“20 Yanvar”dan Sumqayıta yeni marşrutun açılması tıxaca necə təsir edəcək? – AÇIQLAMA

205

Dünəndən etibarən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.

Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (ADSEA-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.

Əks istiqamətə isə avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır.

Bu, Bakı-Sumqayıt yolunda sıxlığa necə təsir edəcək?

Məsələ ilə bağlı nəqliyyat məsəslələri üzrə ekspert Fuad Əliyev Trend-ə bildirib ki, metronun “20 Yanvar” metrostansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verildikdən sonra bir sıra müsbət təsirlər gözlənilir.

“Belə ki, yeni marşrut xətti sərnişinlərə Sumqayıt istiqamətinə daha sürətli və rahat getmək imkanı yaradacaq. Xüsusilə metronun “20 Yanvar” stansiyasından başlayaraq, sərnişinlər digər nəqliyyat vasitələrinə qoşulmadan birbaşa Sumqayıta gedə biləcəklər. Bu, onların vaxt itkisini azaldacaq.

Marşrut xəttinin mövcudluğu Sumqayıta getmək istəyən sərnişinlərə başqa nəqliyyat vasitələrindən istifadə etməyə ehtiyac qalmadan, birbaşa və sürətli bir seçim təklif edəcək. Bu yeni marşrut, “20 Yanvar” stansiyasından gələn və Sumqayıta gedən sərnişinlərin sayını nəzərə alaraq, digər marşrutlardakı sıxlığı azalda bilər. Beləliklə, metronun digər stansiyalarında və digər avtobus marşrutlarında tıxaclar azalacaq.

Bakıdan Sumqayıta gedən sərnişinlər üçün bu yeni marşrut rahatlıqla alternativ olacaq, bu da şəhərdən çıxışda və Sumqayıt ərazisində tıxacların azalmasına səbəb ola bilər. Yeni marşrut xətti şəxsi avtomobillərin sayını azaldaraq, nəqliyyatda karbon emissiyalarının azalmasına səbəb ola bilər. Daha çox sərnişin ictimai nəqliyyatdan istifadə edəcək və bu da şəhərin atmosferinin daha təmiz olmasına kömək edə bilər.

Bu yeni xətt Bakı-Sumqayıt nəqliyyat şəbəkəsinin daha effektiv və əlaqəli olmasına səbəb olacaq. Sərnişinlər bir neçə nəqliyyat vasitəsindən istifadə etmədən rahatlıqla getmək istədikləri istiqamətə çatacaqlar. Bu isə ümumilikdə şəhər və şəhərarası nəqliyyat sistemlərinin inkişafına müsbət təsir edəcək. Bütün bu amillər yeni marşrut xəttinin istifadəyə verilməsinin, həm sərnişinlərə, həm də şəhər nəqliyyatına müsbət təsir göstərəcəyi qənaətinə gəlməyə səbəb olur”, – o qeyd edib.

Qeyd edək ki, marşrut üzrə gediş haqqı 0.80 manat müəyyən olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər