Zülfiyyə Xanbabayeva: “Ayıbdı” deyə-deyə boğuluram” - MÜSAHİBƏ

127

Kulis.azın “Şəklinlə danış” layihəsinin budəfəki qonağı Xalq artisti Zülfiyyə Xanbabayevadır.

 

Elə bilirdim müsahibəyə razılıq verməyəcək, çünki həmkarlarım demişdilər ki, müsahibə vermir, çətin adamdır. Lakin mən zəng etdiyim andan aramızda səmimi bir ünsiyyət yarandı və anında razılaşdı. Yaradıcılığına A-dan Z-yə bələd olduğumuz bu xanımla bir də belə tanış olaq.

 

– Üzünüz gülür, deyəsən əhvalınız yaxşıdır?

 

– Əhvalım yaxşıdır. Bəzi problemlər olsa da, düşünürəm ki, bunların hamısı düzələn şeydir, əsas canımız sağ olsun.

– Xanbabayeva… Maraqlı soyaddır… ilk və son dəfə sizdə eşitmişəm bu soyadı…

– Atamgil çoxuşaqlı ailə olublar, ailədə hər kəs Hacıyev soyadını daşıyırdı, bircə mənim atam Xanbabayev idi. Müharibə vaxtı müəmmalı səbəblərdən atam anasının, yəni nənəmin soyadıyla sənədləşdirilib və beləcə Xanbabayev soyadı mənə qədər davam edib. Haqlısız, mən də başqalarında bu soyada rast gəlməmişəm, yalnız iki nəfər var ki, onlarla da qohum olduğumuzu düşünüblər. Xeyr, heç bir qohumluğumuz yoxdur, sadəcə çox yaxın ailəvi dostuq.

 

– Ümumiyyətlə, ad-soyad insanın həyatdakı obrazını müəyyənləşdirir?

– Məktəbdə oxuyanda adımdan, soyadımdan utanırdım, o qədər uzun idi ki, jurnala yerləşmirdi: Xanbabayeva Zülfiyyə Güloğlan qızı (gülür). Bir zaman utandığım adım-soyadım bu gün mənim başımı ucaldır. Həyatdakı mövqeyim bəllidir, adım səslənəndə qürur duyuram.

– 50 yaşınız varmış, yaşınız görünüşünüzü tamamlamır…

– Bəli, 50 yaşım var, sözüm yanlış anlaşılmasın, bu qədər bəsimdir. İnanın, səhnə fəaliyyətimin otuz ili necə gəldi, necə getdi, heç bilmədim. Mənim on yaşlı Dənizim var, buna görə ixtiyarım yoxdur yaşdan danışmağa. İndi onunla birgə məktəbə gedirəm, dərs oxuyuram, bir sözlə, zamanımı ona sərf edirəm.

– Yəni azyaşlı övladınız var deyə yaşınızı kompleks edirsiniz?

– Hələ ki yox, heç bir kompleks keçirmirəm yaş sarıdan. Bəlkə vaxtı gələndə, daxilimdə o əminsizlik yarananda mən də gizlədəcəm yaşımı, ona görə çox da böyük danışmaq istəmirəm.

– Bəs bu əminsizlik nədən yaranır?

– Rəqəmlərin özü insanları qorxutmağa başlayır. Axı 50 yaş az yaş deyil. Ömrün yarısından çoxunun keçməsi deməkdir. Çox şükür ki, bu illər ərzində məni gözəl insanlar əhatə edib. Gözəl ailəm, əla dostlarım var, həyatımdan çox razıyam, yaşamağı sevirəm. Kənardan lovğa görkəmim olsa da, əsla elə deyiləm, əksinə, rahat insanam, deyib-gülməyi sevirəm, amma bütün bunlar mənim öz qalamdadır. Bizim dövrümüzdən gələn tərbiyədir ki, cəmiyyət arasında özümüzü yaxşı aparmalıyıq.

– Səviyyəli müğənni, səviyyəli musiqi… Səviyyəni hansı meyarla ölçürlər?

– Bu gün bayağı musiqilər çoxdur, hətta artıq dəb halını alıb. Çoxluq tərəfindən fərq qoyulmadan dinlənilir. Dinləyiciyə, tamaşaçıya zəngin seçim verilmir ki, o, bunların fərqini anlasın. Təəssüf ki, bizdə “palaza bürün, ellə sürün” deyimi özünü açıq şəkildə büruzə verir. Səhnə adamı kütləni arxasınca aparmalıdır, onların zövqünü formalaşdırmalıdır. Düzdür, hər ifaçının öz tamaşaçısı var, heç kəsi təhqir etmək fikrim yoxdur. Sadəcə çox istəyərdim ki, daha keyfiyyətli musiqilərə dəyər versinlər, fərqi hiss etsinlər. Öz yerində ki, müğənni də pul qazanmalıdır, qazanc mənbəyi toylardır. Kommersiya məqsədi güdən musiqilər buna xidmət edir, amma pul qazanmaq adıyla nə gəldi oxumaq olmaz.

– Toy məclislərinə gedirsiniz?

– Gedirəm, amma cədvəlli şəkildə yox. Belə deyim, getdiyim toyları özüm seçirəm, qatılım, ya yox, qazanc xatirinə bütün toylara qatılmıram və qatıldığım toylarda yalnız öz musiqilərimi ifa edirəm. Bu sözümlə toya gedən sənətçilərimizi qınamaq fikrim yoxdur, hardansa qazanmalıdırlar da.

– “Mən filankəslərlə eyni səhnəyə çıxmaram” – deyə bir kapriziniz var?

– Xeyr, görmək istəmədiyim insanlar var, buna baxmayaraq, onlarla eyni səhnəyə də çıxıram, üz-üzə də gəlirəm, gözlərinin içinə də baxıram.

– Brilliant Dadaşova, Aygün Kazımova və Zülfiyyə Xanbabayeva birliyi məlum səbəblərdən dağıldı, bu, münasibətlərinizə təsir etdimi?

– Brilliant Dadaşova səhnəyə gələndə biz hamımız onun boğazındakı minizmləri təkrarlamağa can atıb, ondan nələrisə öyrənmək istəyirdik. Sizin sualınıza gəldikdə, biz bir-birimizlə düşmən deyilik, tədbirlərdə rastlaşanda salamlaşıb keçməyi bacarmışıq. İnciklik olub, şəxsən öz adımdan deyirəm. İnsan uman yerdən küsər, xətrimə dəymişdilər deyə, incimişdim. Əvvəllər düşünürdüm ki, mən kinli adam deyiləm. İndi görürəm ki, sən demə ən kinlisi elə mən imişəm.

– Həmkarlarınız arasında bir şablon var – sənətimizin çətinliyi filan… Axı bu çətinlik nədən ibarətdir?

– Çətinliklər çoxdur, amma mən sizə mənəvi tərəflərini deyim. Milyonların müzakirə obyekti olmaq asan iş deyil, dözmək olmur. Mənim kimi adam üçün bu, lap çətindir. Həmişə özümdən çox çevrəmdəkiləri düşünmüşəm. Demişəm ki, birdən cavab verərəm, skandal olar, susmuşam. “Ondan ayıbdır, bundan ayıbdır” deyə-deyə boğuluram artıq. Qəlbən həssas olsam da, sənətdə hər zaman ağlımla, məntiqimlə hərəkət eləmişəm. Ürəyimin ümidinə qalsaydım, o qədər emosional insanam ki, mənə bir söz deyənə hirsimdən beş söz qaytarardım. Özümə “olmaz” deyə bir qadağa qoydum, çünki danışdıqca bataqlığa gedəcəm.

– Sizcə, müğənninin geyimi nə qədər önəm daşıyır?

– Bir müğənni üçün görkəm lazımdır, üzərinə savad da gələrsə, bənzərsiz olar. Səhnə görkəmli insanları sevir, istisnalar var, əlbəttə. Olur ki, bir sənətçinin görkəmi yoxdur, amma ifasıyla sevilir və populyar olur. Savadlı olmaq isə hər kəsə lazımdır, danışanda ağzından çıxardığın sözdən əmin olursan, sualların qarşısında aciz qalmırsan. Həyat məktəbi də olmalıdır, hətta deyərdim, daha önəmlidir.

– Stilinizi kim müəyyənləşdirir?

– Əlbəttə ki, özüm. Bu işdə heç kimin yardımına ehtiyacım yoxdur. Bir halda ki, özüm bu işin ustasıyam, niyə də kimdənsə kömək ummalıyam? Mən gözəl geyimləri sevirəm. Düzdür, xarici görkəmimlə bağlı ürəyim istədiyi bəzi şeyləri geyinə bilmirəm, amma yenə də geyimimə nəzarət edirəm ki, zövqlü olsun. Ümumiyyətlə, heç bir səhnə adamının ixtiyarı yoxdur ki, ona rahat olan şeyi geyinsin. Səhnə adamı tamaşaçının zövqünü oxşamalıdır. Heç kəsin ixtiyarı yoxdur ki, mənim kimi tamaşaçının zövqünü korlasın. Gözümü oxşasın, canımı alsın, nəinki vulqar görünüb zövqsüz olsun. Zövq insanla birgə doğulmur, zamanla formalaşır. O qədər müğənnilərimiz var ki, zövqsüz gəliblər, amma indi zövqlə geyinirlər.

– Çox məqsədyönlüsüz…

– Mənə görə “edə bilmərəm” deyə bir şey yoxdur, yalnız “etmək istəmirəm” var. İstədiyim bir şeyi kimsə mənim əlimdən ala bilməz. Mən bu gün müğənniyəmsə, sənətimə görə valideynlərimlə mübarizə apara bilmişəmsə, deməli mən çox şey bacarıram. Təsəvvür edirsiniz, otuz il öncə sadə bir ailənin içindən çıxıb səhnəyə gəlmək nə deməkdir? Onlar məni filologiya fakültəsinə hazırlayırlar, hər şey hazırdır və mən birdən-birə qarşılarına çıxıb deyirəm ki, mən müğənni olacam. Çox əngəl olmağa çalışdılar, hətta birinci imtahanımda əllərindən gələni etdilər ki, incəsənət universitetinə qəbul ola bilməyim. İkinci imtahandan daxil oldum. Onları da dilə tutdum ki, rejissor olub səhnə arxasında qalacam, səhnəyə çıxmayacam və beləcə yavaş-yavaş səhnəyə addımlarımı atdım.

– Müğənni və kitab… Bu barədə nə deyərdiniz?

– Nəinki müğənni, hər kəs kitab oxumalıdır. Bir çox gəzən bilər, bir də çox oxuyan. Mən özümə asanını seçmişəm, daha çox gəzirəm. Bu o demək deyil ki, kitab oxumuram. Oxuyuram, əlbəttə. Əvvəllər daha çox oxuyurdum. Çünki başqa seçimimiz yox idi; internet yox idi, mobil vasitələr yox idi, oyun yox idi, texnika bu qədər inkişaf etməmişdi. O üzdən daha faydalı işlərlə məşğul olurduq. İndi kitab oxumağın faydalı tərəflərini qızıma aşılayıram, aman-zaman bir qızım var, ona görə özümdə olan boşluqları onda doldurmağa çalışıram: dillər öyrənir, çox kitab oxuyur…

– Fotoyla aranız necədir?

– O qədər də həvəsli deyiləm, hər dəqiqə foto çəkib paylaşmağı sevmirəm. Hər şeyin qədəri var, həddi aşmaq ifrat yaradır. Professional səviyyədə foto-sessiyalarım isə kifayət qədərdir və lazım olduqca yenə çəkdirirəm. Bu da mənim tamaşaçıma olan hörmətimdən və həmin hörmətdən doğan məsuliyyət hissindən irəli gəlir ki, onların qarşısına qüsursuz çıxmağın tərəfdarıyam. Güman edirəm ki, layihəniz üçün nəzərdə tutulan foto-sessiyamız da tamaşaçıların xoşuna gələcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər