25 Oktyabr – Qubadlı şəhəri günü: Qəhrəmanlıqdan qayıdışa uzanan zəfər tarixi
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
— Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən 25 oktyabr – Qubadlı şəhəri günü, həm qəhrəmanlıq rəmzidir, həm də torpağa qayıdışın, dirçəlişin, milli iradənin təntənəsidir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş nöqtəsi kimi tarixə düşüb. Qubadlının azadlığı 44 günlük Vətən müharibəsinin strateji gedişatında həlledici rol oynayaraq böyük Zəfərin təməl daşlarından birinə çevrildi.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr sahəsi olan bu diyar qərbdən Ermənistan, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun kəndlərinin əksəriyyəti Həkəri və Bərgüşad çaylarının vadisində yerləşir ki, bu da torpaqların münbitliyinə, kənd təsərrüfatı üçün əlverişli şəraitə səbəb olurdu.
Qubadlıda 79.812 hektar torpaq fondu mövcuddur. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi düzənliklər bol məhsuldarlığı ilə seçilirdi. İşğala qədər 14 956 hektar əkin, 13 160 hektar meşə, 582 hektar bağ və üzümlüklər, 17 192 hektar isə örüş-otlaq sahələri kimi istifadə olunurdu. Rayon ərazisi həmçinin təbii sərvətlərlə, xüsusilə mərmərləşmiş əhəng daşı, yəşəm, tuf və əqiq kimi yataqlarla zəngindir.
İşğaldan əvvəl Qubadlı rayonunun iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Qubadlının məhsuldar torpaqları üzümçülük, taxılçılıq, bostançılıq və tütünçülük üçün əlverişli idi. “Gəyən” və “Yazı” düzlərində, Bərgüşad və Həkəri çaylarının vadilərində yerləşən sahələr kənd təsərrüfatının mərkəzini təşkil edirdi. Rayon həmçinin tütünçülük sahəsində respublika miqyasında tanınırdı.
1988-ci ildən etibarən Ermənistan tərəfindən Qubadlıya qarşı sistemli hücumlar başlanmış, nəticədə 1993-cü il avqustun 31-də rayon tam işğal olunmuşdur. İşğal dövründə Ermənistan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirərək, xaricdən gətirilən erməniləri Qubadlının Xanlıq kəndi ətrafında yerləşdirmişdi. Bu, Cenevrə konvensiyalarının açıq şəkildə pozulması idi.
İşğalın fəsadları dərin və ağrılı idi: 29 997 nəfər məcburi köçkünə çevrildi, 94 yaşayış məntəqəsi, 7278 ev, 161 mədəniyyət ocağı, 7 məscid, 16 körpü, 1080 kənd təsərrüfatı obyekti və minlərlə kilometr kommunikasiya xətti məhv edildi. Qubadlı bir dövr üçün xəritədən silinsə də, xalqımızın yaddaşından silinmədi.
44 günlük Vətən müharibəsində Qubadlı əməliyyatı Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq nümunələrindən biridir. Düşmən şəhər ətrafında güclü istehkamlar qurmuşdu. Azərbaycan əsgərləri, yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək, əvvəlcə strateji yüksəklikləri ələ keçirdilər, daha sonra Xanlıq, Padar, Sarıyataq kəndlərini azad etdilər. Nəhayət, 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri düşməndən tam təmizləndi.
Bu uğur həm hərbi, həm də mənəvi baxımdan müharibənin gedişində dönüş nöqtəsi oldu. Qubadlının azadlığı Zəngilan və Laçın istiqamətində əməliyyatların sürətlənməsinə, ümumi qələbənin yaxınlaşmasına zəmin yaratdı.
Bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlının azadlığı uğrunda döyüşmüş 15 209 hərbi qulluqçu Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu medalla təltif edildi.
Sonradan 2023-cü il 31 iyul tarixli Sərəncamla azad edilmiş ərazilərdə şəhər günləri təsis olundu və 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd edilməyə başlandı. Bu qərar Qubadlının dövlətçilik tariximizdəki yerini bir daha möhkəmləndirdi.
Qubadlının azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. 2021-ci il oktyabrın 25-də “Qubadlı” yarımstansiyasının açılışı ilə rayon Azərbaycanın vahid enerji sisteminə qoşuldu. 76 kilometrlik “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri çəkilərək şəhərə həm enerji, həm də fiberoptik internet gətirildi.
Eyni zamanda, 27 oktyabr 2021-ci ildə “Qubadlı” gömrük postu yaradıldı ki, bu da iqtisadi təhlükəsizliyin və sərhəd nəzarətinin möhkəmləndirilməsi baxımından mühüm addım oldu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci il tarixli qərarı ilə “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənmişdir. Bu sənəd rayonun sosial, iqtisadi və infrastruktur inkişafını müəyyən edən strateji sənəddir.
Hazırda Qubadlıda Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması davam edir. Mahruzlu kəndində 190 evin, Zilanlıda isə 159 evin tikintisi aparılır. Hər iki kənddə ilk mərhələdə ümumilikdə 1600-dən çox sakinin məskunlaşdırılması planlaşdırılır. Gələcəkdə bu kəndlərdə 3300 nəfərdən çox əhali yaşayacaq.
Qubadlıda yol infrastrukturu da sürətlə formalaşır. Prezident İlham Əliyevin tapşırığı ilə 28,5 km uzunluğunda Qubadlı–Eyvazlı avtomobil yolu və Qubadlı–Laçın avtomobil yolu inşa edilir. Bu layihələr həm sosial-iqtisadi canlanmanı təmin edir, həm də Qubadlının gələcəkdə regionun nəqliyyat mərkəzinə çevrilməsinə xidmət edir.
Qubadlının azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir neçə dəfə Qubadlı rayonuna səfər edib.
• 23 dekabr 2020: Azərbaycan bayrağı Qubadlıda qaldırıldı.
• 25 oktyabr 2021: “Qubadlı” yarımstansiyasının açılışı, yeni hərbi hissə kompleksinin istifadəyə verilməsi və ictimaiyyətlə görüş.
• 19 oktyabr 2022: “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq, yeni enerji infrastrukturu obyektlərinin təməli.
• 4 may 2023: Qubadlı şəhərinin ilk yaşayış məhəlləsi, inzibati bina, 600 şagirdlik məktəb, 91 yataqlı xəstəxana, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri.
Bu səfərlər dövlətin Qubadlının dirçəlişinə verdiyi yüksək önəmin göstəricisidir. Qubadlının azadlığı və yenidən qurulması göstərdi ki, torpaq yalnız hərb meydanında deyil, həm də əməyin, vətən sevgisinin, birliyin sayəsində qorunur.
Elşad Eyvazov, Əməkdar müəllim


Müzakirə qapadılmışdır.