20 oktyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri –Zəngilan şəhərinin işğaldan azad olunduğu gün kimi dövlət yaddaşına həkk olunub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” elan edilməsi həm tarixi, həm də siyasi baxımdan dərin məna daşıyır.
Zəngilan Qafqazın strateji nöqtəsində yerləşməklə Azərbaycanın qərb qapısı, eyni zamanda Zəngəzur dəhlizinin mühüm həlqəsi kimi ölkənin iqtisadi, logistik və təhlükəsizlik arxitekturasında əsas yer tutur. Bu ərazi əsrlər boyu Azərbaycan xalqının məskunlaşdığı, mədəniyyət və dövlətçilik ənənələrinin yaşadığı, zəngin təbii ehtiyatlara və strateji mövqeyə malik bir bölgə olub.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra yaradılan yeni inzibati bölgülər çərçivəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edildi. Qəzanın tərkibinə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın əraziləri daxil idi.
Bu inzibati bölgü Azərbaycan torpaqlarının tədricən parçalanmasının ilk mərhələsini təşkil edirdi. Sovet hakimiyyətinin qurulması ilə 1920-ci ilin aprelindən sonra bolşevik Rusiyasının dəstəyi ilə ermənilər Zəngəzurun yuxarı hissəsini ələ keçirdilər, nəticədə Zəngilan, Qubadlı və Laçın Azərbaycanın tərkibində qaldı. Bu fakt Zəngilanın Azərbaycan üçün həm coğrafi, həm strateji, həm də siyasi baxımdan mühüm mövqe daşıdığını bir daha təsdiqləyir. Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, Araz çayı boyunca İranla sərhəddə yerləşir. Ərazisi Həkəri çayından Mehri dağ silsiləsinədək uzanır. Qubadlı, Cəbrayıl, Mehri və Qafanla həmsərhəd olan rayon həm dağlıq, həm də düzənlik relyefi ilə fərqlənir.
Zəngilan ərazisində tikinti daşı, qara mərmər, qızıl və əhəng yataqları, həmçinin Oxçuçay, Həkəri, Araz və Bəsitçay kimi dörd əsas çay axır. Bu coğrafi xüsusiyyətlər Zəngilanı həm ekoloji, həm də iqtisadi potensial baxımından unikal bölgə kimi fərqləndirir.
1993-cü ilin payızında Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonunun işğalı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri oldu. Füzuli və Cəbrayılın işğalından sonra Zəngilan 67 gün mühasirədə qaldı. Rayonun müdafiəçiləri sonadək vuruşaraq 235 şəhid və itkin verdi. Mühasirədən çıxmaq üçün əhali Araz çayını keçərək İran ərazisinə sığınmaq məcburiyyətində qaldı. On minlərlə zəngilanlı Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşdı. İşğal nəticəsində yüzlərlə tarixi, dini və mədəni abidə məhv edildi, məscidlər tövləyə çevrildi, türbələr, pirlər və qədim yaşayış yerləri dağıdıldı. Erməni vandalizmi nəticəsində XVII–XIX əsrlərə aid İmam Hüseyn məscidi, Məmmədbəyli türbəsi, Bartaz Qız qalası, Şərifan abidələri və yüzlərlə ziyarətgah məhv edilmişdir. Bu vandalizm təkcə maddi deyil, həm də mənəvi irsimizə qarşı yönəlmişdi.
2020-ci il Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu Zəngilan rayonunun azad olunması istiqamətində mühüm uğurlar qazandı. 18 oktyabrda başlanan əməliyyatlar nəticəsində 20 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və 6 yaşayış məntəqəsinin azad edildiyini elan etdi. Bu qələbə ilə Azərbaycan 132 kilometrlik İran sərhədini tam bərpa etdi. Qısa zamanda sərhəd boyunca təhlükəsizlik, istehkam və mühafizə infrastrukturu yaradıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəngilanın azad olunmasında iştirak etmiş 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Zəngilan “Böyük Qayıdış” proqramı çərçivəsində bərpa və yenidənqurma proseslərinin ilk pilot bölgəsi** oldu. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi Azərbaycanın postmüharibə dövründəki yenidənqurma siyasətinin simvoluna çevrildi. Bu layihə çərçivəsində 200 fərdi ev, məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri yaradıldı. Kənddə enerji təchizatı hidro və günəş mənbələri ilə təmin edilir, çirkab sular bioloji üsulla təmizlənir, yüksək sürətli internet, video nəzarət sistemləri, e-təhsil və tele-səhiyyə xidmətləri fəaliyyət göstərir. Ağalı kəndi bu gün dayanıqlı inkişaf, yaşıl enerji və innovasiyaların vəhdətinin real modeli kimi tanınır. 2023-cü ildə təsdiq edilən “Zəngilan şəhərinin 2040-cı ilədək Baş Planı” bu rayonun növbəti onilliklər üçün strateji inkişaf xəritəsini müəyyənləşdirdi.
Bu gün Zəngilan Cənubi Qafqazın mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Burada Zəngilan Beynəlxalq Hava Liman* fəaliyyətə başlayıb. Hava limanı həm sərnişin, həm də yük daşımaları üçün ICAO və IATA standartlarına cavab verir. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil magistral bölgənin iqtisadi inteqrasiyasını təmin edəcək. Bu yollar Naxçıvana çıxışı bərpa edərək Zəngəzur dəhlizinin əsas hissəsini formalaşdıracaq.
İşğal zamanı dağıdılmış Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Tarixi məscidin yanında iki minarəli yeni ibadət məkanı inşa edilib. Eyni zamanda Məmmədbəyli türbəsi, Şərifan abidələri və digər memarlıq irsi bərpa proqramına daxil edilib. Bu addımlar Zəngilanın tarixi kimliyinin bərpası və bölgənin mənəvi dirçəlişinin göstəricisidir.
Zəngilan rayonunda Azərbaycan-Türkiyə tərəfdaşlığı ilə yaradılan “Dost Aqropark” layihəsi bölgənin iqtisadi strukturunu dəyişir. Layihə tam başa çatdıqda 500 nəfər daimi işlə təmin olunacaq, 6 min hektar sahədə bitkiçilik və maldarlıq kompleksləri fəaliyyət göstərəcək. Eyni zamanda “Ağalı” hotelinin açılışı və ekoturizm infrastrukturunun yaradılması Zəngilanı yaşıl turizm zonasına çevirir.
Prezident İlham Əliyevin 2020–2024-cü illərdə Zəngilana etdiyi çoxsaylı səfərlər dövlətin bu bölgəyə verdiyi strateji önəmi əyani şəkildə göstərir. Hər səfər konkret layihələrin təməlqoyması, açılışı və yeni təşəbbüslərin icrası ilə müşayiət olunub – “Ağıllı kənd”, “Dost Aqropark”, Beynəlxalq Hava Limanı, Su Elektrik Stansiyaları, yaşayış kompleksləri və Konqres Mərkəzi. Bu səfərlər Prezidentin bölgənin inteqrasiya olunmuş inkişaf modelinə – “yaşıl enerji”, “ağıllı şəhər” və “müasir kənd təsərrüfatı” konsepsiyalarına əsaslanan yanaşmasını əks etdirir.
Zəngilan bu gün bərpa və yenidənqurmanın, müasir idarəetmənin və dayanıqlı inkişafın canlı nümunəsidir. Əgər 1993-cü ildə bu torpaqlar məhv edilmiş, tarixi irs yerlə yeksan edilmişdisə, bu gün həmin torpaqlarda ağıllı kəndlər, yeni şəhər planları, hava limanları və müasir infrastruktur ucalır. Zəngilanın inkişafı həm də Azərbaycan dövlətinin iradəsinin, Prezident İlham Əliyevin rəhbərliyində həyata keçirilən milli strateji siyasətin təcəssümüdür.
20 oktyabr – Zəngilan şəhəri günü – yalnız tarixi Qələbənin deyil, Azərbaycanın gələcəyə baxan, yenilənən və qürurlu simasının rəmzidir.
Təranə Hüsiyeva, Sumqayıt Mərkəzləşmiş Kitabxana Sisteminin direktor vəzifəsini m.i.e
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixdən Zəfərə, Zəfərdən İnkişafa
•
245
Müzakirə qapadılmışdır.