1 Avqust Azərbaycan Əlifbası və Ana Dili Günüdür

644

Dil bir xalqın milli sərvəti, varlığının təsdiqi, təkrarolunmazlığının göstəricisidir. Hər bir xalqın dili, əlifbası eyni zamanda onun millət olaraq var olmasını şərtləndirir. Boş yerə deyilməyib ki, “dilini itirən xalq məhvə məhkumdur”.
Ana dili hər bir xalqın varlığını, milli mənsubiyyətini və kimliyini təsdiq edən başlıca xüsusiyyəti kimi onu xarakterizə edən ən vacib amillərdəndir. Hazırda dünyada 200-dən artıq ölkənin 70 rəsmi dili statistika olaraq dünyada qəbul olunub. Öz zənginliyi, ahəngdarlığı və tarixi kökləri ilə seçilən dillərdən biri də doğma ana dilimiz – Azərbaycan dilidir. Ana dilimiz xalqımızın ən dəyərli, eyni zamanda qorunub inkişaf etdirilməsi vacib olan milli sərvətidir.
Ana dilimiz onu canından çox sevən övladlarının himayəsi və fədakarlığı ilə bu günlərə gəlib çıxmışdır. Tarixə nəzər salsaq görərik ki, bir çox görkəmli liderlərimiz digər milli-mənəvi dəyərlərimizlə yanaşı dilimizin, onun saflığının, milli tərkibinin qorunmasına, nəsildən-nəsilə ötərək bugünkü səviyyəyə gəlib çıxmasına xüsusi diqqət yetirmişlər.
Azərbaycanın təkraolunmaz lideri Heydər Əliyev də Ana dilimizi canı bahasına sahiblənərək ürəklərdə taxt qurmuş, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafına nail olmuşdur. Sovet hakimiyyəti tabeliyində olan bütün xalqların dil siyasətinin nəzarətdə saxlanıldığını nəzərə alsaq, xüsusən də 20-ci, 30-cu, 40-cı, 50-ci, hətta 60-cı illərdə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, ölkəmizdə Azərbaycan dili hakim dil deyildi. O zamankı təzyiqləri və bürokratiyanı xatırlasaq ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi. 70-ci illərdə Sovet hakimiyyəti tabeliyində olan xalqların dil məsələsi gündəmə gətirilsə də, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da geniş vüsət aldı. Sovet hakimiyyətinin xalqlara təzyiq metodu kimi dil siyasətindən istifadə etdiyi bir zamanda ana dili mövzusunu dilə gətirmək çox riskli və qorxulu idi. Hətta dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Bütün bu təzyiqlərə baxmayaraq o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən dil mövzusuna toxunmuş, dil məsələsində öz mövqeyini qətiyyətlə bildirmiş və niyyətinə müvəffəq olmaq üçün bu çətin addımı atmağı bacarmışdı. Uzaqgörən siyasəti ilə seçilən Heydər Əliyevin bu addımı əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Bu addımın reallaşması vətəndaşlara ana dilində oxumaq imkanı verə bilərdi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq hakim dairələrin qərarı ilə ümumxalq müzakirəsinə göndərildi. Bu tarixi layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi qeyd edilmişdi. Kommunist ideologiyasının hökmranlıq etdiyi, çox şeyin formal xarakter daşıdığı o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirə bu formalizmdən yan keçmədi və Azərbaycan dili bu müzakirələrə daxil edilmədi. Buna baxmayaraq, zamanın milli ruhlu ziyalıları layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını qeyd etmişdilər. O, zaman üçün böyük risk sayıla biləcək bir addımla çıxış edən Heydər Əliyev Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınması üçün əlindən gələni edir. Məqsədli addım olduğunu hiss edən Moskva rəhbərləri müxtəlif bəhanələrlə bunun qarşısını alırdılar. Xalqına, millətinə sadiqlik hissi ilə dərindən bağlı olan Ulu öndər isə inadından əl çəkmir, öz məqsədinə çatmaq üçün israrla gecə-gündüz çalışırdı. Heydər Əliyev belə bir çətin vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L. İ. Brejnevlə danışıqlara girir və bu öz uğurlu nəticəsini verir. Azərbaycan dilinin dövlət dili statusu ilə Konstitusiyaya salınması məsələsi nəhayət birdəfəlik həll edilir və Azərbaycan dili dövlət dili statusu ilə tarixdə öz layiqli yerini alır.
