Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən ağır sınaqlardan biri olan 20 Yanvar faciəsi milli yaddaşımıza qanla yazılmışdır. Bu dəhşətli hadisə təkcə yüzlərlə günahsız insanın qətlə yetirilməsi ilə deyil, həm də totalitar sovet rejiminin Azərbaycan xalqının azadlıq iradəsinə qarşı törətdiyi açıq hərbi təcavüz kimi tarixə düşmüşdür. 20 Yanvar faciəsinin 36-cı ildönümündə xalqımız həmin qanlı gecəni dərin hüznlə yanaşı, milli qürur və ləyaqət hissi ilə də yad edir. Çünki həmin gecə Azərbaycan xalqı azadlıq yolunda ilk böyük şəhidlərini verdi və müstəqilliyə aparan dönüş nöqtəsini yaşadı.
1990-cı ilin yanvar faciəsinə aparan yol 1987-ci ildən etibarən Ermənistan ərazisində yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin açıq siyasi kampaniyaya çevrilməsi ilə başlanmışdı. Sovet rəhbərliyi regionda artan gərginliyi aradan qaldırmaq əvəzinə, Azərbaycan xalqına qarşı qabaqcadan planlaşdırılmış cinayətə əl atdı. SSRİ rəhbərliyi tərəfindən Bakıya yeridilən hərbi kontingentin tərkibinə məqsədli şəkildə müxtəlif regionlardan, o cümlədən erməni zabit və hərbçilərin cəlb edilməsi, on minlərlə əsgərin əvvəlcədən şəhər ətrafında yerləşdirilməsi bu qanlı planın təsadüfi olmadığını açıq şəkildə sübut edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa əmri ilə Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına qoşun hissələri yeridildi. Dinc əhali fövqəladə vəziyyət elan olunmadan, xəbərdarlıq edilmədən ağır texnika, tanklar və müxtəlif tipli silahlarla atəşə tutuldu. “Bakı əməliyyatı” adlandırılan bu hərbi təcavüzə SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və DTK rəhbərliyi birbaşa rəhbərlik edirdi. Fövqəladə vəziyyətin tətbiqi barədə məlumat yalnız kütləvi qırğın törədildikdən sonra radio vasitəsilə elan olundu. Nəticədə 147 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı, minlərlə ailənin taleyinə sağalmaz yaralar vuruldu.
Qanlı Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı bütün siyasi və mənəvi dayaqlarını sarsıtdı. Xalqın kommunist rejiminə olan inamı birdəfəlik məhv oldu, Sovet İKP-nin sıraları kütləvi şəkildə tərk edildi. Bununla yanaşı, faciədən sonra bəzi siyasi qüvvələrin xalqın qanı üzərindən öz siyasi məqsədlərini reallaşdırmaq cəhdləri də ifşa olundu. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə çıxış edən, lakin hakimiyyətə gəldikdən sonra bu məsələdən yayınan qüvvələr xalqın etimadını itirdi.
20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Faciənin ertəsi günü – 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək açıq şəkildə Sovet rəhbərliyini ittiham etdi, bu hadisəni insanlığa qarşı törədilmiş ağır cinayət adlandırdı. Ulu Öndər həyatını təhlükə altına qoyaraq Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdı və bu mövqeyi ilə milli dirənişin mənəvi liderinə çevrildi. Onun qətiyyəti xalqın qəlbində ümid işığını yenidən yandırdı.
Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi, 1994-cü il martın 29-da isə artıq müstəqil Azərbaycanın Milli Məclisi bu qanlı hadisəni totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti kimi rəsmən tanıdı. Eyni zamanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması dövlət siyasətinin mühüm istiqamətinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulması, şəhid ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illərdə həyata keçirilən sosial islahatlar nəticəsində şəhid ailələrinə və əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısı dəfələrlə artırılıb, onların mənzil və sosial təminatı təmin edilib. 20 Yanvar şəhidlərinin xatirəsi hər il yanvarın 20-də ümumxalq hüzn günü kimi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad olunur.
20 Yanvar faciəsi Azərbaycan xalqı üçün yalnız kədər və itki deyil, eyni zamanda milli oyanış, milli kimliyin formalaşması və azadlıq iradəsinin rəmzidir. Bu qanlı səhifə müstəqillik yolunun dönməzliyini təsdiqlədi. Bu gün müstəqil, suveren və qalib Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin arzularını reallaşdırmışdır. Torpaqlarımız azaddır, dövlət bayrağımız bütün ərazilərimizdə dalğalanır. Şəhidlərin qanı yerdə qalmayıb və Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etmişdir.
Ellada Həsənova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru


Müzakirə qapadılmışdır.