1 Avqust-Azərbaycan əlifbası və Azərbaycan Dili Günü.
“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini – Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”,- Ulu Öndər Heydər Əliyev.
Azərbaycan dili türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir. Bu dil həmin yarımqrup daxilində xüsusi mövqeyə malikdir. Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlı olur. Azərbaycan dilinin tarixi də xalqımızın tarixi kimi çox qədimdir. Dilimiz hazırkı inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. İlk dövrlərdə başqa dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik quruluşu isə bəsit olmuşdur. Lakin xalqımız tarixən inkişaf etdikcə dilimizin səs sistemi tədricən səlisləşmiş, lüğət tərkibi zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən biri hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Lakin dilimizin XX yüzillikdə inkişaf tarixinə və onun necə adlandırılmasına nəzər salsaq, son dərəcə acınacaqlı faktlarla rastlaşarıq: “müsəlman dili”, “tatar dili” və s. Fikrimcə, dünyada elə bir dil yoxdur ki, bir əsrdə onun adı dəfələrlə dəyişikliyə məruz qalsın. Bir-birinin ardınca baş verən bu addəyişmələr nəticəsində dilimizin ictimai-mədəni funksiyasının müəyyənləşdirilməsinə və nəhayət, onun dövlət dili statusunu almasına böyük maneələr yaradılmışdı. Dilimizin sıxışdırılması siyasəti yaxın keçmişimizdə – sovetlər dönəmində daha geniş vüsət almışdı. Və bu proses ölkəmizdə çox böyük ustalıqla həyata keçirilərək ana dilinin dövlət dili kimi tətbiqi və istifadə olunması məhdudlaşdırılaraq kargüzarlıqda rus dilindən istifadənin genişləndirilməsi fonunda baş verirdi. Elə bir vəziyyət yaranmışdı ki, dövlət idarələrində kargüzarlıq işləri tam olaraq rus dilində aparılırdı və bu hal tədricən rayonlara da sirayət edirdi. Anadilli məktəblərin sayının get-gedə azalaraq öz yerini rusdilli və beynəlmiləl məktəblərə verməsi, ali məktəblərə qəbulda rus bölməsinə üstünlük verilməsi, bütün elmi-texniki ədəbiyyatların rus dilində olması və s. imperiyanın apardığı düşünülmüş, ardıcıl siyasət idi.
Bütün bunlara baxmayaraq, ümummilli lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Azərbaycan KP MK-ya yenicə birinci katib seçilmiş Heydər Əliyev 1969-cu ildə – ADU-nun 50 illik yubileyində ilk dəfə Azərbaycan dilində çıxış etdi. Bu çıxış xalqa ana dilində müraciət idi. Hər kəs bilməlidir ki, dil ona qarşı zorakılığa dözmür, əksinə inkişaf edir, özünə yeni cəbhələr açır. Həm də unudulmamalıdır ki, Azərbaycan dili inkişafı üçün o qədər əlverişsiz şəraitdə olduğu bir vaxtda bu problemə ilk dəfə Heydər Əliyev müraciət etmişdir. Sovet düşüncəsi çərçivəsində bu düşüncənin qansız məddahları milli dillərə vahid rusdilli sovet xalqının formalaşması və təşəkkülü yolunda ancaq əngəl kimi baxırdılar. Bu çıxışdan sonra Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Məhz bu Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qaldı. Xalqını, millətini böyük məhəbbətlə sevən Ulu Öndər öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi. Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L. İ. Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.
“Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa, al,o yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!”- Ulu Öndər Heydər Əliyev.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.
“Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”, – Ulu Öndər Heydər Əliyev.
Ümummilli lider Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına, saflaşdırılmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin iyunun 18-də böyük dahi şəxsiyyət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.
“Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə – Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”,- Ulu Öndər Heydər Əliyev. Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasından (Prezident Sarayı, 5 noyabr, 1995-ci il).
2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərman imzaladı. Fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılaraq ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.
Cənab İlham Əliyev dilimizə böyük sevgi, diqqət və qayğısının bariz ifadəsi olaraq daima bildirir ki, “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir – Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Dövlət başçısı ana dilimizin zənginliyi baxımından dünya dilləri sırasında xüsusi yeri olduğunu da vurğulayır: “Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri sırasında xüsusi yeri vardır”.
Heydər Əliyevin davamçısı kimi Azərbaycanın inkişafı naminə var gücü ilə çalışan, bütün sahələrdə inkişafı təmin edən İlham Əliyev Ulu Öndərin dil siyasətinə heç bir zaman biganə qalmadı. Ana dilimizin dövlət dili kimi işləkliyi üçün mühüm işlər gördü. Azərbaycan dilinin geniş şəkildə tətbiqinə nail ola bildi. İlham Əliyevin ən mühüm xidmətlərindən biri isə dilimizin beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsi idi ki, buna da nail ola bildik. İlham Əliyevin bu sahədəki ilk addımı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı oldu. Sərəncamın imzalanması mühüm bir hadisə idi. Belə ki, 18 iyun 2001-ci ildə latın qrafikalı əlifbaya keçidin təmin edilməsi qarşıda bir çox vəzifələr qoyurdu. Bu vəzifələrdən biri də latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi idi. Bunun vacibliyini nəzərə alan İlham Əliyev bununla bağlı Sərəncam imzalayır.
Bundan sonra ölkə başçısının 2013-cü il aprelin 9-da “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” imzaladığı Sərəncamı da öz aktuallığı ilə seçilir. Bu sərəncam da Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, dilimizin saflığının qorunması və daha da zənginləşdirilməsi baxımından mühüm tarixi hadisə idi.
Dilimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər daha da davam etdirilir, ölkə Prezidenti İlham Əliyev yeni tarixi qərarlar qəbul edirdi. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il Fərmanı olduqca mühüm bir sənəd idi. Bu Fərmanın tarixi əhəmiyyəti ondan ibarət idi ki, bu sənəd həm əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dil siyasətinin, həm də dilimizin inkişafı və qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işlərin məntiqi davamı idi.
Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.
Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xəyalə Maarifqızı: Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin müəllimi.
1 Avqust-Azərbaycan əlifbası və Azərbaycan Dili Günü
•
550
Müzakirə qapadılmışdır.