25 noyabr – Kəlbəcər Şəhəri Günüdür

496

Kəlbəcər rayonu Azərbaycanın tarixi və coğrafi baxımdan ən əhəmiyyətli bölgələrindən biridir. Bu bölgə zəngin mədəni irsi, strateji əhəmiyyəti və təbiət resursları ilə tanınır. Kəlbəcərin işğalından azad olunması Azərbaycanın tarixində yeni səhifə açmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mübarizə nəticəsində bu torpaqlar azad edilmiş, tarixi ədaləti bərpa olunmuşdur.

Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. “Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” mənasını daşıyır. Bu bölgə 30 min illik yaşayış məskənlərinə və 6 min illik qaya təsvirlərinə ev sahibliyi edir. Burada aşkar edilmiş çöp şəkilli qədim türk əlifbası və daş abidələr Azərbaycanın qədim türklər, atəşpərəstlik və sonrakı dini mərhələlərdəki rolunu sübut edir. Bu irs Kəlbəcərin Azərbaycanın mədəniyyət və tarix xəzinəsində əvəzsiz yer tutduğunu göstərir.

Kəlbəcər təbiətinə görə də özəldir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər sıx meşələri və zəngin flora-faunası ilə tanınır. Ən hündür zirvələri Camışdağ və Dəlidağdır. Bu unikal coğrafi mövqe Kəlbəcərin strateji əhəmiyyətini artırır.

Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. Rayonun 145 kəndi, tarixi-mədəniyyət abidələri, 97 məktəb, 9 xəstəxana və digər sosial obyektlər talan edilmiş, milyardlarla manatlıq sərvət Ermənistana daşınmışdır. İşğal dövründə Ermənistan beynəlxalq hüquqa zidd olaraq Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma həyata keçirmişdir. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi Kəlbəcərin azad edilməsini tələb etsə də, Ermənistan bu qərarı icra etməmişdir.

2020-ci ilin Vətən müharibəsi zamanı Kəlbəcər strateji əhəmiyyətə malik idi. Müharibənin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində mühüm strateji yüksəklikləri azad etdi. Bu, düşmənin hərbi hərəkətlərini böyük ölçüdə məhdudlaşdırdı. Noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatla Kəlbəcər rayonunun tamamilə azad edilməsi təmin edildi. Bu tarixi hadisə Prezident İlham Əliyevin dediyi kimi, hərbi güc, siyasət və strateji planlamanın uğurunu nümayiş etdirdi.

İşğaldan azad edilmiş Kəlbəcərdə sürətli yenidənqurma işləri aparılır. Bölgədə yeni yaşayış məhəllələri salınır, təhsil və mədəniyyət obyektləri inşa olunur. Məsələn, Zar, Zallar və Yanşaq kəndlərində yüzlərlə ailə üçün müasir evlər tikilir. Bununla yanaşı, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi və kiçik su elektrik stansiyalarının yenidən qurulması kimi infrastruktur layihələri bölgənin iqtisadi potensialını artıracaqdır.

Kəlbəcər Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətini özündə birləşdirən unikal bölgələrindən biridir. Onun işğaldan azad olunması və yenidən qurulması milli birliyin, tarixi ədalətin və Azərbaycanın iqtisadi inkişaf strategiyasının təntənəsidir. 25 noyabr tarixinin Kəlbəcər şəhəri günü kimi qeyd edilməsi isə bu zəfərin simvoludur. Bu gün Kəlbəcər yenidən doğulur, əzəmətli keçmişinə və parlaq gələcəyinə doğru inamla addımlayır.

Səbinə Ağayeva, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər