Zamanı təhsil idarə edir

1250

Bu günlərdə respublikamızın ikinci böyük şəhəri olan Sumqayıtın 70 illik yubileyində bir qrup şəxsə Azərbaycan respublikasının yüksək fəxri adları verildi. Həmin fəxri adlara layiq görülən insanlar Sumqayıt şəhərinin sosial-iqtisadi , mədəni yüksəlişində, təhsil , səhiyyə və digər sahələrində xüsusi fərqlənən şəxslər idilər. Sumqayıt şəhərinin 70 illik yubileyində fəxri adlara layiq görülən şəxslərin arasında Sumqayıt şəhərində təhsilin inkişafında xüsusi xidmətləri olan Elşad Eyvazov da vardır. Geniş təhsil ictimaiyyəti onu bacarıqlı və peşəkar bir təhsil idarəedicisi kimi tanıyır. Mübaliğəsiz demək olar ki, onun Sumqayıt təhsilinin inkişafında xüsusi əməyi vardır. Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülən Elşad Əli oğlu Eyvazovun tərcümeyi-halı birbaşa Sumqayıtla, bu şəhərin mədəni həyatı ilə bağlı olmuşdur. Elşad müəllim Qubadlı rayonunun Tarovlu kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Əli Qədimalıyev və anası Surayya xanım müəllim olublar. Surayya xanım Qubadlı rayonunda ilk qadın müəllim və məktəb direktor olmuşdur. Əli müəllim XX əsrin 30-40-cı illərində Qubadlı Rayonu Partiya Komitəsinin təlimatçısı, rayonunda nəşr edilən “Avanqard” qəzetinin ilk baş redaktoru olmuşdur. Əli Qədimalıyev təkcə Qubadlıda yox, Ağcabədi və Zəngilan rayonlarında maarif (təhsil) şöbəsinin müdiri, məktəb direktoru və Quba rayonunda bir neçə orta məktəbin təşkili zamanı məktəb direktoru işləmişdir . Azərbaycanın təhsil tarixinə istinadən tam məsuliyyətlə deyə bilərik ki, zamanında Əli Qədimalıyev respublikamızda tanınmış təhsil təşkilatçısı və maarif fədailərindən biri olmuşdur. Maarif carçısı olan Əli Qədimalıyevin ailəsində böyüyən uşaqların üçü pedaqoji, ikisi mühəndislik, ikisi isə tibb ixtisası üzrə təhsil almışdır. Bu məqamda onu da qeyd edək ki , elm və təhsil əvəzedilməz bir mənəvi dəyər kimi bu nəslin davamçılarının həyatlarının mənasını, ömür-günlərinin cövhərini təşkil edir. Elm və təhsil bu nəslin davamçılarının sadəcə başqatmaq üçün bir məşğuliyyət yox, həyat yollarını işıqlandıran bir mayakdır. Elm və təhsil artıq bu nəslin nümayəndələrinin fasiləsiz davam etdirilən pozulmaz bir ənənəsinə çevrilmişdir. Bu nəslin davamçıları içərisində fizika – riyaziyyat elmlər doktoru, professor, tibb üzrə fəlsəfə elmlər doktoru , SSR- nin əməkdar səmərəliləşdiricisi, iki əməkdar müəllim, Azərbaycan Respublikasının fəxri təqaüdçüsü , Ankara Beyin Cərrahları Cəmiyyətinin fəxri üzvü və tibb üzrə dissertantı vardır.
Haqqında söhbət açdığımız Elşad müəllim də yaradıcı insandır. O, bir bədii-publisistik kitabın və təlim-tərbiyə və təhsil problemlərinə aid respublika mətbuatında dərc olunmuş onlarla elmi məqalənin müəllifidir. Elşad Eyvazovun “Üç dağ qoynunda yatan Tarovlum “ ( “Azəri” nəşriyyatı, Sumqayıt, 2015) bədii-publisistik kitabı doğulub boya-başa çatdığı doğma kəndinə həsr olunub. Müəllif kitaba poetik bir ad (bu adı dağlar qoynunda qərar tutmuş Tarovlu kəndinin coğrafi mövqeyi diktə etmişdir) qoysa da, əsərdə Tarovlu kəndinin tarixi və onun təməlini qoyaraq orada məskunlaşmış köhnə kişilərdən və onların nəslinin müasir davamçılarından bəhs olunur. Kitabın təqdirolunası və bugünkü oxucu üçün örnəkgötürüləsi bir məziyyətini də qeyd etməyi özümə mənəvi borc bildim. Müəllif böyük bir zəhmətə qatlaşaraq doğma kəndi Tarovlunun bünövrəsini qoymuş, sonradan orada yaşamış tayfa və tirələrin nəsil ağacını tərtib etmişdir.
Elşad Əli oğlu Eyvazov institutu qurtardıqdan sonra həyatını birdəfəlik Sumqayıta bağlamışdır. 1977-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (keçmiş Azərbaycan Dövlət Pedaqoji İnstitutu) kimya-biologiya fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Sumqayıt şəhərindəki 35 nömrəli texniki peşə məktəbinə müəllim göndərilmişdir. 1982-ci ildə onu Sumqayıtın ən iri kimya müəssisə sayılan Üzvi Sintez İstehsalat Birliyinə işə dəvət edirlər. Bu nəhəng kimya sənayesi müəssisəsinin laboratoriyasını Elşad Eyvazova həvalə edirlər. On ilə yaxın adıçəkilən müəssisənin laboratoriya müdiri işləyir. 1991-ci ildən o, birdəfəlik təhsil sahəsinə qayıdır, elə həmin vaxtdan təhsilin idarəolunmasında çalışır. Bir müddət Sumqayıt Şəhər Təhsil Şöbəsində Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru və Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifələrində işləmişdir. 1996-cı ildən Sumqayıt şəhərindəki 37 nömrəli tam orta məktəbin direktorudur. Direktor demişkən…. Direktor sözü geniş yayılsa da, təkcə mən yox, yəqin ki, direktor deyəndə çoxlarının gözünün önünə məktəb rəhbəri, məktəb direktoru gəlir. Düzdür, bir çox idarə, müəssisənin rəhbəri direktor adlandırılır. Ancaq direktor sözü səslənəndə daha çox yaddaşlarda məktəb və onun rəhbəri canlanır . Bu da özlüyündə təbiidir. İngilis sözü olan direktor istiqamət verən mənasındadır. Yaxından-uzaqdan tanıdığımız xeyli savadlı və bilikli adamlar var ki, onlar idarəetmə bacarığı və liderlik xarakterinə malik deyillər. İdarəetmə, istiqamətvermənin özü xüsusi bir istedad və fərqli bir qabiliyyətdir. Elşad müəllimin özünəməxsus idarəetmə metodu vardır. Onun bir təhsil idarəedicisi kimi təqdirolunası, örnəkgötürüləsi cəhətləri çoxdur. Elşad müəllimin fikirlərinə diqqət kəsilək:” Fərqli bir zamanda , texnologiya əsrində yaşayırıq. Bu gün uşaqlara təkcə ailə, məktəb və ictimaiyyət təsir etmir. Bu günün uşağına sadaladığım bu üçlükdən- ailə, məktəb və ictimaiyyətdən daha çox internet- mobil telefon və kompüterdə yerləşən sosial şəbəkələr təsir göstərir. Özü də bu təsir, adi təsir deyil, Çox böyük təsir göstərir, uşaqları istənilən istiqamətə yönləndirir. Orada-internetdə hər cür: mənfi və müsbət informasiya vardır. Seçim isə sərbəstdir…. Məhz bu səbəbdən də uşaqların idarəolunması-istiqamətləndirilməsi çox çətinləşib. Etiraf edək ki, təlim-tərbiyə işi həmişə cəmiyyətin ən zərif və ən ”zəif bəndi” olub”.
Elşad müəllimin sözünə qüvvət, təhsilin tarixi əyani şəkildə təsdiqləyir ki, təhsil bir fəlsəfi kateqoriya kimi ictimai formasiyaların üstqurum dəyəri sayılsa da, əslində, cəmiyyətin dəyişilməz mənəvi dayağı-bazisi olub. Bütün zamanlarda uşaq deyib əlifba öyrətdiklərimiz gələcəyin dövlət qurucularıdır. Təhsil inkişaf edərək ibtidai səviyyəsindən bugünkü yüksək pilləsinə çatsa da, onun təlim və təşkil forması dəyişsə də, məram və məqsədi əsla dəyişməyib. Təlim-tərbiyənin keçmiş və gələcək tarix üçün bir dəyişilməz missiyası olub: cəmiyyət üçün fəal vətəndaş və kamil şəxsiyyət yetişdirmək Təhsilin məramı və məqsədi olduğu kimi qalıb: bilik və bacarıq vərdişləri aşılamaq. Bu gün təlim prinsipləri tamamilə dəyişib. Müasir təhsil zamanın diktəsi əsasında modernləşibdir.”Nuh əyyamı”ndan qalmış primitiv, formal və sxematik metod və üsullara son qoyulub, yaxın vaxtlara qədər mövcud olan norma və prinsiplərdən birmənalı olaraq imtina edilib və əvəzində ölkəmiz üçün tamamilə yeni olan kurikuluma keçilib. İnteraktiv təlim üsulları əsasında keçirilən dərsdə şagirdlər passiv dinləyici yox, fəal iştirakçıdırlar. Bu , sadəcə, çeviklik deyildir. Bu fəallıq şagird- müəllim tandemi, dərs müddətində şagird-müəllim əməkdaşlığı , tərəf- müqabillik və sərbəst dialoqun qurulmasıdır. Modern təlim metodikası şagirdlərin müstəqil şəxsiyyət kimi böyümələrinə şərait yaradır, onların motivasiyasına təminat verir. Bəli, sözün bütün mənalarında uşaq məktəbdə şəxsiyyət kimi formalaşır. Bu gün məktəb partası arxasında əyləşən şagirdə, əvvəllər olduğu kimi, uşaq kimi yox, şəxsiyyət kimi yanaşılır. Məhz elə bu səbəbdən məktəb xalq və dövlət üçün atribut sayılmalı, müəllim isə xüsusi mənəvi statusa malik olmalıdır. Müəllim cəmiyyətin əlahiddə nüfuza malik olan zümrəsinə çevrilməlidir. Bir çoxları kimi mən də o qənaətdəyəm ki, dünyanı hələ də pis-yaxşı nizamda saxlayan ( düzdür, dünya düzəninin bəzi əyilmiş, əzilmiş yerləri də çoxdur), harmoniyanı tamamilə pozulmağa qoymayan elm və təhsilin olmasıdır. İnsanoğlu dünyada qlobal xaosun yaranmadığı üçün elm və təhsilə borcudur.
Əminəm ki, hazırlıqlı oxucu bu yazdıqlarımı haşiyə kimi qəbul etməyəcək , çünki bu qeydlərimin mətləbə birbaşa dəxli vardır. Axı təhsil idarəedicisi haqqında danışırıq. Bu məqamda Elşad müəllimin özündən örnək gətirək: “ Məktəb və onun əsas qüvvəsi sayılan müəllim zamanın çağırışlarından geri qala bilməz. Müəllim zamanın çağırışına ilk səs verən şəxs olmalıdır. Cəmiyyətin digər sahələrində çalışan insanlar zaman axarında öz səhvlərindən öyrənirlər, bu, adətən, normal qəbul edilir. Amma belə bir hal müəllim və həkim adı daşıyanlara bağışlanılmır, müəllim və həkimin öz səhvlərindən öyrənmələri arzuolunmazdır. Çünki onların təkrar səhvə yol vermələri ciddi fəsadlara gətirib çıxarır. Müəllim bütün məqamlarda hazırlıqlı olmalıdır”.
İdarəetmə sənəti bilik , bacarıq , təcrübə , peşəkarlıq və xüsusi məharətlə yanaşı, müsbət mənəvi keyfiyyətlər də tələb edir. Elşad müəllim təhsil idarəedicisi kimi səbirli , təmkinli və genişürəkli adamdır. Onun dediklərindən:” Məqam olur ki, nöqsanlara dözümlü yanaşır, bağışlanası kiçik səhvlərin üstündən ötüb keçirəm. Axı hər kiçik səhvə görə də cəzalandırmaq düzgün deyil. Ancaq elə məqam olur ki, cəzasız ötüşmək mümkün olmur. Ən əsası yol verilmiş nöqsanın aradan qaldırılmasıdır. İnsan fərdi olduğundan ona fərdi yanaşmaq lazımdır. Fərdilik insanın xislətində , təbiətindədir. Nə qədər insan var, lap elə uşaq saydığımız (əslində, hər bir uşaq bir fərddir) hər kəsin, hamının öz fərdi aləmi vardır.
… Axı hamı eyni zahiri görkəmə, imicə malik olmadığı kimi, hamı da eyni cür düşünə bilməz, hamı da eyni cür düşünmədiyindən eyni cür də hərəkət edə bilməz. Bu səbəbdən bəzi məqamlarda iş üslubumun, hətta xarakterimin əksinə hərəkət etməyə məcbur oluram. Məqsədim yol verilmiş səhvin aradan qaldırılması, yaranmış problemin həll olunmasıdır. Kimsə çox doğru deyib ki, problemin həlli ona yanaşmadan asılıdır”.
Elşad müəllimi yaxından tanıyanlar mənim bu fikrimin doğruluğunu təsdiqləyərlər ki, o, həyata və həyatın gedişində qarşıya çıxan problemlərə fərqli yanaşan bir insandır. Deyirlər, insanın qiymətini onun düşüncə və əməli müəyyənləşdirir. Qədim Çin filosofu Konfutsiyə ( onun əsrlərin arxasından boylanan bütün fikirləri hələ min illər bundan sonra da öz gerçək dəyərini qoruyub saxlayacaqdır) görə, hər bir insan öz əməl və hərəkətlərində borc hissini daha vacib saymalı, onu daim diqqətdə saxlamalıdır. Elşad Eyvazov bütün ömrüboyu nəslinin şərəfini, öz ad-sanını , şəxsi nüfuzunu hər şeydən uca tutub, müəllimlik missiyasını şərəf və ləyaqətlə yerinə yetirib. Adını çəkdiyimiz nəhəng Çin filosofu onu da demişdir ki, borc hissi şərəf duyğusu ilə qaynayıb qarışır, ictimaiyyət tərəfindən dəyərləndirilir, insana hörmət-izzət gətirir, şöhrət qazandırır. Elşad müəllimə xalq sevgisi rəsmi formada dövlət tərəfindən də təsdiqləndi.
Bizlər də Elşad müəllimə bu şərəfli işində uğurlar diləyirik. Elşad müəllim, zəkanız iti, iradəniz qüvvətli olsun!

Nəzirməmməd Zöhrablı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər