsuliyyəti istirahət mərkəzinin üzərinə atıb. Qonaqlar öyrəniblər ki, Şamaxı rəsədxanası turist qəbul etmir. Bunu isə bütün turizm agentlikləri bilir, sadəcə müştəri cəlb etmək üçün “rəsədxanaya gəzinti də olacaq” yalanını danışırlar.

Bir günlük səyahətə çıxan jurnalist Niyazi Məmmədov isə söyləyir ki, turizm agentliyinin xətti ilə Şahdağ gəzintisinə çıxıb. Şahdağda şəkillərini paylaşanların təsirinə düşüb və ucuz başa gəlsin deyə turla birgə Şahdağa gedib: “Yaxşı ki, özümlə pul götürmüşdüm. Bizə naharda sup verirdilər. Burdan Şahdağa get və sup ye. Belə şey olar? Əlavə yemək sifariş verdik. Buna görə də bir aylıq maaşım 3 günlük gəzintiyə bəs etmədi”.

Səyyahın xurcunu dolu gərək…

Niyazi Məmmədov Qubaya səyahətdən də narazı qalıb: “Qışda Şahdağa xərclədiyim pulun ağrı-acısı canımdan çıxmamışdı. Qubada seminarda olmuşdum. Düşündüm ki, ailəmlə həftəsonu istirahət edə bilərəm. Mən mayın sonunda getmişdim. İki çarpayılıq balaca otağı bir gecəliyə 50 manata kirayələdik. Gündə üç dəfə yemək və çay üç günə mənə 350 manata başa gəldi. Bu pula Gürcüstanda bir həftə dincələ bilərdim”.

“Bir günlük turla gedirsinizsə, özünüzlə yemək götürün”.

Bunu isə “Mirvari” turizm agentliyinin ofisinin qarşısında dayanan qadın söyləyir. Onun sözlərinə görə, turla bir günlüyə Xızıya  gediblər: “Naharda kabab və dovğa verdilər. Kabab deyəndə ki, bir tikə toyuq qoyulmuşdu, o da alaçiy idi. Qorxduq uşaqlara verməyə. Etirazlara isə baxan olmadı, çünki tur agentliyi pulu əvvəlcədən almışdı. Bizə demişdilər ki, turların yeməkləri pis vəziyyətdədir, özünüzlə yemək götürün, amma inanmamışdıq. Siz uşaqla gedəcəksinizsə, özünüzlə yemək götürün”.

25-70 manat və…

Rayonlara bir günlük turlar 25 manatdan başlayır. Təbii ki, məsafə və menyudan asılı olaraq qiymətlər də dəyişir. 25 manat ödəməklə Xızıya getmək olar. Amma əlavə yeməklərin sifarişi qiymətlərə təsir edir. Bu qiymətə avtobusda səhər yeməyi, üç tikə kababdan ibarət nahar və bir dəfə çay daxildir.

“STİ Travel” agentliyi Masallı-Yardımlı turunu 31-35 manata təklif edir. Qiymətə nəqliyyat xidməti, səhər yeməyi, nahar, hər bir iştirakçıya hədiyyə kartı (50 manatlıq), ekskursiyalar, professional fotosessiya, bələdçi, çay süfrəsi daxildir.

“Turizm.Az” səyahət şirkəti də Masallıya tur təşkil edir. 35 manata  səhər yeməyi, asudə vaxt və göl ətrafında gəzinti, “Cənnət bağı” istirahət mərkəzində nahar (menyuda ləvəngi, kartof qızartması, assorti kabablar, təndir çörəyi, pendir, süzmə, çoban salatı, göyərti, kompot, bulaq suyu, çay var) və İstisu ərazisində gəzinti daxildir.

“Bakı travel” şirkəti Qəbələyə 28 manata tur təşkil edir. Xidmətlərə “Yeddi gözəl” şəlaləsində gəzinti, nahar yeməyi, çay süfrəsi, mafiya oyunu, Qəbələ rayonunda gəzinti daxildir.

Eyni şərtlərlə Şamaxıya 28, Masallıya 30 manata getmək olar.

Bakı Turizm Ekskursiya agentliyi Bakı-Qusar (Şahdağ turizm kompleksi)-Quba-Bakı marşrutunu təklif edir. 35 manatlıq səyahətə səhər yeməyi, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə çatmaq, kompleksin ərazisində fəal istirahət, Qusar Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya, “Qayi bulaq”istirahət mərkəzində nahar (isti yeməklər, salatlar, toyuq kababı, limonad, mineral sular), nahardan sonra samovar çayı, şən musiqi, Qubadakı Soyqırım məzarlığının ziyarəti daxildir.

“Victory Tour” şirkəti Azərbaycanın bütün bölgələrinə səyahət təşkil edir. Qəbələ 33, Lahıc 33, Quba 31 manatadır. Bundan əlavə, 95 manat ödəməklə Şəkidə bir gecə, iki gün qalmaq olar.

“Ziya”, “Caspian”, “Advent” turizm agentliklərinin qiymətləri və təklif etdiyi xidmətlər də o qədər fərqli deyil. Bu agentliklərlə Qəbələyə 33-35, Masallıya 33-35, Lahıca 35, Qubaya 30, Şəkiyə 40-50 manata getmək olar.

Bundan əlavə, Bakıda bir günlük səyahət 7 manatdır. Tura İçərişəhər, Şəhidlər Xiyabanı, Dağüstü Parkda gəzinti daxildir.

Yəni istənilən şəxs uzaqbaşı 50 manat ödəməklə bölgələrdəki istirahət mərkəzlərində bir neçə saatlıq qonaq ola bilər.

“Caspian” şirkətinin nümayəndəsi deyir ki, hansı obyektdə yeməklərin keyfiyyətindən narazılıq eşitsələr, həmin istirahət mərkəzi ilə əməkdaşlığa son qoyurlar. Amma turizm mövsümündə bütün istirahət mərkəzləri artıq qazanmaq istəyirlər. Vətəndaşlar isə ucuz qiymətə yüksək xidmət tələb edirlər. Buna görə də narazılıqların yaranması mümkündür.

Bəs bir həftəlik istirahət?

Televiziyada, sosial şəbəkədə Nabran, Quba, Qax, Şəki, Xızı (Altıağac), Dəvəçi (Qalaltı), Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Yardımlı, Lənkəran və Lerikdəki istirahət zonalarının reklamları yerləşdirilib.

Turizm şirkətlərinə müraciət etmədən bu mərkəzlərdə istirahət etmək mümkündür. Bəs qiymət necə, sərfəlidirmi?

Nabranda yerləşən “Atlant”, “Bulaq”, “Caspian Sea Resort”, “Green Ville” istirahət mərkəzlərində 1 nəfərin günlük istirahəti 100-250 manat arasında dəyişir. Təbii ki, otaq, menyu və istirahət mərkəzindəki əyləncələr qiymətlərə təsir edir.

Qəbələ, Qax və Şəkinin istirahət ocaqları bahalığı ilə digər rayonlardan fərqlənir. “Duyma”, “Küngüt”,  “El Resort” və digər istirahət mərkəzlərində 3 nəfərlik ailə ilə 7 gün istirahət 1200-2000 manata başa gəlir. Bu məbləğə Gürcüstanda 2 həftə, Antalya və Bodrumda 5 gün dincəlmək mümkündür.

Əgər ölkədə turizm inkişaf edibsə…

Azərbaycanda 516 otel, 32 min yataqlıq yer var. İldə ölkəyə 2,4 milyon əcnəbi turist gəlir. Rəsmi statistikada belə göstərilir.

Məlumatda qeyd olunur ki, 250-dən çox hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

Turizm şirkətlərinə gəldikdə isə ölkədə 220-ə yaxın turizm şirkəti fəaliyyət göstərir.

Nazirlik turizm şirkətləri ilə bağlı əhaliyə xəbərdarlıq edib. Xəbərdaqlıqda qeyd olunur ki, turizm şirkətlərinin xidmətlərindən yararlanmazdan əvvəl şirkətin fəaliyyəti üçün verilmiş lisenziya və digər sənədlər tələb edilməlidir. Şirkətlərin fəaliyyəti ilə bağlı narazılığı olanlar isə nazirliyə məlumat verməlidir.

Nazirliyə daxil olan şikayətlərin araşdırılmasına gəldikdə isə qurum and-aman edir ki, şikayətlər yerindəcə araşdırılıb, tədbir görülür. Yəni nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq edilir, hətta lisenziyalar geri alınır.

“2020-Gələcəyə baxış konsepsiyası”nda turizmin inkişafı nəzərdə tutulub. Yəni nəzərdə tutulan tədbirlər yerinə yetirilərsə, yerli və xarici turistlərin hesabına dövlət büdcəsinə daxilolmalar birəbeş artacaq.

Bu arada deyək ki, indiyədək turizmin inkişafı üçün iki dövlət proqramı icra olunub. “2010-2014-cu illərdə ölkədə turizmin inkişafına dair” dövlət proqramının icrası bu il yekunlaşacaq. Amma bölgələrdə turizm xidmətlərinin qiyməti və keyfiyyət dəyişməyib. Turizm şirkətlərinin, otel və istirahət mərkəzlərinin sayının artması xidmətlərin yüksəlməsinə təsir etməyib.

Ayrıca ötən il Nabranda, bu il Qobustanda baş verən faciələr göstərdi ki, istirahət mərkəzlərində problemlər təkcə keydiyyətlə bağlı deyil, təhlükəsizlik tədbirləri də arxa plana keçirilib. Təbii ki, ön planda daha çox pul qazanmaq dayanır, heç nəyə baxmadan qazanmaq…

Bəs bunun səbəbləri nədir?

“Azərbaycanda turizm çox cavandır”.

Bunu turizm üzrə mütəxəssis Elnur İsmayılov deyir. Onun sözlərinə görə, qiymətlərin baha və xidmətin keyfiyyətsiz olmasına səbəbləri arasında turizmlə məşğul olanların bu sahəni yetərli bilməməsi amili də var.

E.İsmayılov hesab edir ki, bir az pulu olanların bu sahədə biznes qurması turizmin inkişafı kimi izah edilə bilməz: “Turizm agentliklərinin fəaliyyəti monitorinq edilməlidir. Nazirlik şikayətləri gözləməli deyil. Bundan əlavə, otel açmaq, istirahət mərkəzi işlətmək olar. Amma bu, turizmin inkişafı deyil. Bunun üçün mütəxəssislər yetişdirilməli, müştəri ilə davranış, xidmət tədris olunmalıdır. Xarici ölkələrdə yerli turizmin inkişafı üçün ölkə vətəndaşlarına güzəştlər tətbiq edilir. Bizdə isə əksinədir, tur agentliklərlə ortaq olub daha çox pul qazanmaq uğrunda yarış gedir”.

Göründüyü kimi, xarici ölkələrdə turizm agentliklərinin, otel və istirahət mərkəzlərinin say artımı rəqabətə yol açdığından müştərilərin seçim imkanlarını da artırır. Bizdə isə çoxluq… nə keyfiyyətə, nə də qiymətlərə hələlik əsla təsir etmir. Görünür, bu sahə bir qrupun əlində cəmləşdiyindən rəqabətə ehtiyac duymurlar…

Jalə Ağazadə

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

“Yerli turizm şirkətlərinin “bir günlük tur” kələyi…” yazısına bir cavab

  1. Mohlet deyir:

    Allah size komek olsun 28 manata bes sen ora gedende fikirlemedinki axiri bele olacag gunah ora gedenlerdedi.2

Şərhinizi yazın