Tarixi-siyasi addımları ilə xalqımızın taleyində əhəmiyyətli rol oynamış Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ilə xalqı qarşısında ən böyük tarixi xidmətlərindən birini həyata keçirmiş oldu. Heydər Əliyevin sonrakı addımlarıda dilimizin inkişafı və zənginləşdiriliməsi idi. Bunun üçün dilçi alimlərin fəaliyyətini yaxından izləyən və onların qayğısına qalan Ulu Öndər ana dilmizdə kitabların nəşrinə xüsusi diqqət yetirərək bunun geniş vüsət almasını təmin edirdi.
Ulu öndərin dilimiz qarşısındakı bir digər missiyası dövlət dilinin adının dəyişdirilərək “türk dili” adlandırılmasının qarşısını alaraq, Azərbaycanın bir dövlət, xalq kimi xəritədən birdəfəlik silinməsinin qarşısını almaq oldu. Dövlət idarəçilyinə dərindən bələd olan dahi şəxsiyyət Heydər Əliyev bu səriştəsiz addımı xarakterizə edərək qərarın xalqın iradəsi olmadan verildiyini, bunun səhv addım olduğunu vurğulamış və sənədin dəyişdirilməsinə nail olmuşdu.
1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlnılmasını ön plana çəkir. Ulu öndər Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsini unutmur, ana dilimizi “türk dili” yox “Azərbaycan dili” kimi bərpa edir.
Dövlət siyasətinin önəmli istiqaməti kimi 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi.
Bu siyasətin məntiqi ardı Prezident Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı növbəti Fərmanla “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” oldu. İmzalanan ali dövlət sənədinə görə, Azərbaycan Respublikasının ərazisində “Hər il avqust ayının 1-i gününün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd ediləcəyi” bildirildi. Bu işin daha səmərəli və sürətlə həyata keçirilməsini nəzərə alaraq həmin vaxtlarda Dil Şurası yaradıldı, dilimizin önəmini və dövlət əhəmiyyətini daha da əsaslandırmaq üçün 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu.
Ulu öndər çox yaxşı anlayırdı ki, dil amili millətin özünüdərki üçün çox mühüm məsələdir və bunu dərindən anlayan cənab Prezident İlham Əliyev Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün də uğurla davam etdirir. Ölkə başçımız tərəfindən bununla əlaqədar imzalanmış sərəncam və fərmanların geniş miqyası deyilənləri təsdiq edə bilər.
əbədiyaşar insan çox yaxşı anlayırdı ki, dil amili millətin özünüdərki üçün çox mühüm məsələdir və bunu dərindən bilən cənab Prezident İlham Əliyev Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün də uğurla davam etdirir.
Cənab Prezidentin Azərbaycan dilində həmin vaxtlara qədər çap edilmiş istər dünya, istərsə də Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin latın qrafikalı əlifba ilə nəşr edilməsini təmin edəcək Sərəncam buna nümunə ola bilər. 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” dövlət rəhbərinin Sərəncamı bu sferada yarana biləcək boşluğu aradan qaldırmaqla, əlifba ilə bağlı digər texniki problemləri həll etdi. Onu demək kifayətdir ki, Prezidentin sonradan adıçəkilən Sərəncamın məntiqi davamı olaraq imzaladığı növbəti sərəncamlar əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından nəşrlər latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edildi. Cənab Prezidentin 2004-cü il yanvarın 13-də imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” digər Sərəncamı isə Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinin başlanılmasını təmin etdi. Azərbaycan Milli Ensiklopediyasının yeni nəşri etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən bir nəşr kimi özünü doğrultdu. Ensiklopediyada xalqımızın bəşəriyyət tarixi, iqtisadiyyatı, mədəniyyəti, elm və siyasətindəki yeri və rolu, respublikamızda bu sahələrdə çalışanların, həmçinin görkəmli azərbaycanlı mesenat, mühacir və neft sənayesi sahibkarlarının nailiyyətləri, Azərbaycanın öyrənilməsində mühüm rolu olan əcnəbi tədqiqatçıların əsərləri öz əksini tapmışdır. Ümumilikdə isə, Azərbaycan Milli Ensiklopediyasının nəşri Prezident İlham Əliyevin maarifçilik məqsədi daşıyan böyük xidməti kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin dilimizin inkişafı və qorunması istiqamətindəki növbəti fəaliyyəti “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması kimi dəyərləndirmək olar.
Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə, ahəngdarlığa və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi, dilimizə yad dillərin təsiri halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərində və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi biz hiss etməsək də dilimizdə qalıcı təsir göstərir və kütlələr tərəfindən qəbul olunmağa başlayır. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması, məişətimizə daxil olan sözlərin dilimizə uyğun alternativ sözlərlə əvəz edilməməsi və buna nəzarət mexanizminin olmaması dilimiz qarşısında böyük təhlükə yaradır.
Esmira ŞAHBAZOVA,
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər