Mili Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Emin Hacıyev bildirdi ki,2023-cü ilin dövlət büdcəsinə yenidən baxmağımız olduqca diqqətəlayiq hadisədir.
Deputatın sözlərinə görə, bu düzəlişlərin əhəmiyyəti onunla bağlıdır ki, 2023-cü ilin təsdiqlənmiş büdcəsinin gəlir və xərcləri çox ciddi şəkildə, təqribən 10 faizədək miqdarda artırılır: “Bu artımın ilk müjdəsini cənab Prezident hələ aprel ayının 18-də Salyan şəhərində olarkən bildirmişdi. Artıq üç ayın yekunları, bütövlükdə makroiqtisadi göstəricilərimiz imkan verirdi ki, büdcəyə yenidən baxılsın.
Biz təqdim edilmiş sənədlərə diqqət yetirdikdə görürük ki, büdcə xərclərimiz 3,2 milyard manat artırılır, halbuki qarşıda dayanan vəzifələrin icrası üçün tələbat ondan xeyli çox – 4 milyard 338 milyon manatdır. Bu baxımdan büdcədə dürüstləşmə yolu ilə digər xərclərin optimallaşdırılması, xərclər arasında yerdəyişmə yolu ilə 1,1 milyard manatdan çox vəsaitin həmin vəzifələrin icrasına yönəldiməsi təmin edilir. Bununla da büdcənin səmərəliliyi yüksəlir və dəyişən reallığa uyğunluğu təmin edilir”. Deputatın sözlərinə görə, son illər sahibkarlığın, xüsusilə mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı xeyli işlər görülüb: “Hətta parlament tərəfindən müvafiq qanun da qəbul edilib. Bu tədbirlər bir sıra vergi güzəştlərinin tətbiqi, sahibkarların kreditlərə əlçatanlığının artırılması və verilən kreditlərə dövlət zəmanətinin verilməsi, şəffaflığın yüksəldilməsi, KOB evlərinin yaradılması, yoxlamaların dayandırılması kimi müxtəlif sahələri əhatə edir. Lakin buna baxmayaraq hesab edirəm ki, biz hələ də bu sahədə tam hədəflərə çata bilmirik. Çünki sahibkarlıq sektoru iqtisadiyyatın inkişafının, ÜDM-in yüksəlməsinin və məşğulluğun təmin edilməsinin əvəzolunmaz istiqamətidir. Çox müsbət haldır ki, təqdim olunan sənədlərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlər üzrə yaranan əlavə öhdəliklərin qarşılanması üçün vəsaitlər də nəzərdə tutulur. Lakin hesab edirəm ki, indiki zamanda sahibkarlarla yanaşı, onların işçilərinin də dəstəklənməsinə ciddi ehtiyac yaranıbdır. Bu gün əmək bazarında işçi qüvvəsi tələbdən qat-qat çoxdur. Sumqayıt şəhərində seçicilərimizin müraciətlərinin böyük payı məhz işsizliklə bağlı olduğundan bunu səsləndirirəm. Bu da öz növbəsində əməyin dəyərində, əmək haqqında özünü göstərir. Xüsusilə, ticarət, xidmət, iaşə sektorlarında çalısan şəxslərə kütləvi şəkildə minimum əmək haqqı ilə maaşlar verilir. Mən təklif edərdim ki, müvafiq maliyyə dəstəyi göstərməklə sahibkarlıq subyektlərində çalışan işçilərin, xüsusilə yeni açılmış iş yerlərinə cəlb olunanların əmək haqqına əlavə dəstək verilsin. Başqa sözlə, hazırki şəraitdə sahibkarlıq subyekti ilə yanaşı onun işçilərinin də dəstəklənməsinə zərurət var. Doğrudur, biz 2019-cu ildən etibarən artıq özəl sektorda işləyən şəxslərin əmək haqqından demək olar ki, gəlir vergisi tutmuruq. Amma bu tədbirlərin davamlı olmasına ehtiyac var”.
E.Hacıyev qeyd etdi ki, digər məsələ dövlət müəssisələrində olan əmək haqqı sisteminə oxşar bir sistemin özəl sektorda qurulması ilə bağlıdır: “Belə ki, bəzən biz görürük ki, hər hansı bir özəl sektorda ən kiçik işçidən tutmuş yüksək vəzifəliyədək, işçilərə eyni və ya ona yaxın əmək haqqı ödənilir. Amma belə bir sistem olarsa, onda vəzifənin yüksəlməsi, stajın və peşəkarlığın artması ilə onların da əmək haqqında artım baş verə bilər. Lakin hazırda dövlətin əlində olan yeganə vasitə minimum əmək haqqından az əmək haqqı verilməməsinə nəzarətdir. Əlbəttə, bu problem bütün sahibkarlıq subyektlərinə aid deyil, maliyyə-bank, neft-qaz, logistika sahələrində işçini dəstəkləyən, onun karyera inkişafına yönəlik əmək haqqı sistemi tətbiq edən kifayət qədər sahibkarlıq subyektləri var.
Hesab edirəm ki, qeyd etdiyim vəsaitlərin mənbələrini büdcədə tapmaq olar. Büdcədən daha səmərəli istifadə etməklə biz buna nail ola bilərik. Bu mənbələrdən biri satınalmalara nəzarətin artırılması ilə təmin edilə bilər. Məsələn, görürük ki, bəzən dövlət qurumları yüksək qiymətlərlə özəl sektordan daşınmaz əmlakı icarəyə götürürlər. Halbuki dövlətin özünün kifayət qədər daşınmaz əmlakı vardır ki, bu qurumlar orada yerləşə bilər. Ola bilər ki, bu bir nazirlik çərçivəsində tənzimlənməsə də, hökumət bunu koordinasiyalı şəkildə həll edə bilər. Yeri gəlmişkən qeyd edim ki, bu il dövlət əmlakının özünün icarəsindən büdcəmizə 25 milyon manat daxil olacaq. Təkcə bu fakt göstərir ki, biz dövlət qurumlarını da dövlət əmlaklarında yerləşdirə bilərik”.
Deputat sonda Qərbi Azərbaycanla bağlı vacib bir məqamı da səsləndirdi: “Məlumdur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə ötən il Qərbi Azərbaycan İcması təsis edilmişdir. Hesab edirəm ki, bu təşəbbüsdən irəli gələn məqsədlərə çatmaq üçün, icmanın statusunun daha da yüksəldilməsi və icma qarşısında duran vəzifələrə nail olmaq üçün 2023-ci ilin Dövlət büdcəsində Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlər planına maliyyə dəstəyinin əks etdirən bəndin əlavə edilməsi olduqca önəmlidir. Çünki Qərbi Azərbaycançılıq ideyası bizim haqq işimizdir və dövlətçiliyimizin vacib məqamıdır. Odur ki, xahiş edirəm 2023-cü il dövlət büdcəsinə Qərbi Azərbaycanla bağlı bənd əlavə edilsin”.
E.Paşasoy,
Musavat.com
Müzakirə qapadılmışdır.