20 Yanvar – tarixə qanla yazılan gün

216

Azərbaycan xalqının tarixində 20 Yanvar 1990-cı il qanla yazılmış, lakin milli ruhu sarsıda bilməmiş faciəli və eyni zamanda şərəfli bir gündür. Bu tarix Sovet imperiyasının öz vətəndaşlarına qarşı törətdiyi ağır cinayət kimi yaddaşlara həkk olunmuşdur. 1987-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri regionda gərginliyi daha da artırmışdı. Mövcud vəziyyəti nizamlamaq əvəzinə, SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı zorakılıq yolunu seçdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə və Daxili İşlər Nazirliklərinin, eləcə də , başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Fövqəladə vəziyyətin elan olunması barədə əhaliyə vaxtında məlumat verilmədi, bu da itkilərin daha da artmasına səbəb oldu.

“Bakı əməliyyatı”na SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və DTK sədrinin müavini Filip Bobkov rəhbərlik edirdi. Yanvarın 19-u axşam saatlarından etibarən ordu hissələri Bakıya ilk Türkan-Qala istiqaməti olmaqla müxtəlif istiqamətlərdən daxil olaraq şəhəri nəzarət altına aldı. Tanklar, zirehli maşınlar və hərbi gəmilərdən istifadə edildi. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçuların 82 nəfəri amansızlıqla qətlə yetirilmiş, 20 nəfəri isə ölümcül yaralanmışdı.

Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V. Dubinyak tərəfindən şəhərdə fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumat verildi. Halbuki fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-dan qüvvəyə minməsinə baxmayaraq, hərbi əməliyyatlar bundan xeyli əvvəl başlamışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra da qətllər davam etmiş, yalnız Bakı şəhərində 21 nəfər həyatını itirmişdi. Bundan əlavə, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada, yanvarın 26-da isə Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə, respublika üzrə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Hadisələr nəticəsində 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilmişdir. Dövlətə, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5 milyon 637 min 286 rubl məbləğində maddi ziyan vurulmuşdur.

20 Yanvar faciəsindən sonra xalq gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu.

20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. 1990-cı il 21 yanvar tarixində Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək SSRİ rəhbərliyinin Bakıda törətdiyi qanlı hadisəni açıq şəkildə pisləmiş, bunu xalqımıza qarşı cinayət adlandırmışdır. Bu, həmin dövrdə çox böyük siyasi cəsarət tələb edirdi. Ümummilli Lider Heydər Əliyev: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi.Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti kar etməyə özündə cəsarət tapmadı. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Milli Məclisin qərarında deyilirdi:”Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Milli Məclisin qəbul etdiyi Qərarda,o cümlədən 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu ve bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, həmçinin Bakı şəhərində xatirə kompleksinin yaradılması tapşırıldı.
Həmçinin Ümummilli Lider Heydər Əliyev “Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması barədə” 1998-ci il 5 avqust tarixli Sərəncam imzaladı. Kompleksin açılışı 10 oktyabr 1998-ci il tarixində olmuşdu. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı rekonstruksiya olunmuşdu.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olundular. 20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir. 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdi. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Onların uyuduğu Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 Yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd təsis edildi.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü -ümumxalq hüzn günüdür. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

20 yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Əminliklə deyə bilərik ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə və şanlı ordumuzun rəşadəti sayəsində 2020-ci ildə xalqımızın 30 illik həsrətinə son qoyuldu, torpaqlarımız erməni işğalından azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.

Xəyalə Həmzəliyeva- 37 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər