Zəngilan aeroportunun strateji əhəmiyyəti nədir? – TAHİR MİRKİŞİLİ ŞƏRH EDİR

536

“Zəngilanın iqtisadi inkişafı üçün nəqliyyat şəbəkəsinin qurulması vacibdir”

Bunu Azvision.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Zəngilanda inşa olunacaq yeni hava limanının əhəmiyyətindən danışarkən deyib.

Komitə sədri bildirib ki, nəqliyyat infrastrukturu bölgənin inkişafında böyük rol oynayacaq. Bu baxımdan Zəngilanda hava limanının inşa edilməsi strateji əhəmiyyət daşıyır:

“Bura yüklər danışacaq, insanlar gələcək, həmin bölgədə istehsal olunan məhsullar ixrac olunacaq. Nəqliyyat infrastukrutunu inkişaf etdirmədən hər hansı bölgənin inkişafına nail olmaq mümkün deyil. Bu, iqtisadiyyatın əsas və qızıl qaydalarından biridir”.

İşğaldan azad edilmiş ərazilərdə hava limanı şəbəkəsinin genişləndirilməsinə toxunan Tahir Mirkişili əlavə edib ki, hazırda dünyada hava nəqliyyatına daha çox önəm verilir:

“Dünyanın əksər ölkələrində uçan taksilər, avtomobillərin istifadə edilməsinə başlanılır. Hava nəqliyyatının inkişafı gələcəkdir. Bu, Azərbaycanın gələcək texnologiyalara bu gündən investisiya qoyması deməkdir. Bölgədə başladılan hər bir layihə ətrafında yeni sahələrin yaranmasını həvəsləndirir. Əgər bir bölgədə hava limanı varsa, orada insanların ixtisas dərəcəsi yüksək olur. Kadrlar həmin bölgənin infrastrukturunda işləmək üçün yaxşı təhsil alırlar. Həmin obyektlərə, infrastruktura xidmət edəcək yan sənaye inkişaf etdirilir. Bu cəhətdən baxsaq, hər bir regionda rəqabət artır, ora yenilik gəlir”.

T.Mirkişilinin fikrincə, əgər Azərbaycanın ucqar bölgəsində hava limanı tikilirsə, həmin bölgənin texnoloji cəhətdən inkişaf səviyyəsi avtomatik olaraq qalxır.

“Zəngilan hava limanının tikintisi həmin bölgənin inkişafı baxımından çox əhəmiyyətlidir. Bu, bütövlükdə bölgənin inkişaf və texnoloji səviyyəsinin qalxmasına səbəb olur. Qeyd etdiklərim Füzuli, Laçın hava limanlarına da aiddir. Bu yanaşma Azərbaycanın həmin bölgəsinin dünyada gedən texnoloji və iqtisadi inkişaf prsoesinə daha sürətli inteqrasiya olunmasına imkan yaradacaq. Bölgənin inkişafı Azərbaycanın inkişafı üçün alternativ istiqamət olacaq”.

Xatırladaq ki, aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı burada Beynəlxalq Hava Limanının təməlini qoyub. Yeni hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında, turizmin dirçəldilməsində xüsusi rol oynayacaq. Müasir standartlar əsasında inşa ediləcək Zəngilan hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bununla da Zəngilan ermənilərin xarabalığa çevirdiyi rayondan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər