10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanat Azərbaycanın uzun illər ərzində işğalda olan torpaqlarını geri qaytardı. Bu sənəd Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəni sona çatdıran, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən və ölkəmizin ərazi bütövlüyünü bərpa edən mühüm bir nailiyyət oldu. Azərbaycan xalqının birliyi və güclü ordusu bu tarixi qələbənin arxasında dayanan əsas qüvvələr idi.
Üçtərəfli Bəyanat Azərbaycanın illərdir işğal altında qalan torpaqlarına qayıdışını təmin etdi. İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi bu qələbənin simvolu oldu və Azərbaycan xalqının milli şüarına çevrildi. Bu bəyanatın imzalanması həmçinin, bütün xalqın ölkənin ərazi bütövlüyü uğrunda bir araya gəldiyini və dövlətinə, ordusuna olan inamını gücləndirdi. Bütün bölgələrdən gələn dəstək, insanların televiziya qarşısında cəbhə xəbərlərini izləməsi və sevinc hissləri, xalqın birlik və həmrəylik nümunəsini ortaya qoydu.
Azərbaycan Ordusunun güclü hərbi strategiyası və ordumuzun müasir döyüş taktikası sayəsində Ermənistan məğlubiyyəti qəbul etmək məcburiyyətində qaldı və kapitulyasiya aktına imza atdı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yenilməz iradəsini və Vətən uğrunda canından keçməyə hazır olduğunu bir daha göstərdi. Ermənistanın “Dağlıq Qarabağ Muxtar Vilayəti” adı ilə yaratdığı status arxivə getdi və regionda yeni siyasi reallıq yarandı.
İmzalanmış Üçtərəfli Bəyanat Azərbaycanın Naxçıvanla quru yollarla birləşməsi üçün tarixi bir imkana da yol açdı. Bu kommunikasiya layihələri həm iqtisadi, həm də siyasi baxımdan regionun inkişafına böyük töhfə verəcəkdir. Azərbaycanın təşəbbüsü ilə reallaşacaq yeni nəqliyyat infrastrukturunun, təkcə Azərbaycanın deyil, regionun iqtisadiyyatına da müsbət təsir edəcəyi gözlənilir. Artıq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən keçən yolla Naxçıvanla əlaqəsi qurulacaq.
Azərbaycanla Türkiyə arasında mövcud olan dərin dostluq və qardaşlıq bağları bu müharibədə də öz əksini tapdı. Türkiyə Azərbaycana dəstək verməklə regionda sabitlik və təhlükəsizlik yaradılmasına kömək etdi. Bu dəstək Azərbaycan xalqının və dövlətinin arxasında güclü bir dayaq olduğunu bir daha sübut etdi və iki ölkə arasında möhkəm strateji tərəfdaşlığı nümayiş etdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən güclü dövlət və güclü ordu strategiyası Azərbaycanın tarixi qələbəsinin əsas səbəblərindən biri oldu. Azərbaycan, həm döyüş meydanında, həm də diplomatik arenada öz istəyinə nail oldu. Bu qələbə yalnız hərbi güc və strateji üstünlüklərlə deyil, həm də xalqın dövlətinə və ordusuna olan dəstəyi ilə mümkün oldu. Azərbaycanın müasir hərbi taktikaları dünya ölkələri tərəfindən öyrənilir və təcrübə kimi qəbul edilir.
10 noyabr Bəyanatı həm də regionda uzunmüddətli sülhə gedən yolda bir addım olaraq qəbul edilir. Ermənistanın işğalçılıq siyasəti sona çatdı və Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi. Üçtərəfli Bəyanatla əldə edilmiş nailiyyətlər Azərbaycanın gələcək inkişafına zəmin yaratmaqla yanaşı, xalqımızın milli qürurunu və qələbə ruhunu daim yaşadacaqdır. Bu tarixi hadisə Azərbaycanın dünya ictimaiyyətinə sarsılmaz gücünü nümayiş etdirdi və bütün ərazisində suverenliyini tam təmin etdi.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor
Müzakirə qapadılmışdır.