19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

463

Azərbaycan Respublikasının müasir tarixi milli dövlətçiliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasətin həyata keçirilməsi ilə səciyyələnir. 2020-ci ilin Vətən müharibəsində əldə olunan böyük Zəfərdən sonra ölkəmiz Qarabağda qalan qanunsuz silahlı dəstələrin fəaliyyətini aradan qaldırmaq və separatizmin sonunu gətirmək qarşısında idi. Bu prosesin məntiqi nəticəsi 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror əməliyyatı oldu. Qısa müddətdə uğurla başa çatan bu əməliyyat Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi hesab olunur.

Uzun illər ərzində Qarabağda yaşayan erməni icmasının nümayəndələri Azərbaycan dövlətinin sülh və reinteqrasiya çağırışlarına qarşı qeyri-konstruktiv mövqe nümayiş etdirirdilər. Rəsmi Bakı dəfələrlə onları dialoqa dəvət etsə də, bu görüşlər müxtəlif bəhanələrlə ya təxirə salınır, ya da tamamilə rədd edilirdi.

Bu siyasət həm regionda gərginliyin qalmasına səbəb olur, həm də separatçı qüvvələrin özünü qorumaq cəhdlərinin nümayiş etdirirdi. Lakin 2023-cü ilin 19–20 sentyabrında keçirilən lokal antiterror əməliyyatı vəziyyəti tamamilə dəyişdi. Cəmi bir günlük əməliyyatdan sonra Qarabağdakı erməni icmasının nümayəndələri Azərbaycanın təkliflərini qəbul etməyə məcbur oldular və 21 sentyabr tarixində Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə danışıqlara qatıldılar. Bu görüş faktiki olaraq separatizmin məğlubiyyətinin rəsmi təsdiqi idi.

Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı lokal antiterror tədbirlərinə başladı. Əməliyyatın əsas məqsədi qanunsuz silahlı dəstələrin tərksilah edilməsi, mövcud hərbi infrastrukturun sıradan çıxarılması və bölgədə dinc əhalinin təhlükəsizliyinin təmin olunması idi.

Cəmi 24 saat davam edən əməliyyat yüksək dəqiqliklə və müasir hərbi taktikalarla icra olundu. Azərbaycan Ordusu mülki əhalini hədəfə almadan, yalnız hərbi obyektlərə zərbələr endirdi. Nəticədə qanunsuz silahlı dəstələr müqavimət göstərmək iqtidarında olmadı və təslim olmaq məcburiyyətində qaldı. Bu əməliyyat həm də Azərbaycanın hərbi gücünün və müasir ordu quruculuğunun növbəti dəfə nümayişi idi.

Antiterror əməliyyatından cəmi bir həftə sonra Qarabağda fəaliyyət göstərən separatçı qurum tam süquta uğradı. 2023-cü il sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma “Dağlıq Qarabağ Respublikası” adlı rejimin buraxılması barədə sənəd imzaladı. Bu sənəd yalnız bir hüquqi akt deyildi, eyni zamanda, Azərbaycan dövlətinin prinsipial və qətiyyətli mövqeyinin real nəticəsi idi.

Qondarma rejimin süqutu ilə bölgədə separatizm birdəfəlik aradan qalxdı və beynəlxalq ictimaiyyət də faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdı.

Separatçılığın tam aradan qaldırılmasından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də tarixi addım atdı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu hadisə təkcə siyasi deyil, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Xankəndi və Xocalı kimi şəhərlərdə Azərbaycan Bayrağının dalğalanması, 30 ildən artıq davam edən işğal və faciələrin ardından milli birliyin və ədalətin bərpasının simvolu oldu. Bu, həm də şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin rəmzi idi.

Antiterror əməliyyatından sonra beynəlxalq aləmdə müxtəlif reaksiyalar müşahidə olundu. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bölgədəki vəziyyəti diqqətlə izləsələr də, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, suverenliyi və ərazi bütövlüyü faktiki olaraq qəbul olundu.

Qərb dövlətlərinin bir qismi ilkin olaraq narahatlıq ifadə etsələr də, son nəticədə Azərbaycanın atdığı addımların legitimliyi və məqsədinin sülhə xidmət etdiyi təsdiqləndi. Rusiya, Türkiyə və digər region dövlətləri isə proseslərin sülh yolu ilə davam etməsinin vacibliyini vurğuladılar.

19–20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Bu əməliyyatla ölkəmizin ərazi bütövlüyü tam şəkildə təmin edildi, separatçı rejim birdəfəlik aradan qaldırıldı, erməni icması reinteqrasiyanın alternativsizliyini qəbul etdi, Azərbaycan xalqı 30 illik ədalətsizlikdən sonra milli qürur və birliyi yenidən yaşadı.

2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri Azərbaycan tarixində bir-birini tamamlayan iki mərhələ oldu. Bu gün Qarabağda yeni reallıqlar formalaşır: sülh, sabitlik, bərpa və reinteqrasiya. Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar açılır və bu prosesin əsas dayağı ölkəmizin güclü dövlət iradəsi və birliyidir.

Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər