Təqdim olunmuş layihəyə münasibət bildirmək üçün bir neçə, əsasən də 5 aspektə diqqət yetirmək lazim. Bunlar: növbəti il və sonrakı 3 il üçün proqnozlaşdırılan makro çərçivə, gəlirlərin bu çərçivəyə uyğunluğu, xərclərin dövlət və cəmiyyət qarşısında duran çağırışlarla uzlaşması, kəsirin riski və büdcə qaydası.
1) Cari iln sonunda ölkədə ÜDM-in 4.2%, qeyri-neft sektorunun isə 6.4% böyüməsi, orta illik inflyasiyanın 2.7% olması, əhalinin real gəlirlərinin 4.5% artması fikrimcə yaxşı göstəricidir. Nəzərə alsaq ki, cari ildə qlobal iqtisadi artım təxminən 3% olub, inflyasiya 5.8% olub – o zaman bizim göstəricilərin yüksək olması dərhal nəzərə çarpır. Həm də xatırlatmaq yerinə düşər ki, biz bu göstəricilərə bəzi ölkələr kimi süni şəkildə idxalı və ixracı, yenidən ixracı, sanksiyalarla alver edərək deyil, təbii şəkildə, heç bir beynəlxalq qanun pozuntuları etmədən nail olmuşuq. Bu nöqteyi nəzərdən, növbəti ilə ÜDM artım tempinin 3.5%, qeyri-neft sektorunun 4.9% proqnozlaşdırılması da fikrimcə məqbuldur. Cari ildə iqtisadi artıma, məcbu tələbin artımına təkan verən sahələrin və amillərin təhlili bu qənatə gəlməyə əsas yaradır.
Baza ssenari üzrı neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır. Beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 dollar arasında veriblər. Maliyyə nazirliyinin təqdimatına görə, qiymətin 60 dollara qədər düşdüyü halda dövlət büdcəsinin neft-qaz gəlirlərinin 340 mln manat azalacağı göstərilir. Hesab edirəm ki, bu halda belə hökumətin bu riski idarəetmək imkanlar mövcud olacaqdır. Qaz qiymətləri hesab edirəm ki, baza ssenaridə göstərilən 242 dollardan çox olacaq. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr bunu deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın yaşıl enerji gündəliyində qaz “keçid yanaçaq” kimi qəbul edilir, bu o demək ki, yaşıl gündəlikdə belə qaza olan tələbat artacaqdır. Növbəti ildə orta illik inflyasiyanın 4.6%-dək yüksələcəyi yaxşı xəbər olmasa da, qlobal inflyasiyanın növbəti ildə 4.3% olacağı ilə bağlı proqnozlar bu rəqəmi məqbul edir. Amma fikrimcə eyni zamanda, iqtisadi aktivliyi artırmaq üçün əlavə imkanlar cəlb olunmalıdır. Məsələn, Azərbaycan Mərkəzi Bankın məlumatına görə kredit portfelinin hər üç elementi üzrə (biznes, istehlak, ippoteka) 19.5% artım izlənmişdir. Qeyd edim ki, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında hər il kredit portfelinin 10% artması nəzərdə tutulmuşdur.
2) Dövlət büdcəsinin gəlirləri 1.928 mlrd manat artırılaraq 38.316 mlrd manata çatdırılmışdır. Bunun da 19.5 mlrd manatı qeyri neft qaz sektorundan formalaşır (qeyri neft qaz ÜDM-in 21% i). Qeyd edim ki, DNF fondundan transfert artımını nəzərdə tutmasaq, o zaman artım 228 mln manatdir. Gəlirlər ÜDM-in 29.7%-ni təşkil edir. 129.2 mlrd manatlıq ÜDM üçün 38.3 mlrd manatlıq dövlət büdcəsi gəlirləri məncə məqbul hesab edilə bilər. Qeyri-neft qaz (QNQ) sektorunun gəlirlərinin 924 mln manat artırılması (5%) QNQ artım proqnozlarına uyğundur, hətta deyərdim ki, proqnozu da üstələyir. Dövlət vergi xidmət tərəfindən proqnozlaşdırılan qeyri-neft sektoru üzrə daxilolmaların 9% və ya 1 mlrd manat artırılması sektor üzrə ÜDM-in artım tempini üstələsə də, dövlət büdcəsi üçün yaxşı xəbərdir. Əminəm ki, ölkədə vergi mədəniyyətinin formalaşmasına və effektiv icra mexanizmlərini yaradılmasına nail olan DVX bu öhdəliyi icra edə biləcək. Dövlət Neft Fondundan transfertin artırılması hesab edirəm ki, indiki geo-siyasi vəziyyətdə çağırışların tələbi ilə reallaşdırılacaqdır. Dövlət Gömrük Komitəsi tərəfindən də nail olunan bu ilin icra göstəriciləri növbəti ildə 165 mln manat artırılmış öhdəliyi icra etməsinə əminlik yaradır.
3) Dövlət büdcəsinin xərcləri isə 1625.3 mln manat artırılaraq 41367.6 mln manata çatdırılmışdır. ÜDM-də çəkini 32% olması məqbuldur. Prezident cənab İlham Əliyevin Vİİ çağlrış Milli Məclisin açılışında etdiyi çıxış zamanı ölkə qarşısında duran vəzifələri elan etmişdir. Eyni zamanda dövlət başçısının sosila-iqtisadi siyasətinin istiqamətləri də müəyyən olunmuşdur. Hesab edirəm ki, dövlət büdcəsi xərclərində bu istiqamətlər nəzərə alınmışdır. Hərbi xərclərin artırılmasını dəstəkləyirəm, indiki zamanda bu bizim üçün çox vacibdir. Sosial yönümlü xərclərin ilk dəfə olaraq 1.370 mlrd man artırılalaraq ümumi xərclərin 41%-nə çatdırılmasını əhalinin sosial rifahının yaxşılaşması baxımından müsbət hal hesab edirəm.
4) 2025-ci il Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin cari il ilə nisbətən azalaraq 2.4% olması məqbul göstərici sayıla bilər. Kəsirin maliyyələşməsində daxili borclanmaya üstünlük verilməsi əvvəlki illərdə tətbiq olunan metodlardan biridir. Kəsirin maliyyələşməsində ciddi risklər görünmür.
5) 2025-ci ilin dövlət büdcəsi haqqında Qanun layihəsinə dair İzahata əsasən isə “Büdcə sistemi haqqında” Qanuna, o cümlədən büdcə qaydasına dəyişiklik edilməsi və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddinin yalnız ortamüddətli dövrün sonuna müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. 2028-ci il üzrə müvafiq göstəricinin 15,5% səviyyəsində müəyyən edilməsi təklif olunur. Hesab edirəm ki, bu yanaşma çevik idarəetməyə şərait yarada bilər. Eyni zamanda, düşünürəm ki, bu yanaşmanın gələcəkdə daha çox təhlil edilməsi faydalı olacaqdır.
Bütün bunları nəzərə alaraq Prezident cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsini dəstəkləyirəm.
Tahir Mirkişili, Milli Məclisin deputatı
Müzakirə qapadılmışdır.