Sumqayıt Dövlət Universitetində 15 iri sənaye müəssisəsindən 40-a yaxın rəhbər şəxsin və insan resursları rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə SOCAR Downstream və strukturuna daxil olan Azərikimya İB, SOCAR Karbamid, SOCAR Polymer müəssisələrinin direktorları, Sumqayıt Texnologiyalar Parkının (STP), BP şirkətinin, Azersun Holdinqə daxil olan zavod-fabriklərin, Azərişıq ASC, Azərenerji ASC, Gilan Tekstil, Nobel Energy, Kapital Bank, Azertexnolayn və Technol şirkətlərinin direktorları, rəhbər şəxsləri və insan resursları idarəçiləri iştirak etmişdir.
Görüşü SDU-nun rektoru Rüfət Əzizov açaraq universitetlə sənaye müəssisələri arasında mümkün əməkdaşlıq istiqamətləri haqqında məlumat verdi. SDU ilə sənaye müəssisələri arasında tələbələr üçün təcrübə proqramlarının təşkilində, tədrisdə məzmunun yenilənməsində, elmi-tədqiqat layihələrində, akademik heyət və tələbələr üçün qısa müddətli təlimlərin təşkilində, praktik konfrans və tələbə düşərgələrinin keçirilməsində birgə fəaliyyətlərin əhəmiyyətini qeyd etdi.
“SOCAR Downstream Management” şirkətinin Baş direktoru Emil Alxaslı, SOCAR “Azərikimya” İB-nin Baş direktoru Elnur Məmmədli, Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, Nobel Energy-nin Baş əməliyyat direktoru Ramal Quliyev, SOCAR Karbamid zavodunun direktoru Kutay Durna, STP MMC-nin Baş İnsan Resursları İnzibatçısı və İdarə heyətinin üzvü Şölə Əliyeva, Gilan Tekstil şirkətinin direktoru Esmin Xəlilov, Technol şirkətin təsisçisi Elvin Hacıyev və Azərsun Holdinqə daxil olan fabriklərin direktorları və digər iştirakçılar çıxış edərək universitet-sənaye işbirliyinin məqsəd və mahiyyətindən danışdılar. Təcrübə proqramları, praktik bacarıqlar üçün vorkşoplar, laboratoriya və məzmunun yenilənməsi, tələbələrin ixtisasa həvəsləndirilməsi, müəllimlərin və tələbələrin praktik bacarıqlarının artırılması, araşdırma və optimallaşdırma layihələri, tədrisdə sənaye müəssisələrindən mütəxəssislərin iştirakı, sənaye üçün ixtisasartırma kurslarının təşkilində əməkdaşlığın rolunu xüsusi olaraq vurğuladılar və SDU ilə təmsil etdikləri müəssisələrin əlaqələrinin daha da genişlənəcəyini qeyd etdilər.
Görüşdə 2024-cü il üçün SDU ilə sənaye müəssisələrinin birgə fəaliyyət planının hazırlanması üçün ilkin istiqamətlər müzakirə olundu.
Müzakirə qapadılmışdır.