“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” – Ulu Öndər Heydər Əliyev.
Dövlətin ali qanunvericilik aktı olan Konstitusiya dövlətçiliyin əsaslarından biridir. Bütün dövlət atributları bu sənəddə ifadə edilmişdir. Konstitusiya hər bir vətəndaşın əməl etməli olduğu qanunlar toplusudur.
Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ olan Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə Konstitusiya – Əsas Qanun müxtəlif səbəblərdən qəbul olunmamışdı ki, bunun da başlıca səbəbi rus imperiyasının ilhaqı idi. Bu səbəbdən 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Həmin illərdə Konstitusiya bir neçə dəfə dəyişdirilmişdir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiyasının layihəsi hazırlanmışdır. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. ”
1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul edildi. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısındakı tarixi xidmətlərindən biridir. 1980-ci illərin ikinci yarısından başlayaraq Konstitusiyaya çoxsaylı əlavə və dəyişikliklər edilmişdir. Bunun nəticəsidir ki, ilkin variantı ilə müqayisədə əhəmiyyətli dəyişikliklərə məruz qalan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olmuşdur.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də məhz müstəqil dövlət üçün yeni Konstitusiyanın hazırlanmasıdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş, onlardan 91,9 faizi Konstitusiyanın qəbulunun lehinə səs vermişdir. Beləliklə, Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Milli dövlətçilik tarixində ilk Konstitusiyanın müstəsna əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunmağa başlandı.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin hüquqi əsaslarını yaratmış, onun inkişafına güclü təkan vermiş, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyən etmişdir. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında ən mühüm vəzifə kimi qoyub.
Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq kimi nailiyyətlər təsbit olunmuşdu. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Əsas Qanunumuz dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarını geniş şəkildə müəyyən edir. Sonrakı illərdə dəyişən sosial-siyasi reallıqla əlaqədar və əldə edilmiş uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasına bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir.
Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun 28-ci ildönümünü sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı Qələbə, antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ölkəmizin bütün ərazisində Konstitusiyamızın tətbiqinə imkan yaradıb.
Şəbnəm Əliyeva, Sumqayıtın Tarixi Muzeyinin kiçik elmi işçisi
Müzakirə qapadılmışdır.