Yeni il bazarlığı: bu, sizə neçəyə başa gələcək?

957

1228655535_qisYeni il gəlir…Ümidlərlə, arzularla dolu təzə il. Nədənsə həmişə bütün problemlərimizin, qayğılarımızın köhnə ildə qalacağını və yeni ilin bizə mütləq xoş sürprizlər bəxş edəcəyini gözləyirik. Odur ki, büdcəsindən asılı olmayaraq hər kəs bayramı layiqincə qeyd etməyə calışır. Bir də deyirlər ki, yeni ili hansı ovqatla qarşılasan, bütün ili də elə həmin əhval-ruhiyyədə olacaqsan…
Artiq bayram ab- havası yavaş-yavaş duyulmaqdadır. Sumqayıt şəhəri də istisna deyil. Demək olar ki, bütün ticarət mərkəzlərində al-əlvan bəzədilmiş yolkalar göz oxşayır.Yeni ilin ayrılmaz atributları olan Şaxta babanın məşhur qırmızı papağından tutmuş benqal fişənglərinə qədər daha nələr satılmır dükanlarda. Qiymətlərsə çox müxtəlifdir. Yeni il gecəsində bütün evlərin bəzəyi olacaq yolkalardan başlayaq. Ən ucuzu 8, ən bahalısı isə 70 manat civarında olan hər həcmdə və gorünüşdə süni küknar ağacı almaq mümkündür. Təbii ki, yolka nə qədər böyük və materialı keyfiyyətlidirsə, bir o qədər də bahalıdır. Amma ailə büdcəsi buna imkan verməyənlər 8-10 manat arası cox kiçik, yəni stolüstü yolkalarla da kifayətlənə bilərlər. Küknar ağacını bəzəyəcək oyuncaqlara gəlincə isə qiymətlər 10 qəpikdən başlayır. Daha böyük, parlaq olanlar isə 50 qəpiyədir. Balacaları 1 manatdan 5 manata qədər hər cür yeni il oyuncaqları ilə sevindirmək olar. Bir sozlə, dekabrın son gecəsində evdə xüsusilə uşaqlar üçün unudulmaz bir nağıl aləmi yaratmaq mümkündür. Əgər maddi imkan buna əsas verirsə…
Ancaq kimə üz tutduqsa, satıcılar alıcı azlığından, alıcılar isə qiymətlərin bahalığından şikayətləndilər. Adını söyləmək istəməyən bir gənc satıcı isə gileyini belə bildirdi: ”Gündə bir yolka satanda sevinirəm. Hamı ucuz mal axtarır. Odur ki, daha çox kiçik yolkalara üstünlük verirlər”.
Alıcılarla da söhbət etdik:
Səidə Namazova, 39 yaş, evdar qadın, iki uşaq anası –Bu il yolka almaq fikrim yoxdur.Neçə il bundan əvvəl almışıq. Yenə də onu bəzəyəcəyik. Daha çox yeni il süfrəsinin zəngin olmasına çalışacam. Ancaq qida məhsulları, xüsusilə də meyvələr bahadır.
Oruc Rəhimov, 64 yaş, təqaüdçü- Nəvələrim üçün yolka mütləq alacam. Oyuncaqlar, hədiyyələr də ki öz yerində. Bütün bunlara ancaq 20 manata yaxın pul xərcləyə bilərəm.Nəvələrimi mütləq sevindirmək istəyirəm. Qiymətlərə gəlincə isə hər cibə uyğun mal var.
Eldar Kazımov, 42 yaş, bənna – Bəzi inkişaf etmiş ölkələrdə bayram oncəsi endirimlər edirlər. Bizdə təəssüf ki, tərsinədir . Bayram yaxınlaşdıqca qiymətlər də artır. Yeni ili evdə ailəmlə qarşılayacam. Çalışacam ki, süfrədə bir əksiklik olmasın. Ancaq maaşı da gərək ağılla xərcləyəsən ki, artıq təzə ilin ilk günlərindən ehtiyac hiss etməyəsən.
Bu sözlərdə həqiqət var. Yeni il süfrəsini tort və müxtəlif şirniyyatlar, salatlar, eləcə də portağal, narıngi, banan kimi meyvələrsiz təsəvvür etmək mümkün deyil. Təkcə onu demək kifayətdir ki, marketlərdə bir kiloqram banan 2 manat 20 qəpik , bir kiloqram narıngi isə 1 manat 20 qəpiklə 2 manat arasında satılır. Bunun üzərinə salat və şirniyyatlar, içkilər, eləcə də ləzzətli bayram yeməyinin məsrəflərini də əlavə etsək, yeni il gecəsində açılacaq süfrə üçün minimum 50 manat vəsait xərcləmək lazımdır. Əgər siz həmin gün qonaqlar da gözləyirsinizsə, təbbi ki, xərclər artır.
Beləcə, hər ötən gün bizi yeni – 2010-cu ilə yaxınlaşdırır. Və təzə ili necə bəzədilmiş süfrə arxasında qarşılamağımızdan asılı olmayaraq əhval-ruhiyyəmizi pozmayaq. Sevinək ki, yeni il də bizə sevinc gətirsin.
Təranə Mahmudova/ 168 saat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər