26 Fevral Azərbaycan xalqının taleyində silinməz iz qoymuş, yaddaşımıza qanla yazılmış bir tarixdir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Qarabağın qədim yaşayış məskənlərindən biri olan Xocalıda baş verən hadisələr təkcə bir şəhərin faciəsi deyil, bütöv bir xalqın ağrısı, insanlığa qarşı törədilmiş ağır cinayət idi. Xocalı soyqırımı öz miqyası, qəddarlığı və mülki əhaliyə qarşı həyata keçirilən qeyri-insani zorakılıq üsulları ilə XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüşdür.
Xocalı faciəsinə dövlət səviyyəsində ən dolğun və prinsipial siyasi-hüquqi qiyməti verən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ulu Öndər bu faciəni belə xarakterizə edirdi:
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Bu fikirlər Xocalının yalnız bir hərbi əməliyyat deyil, sistemli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olduğunu açıq şəkildə göstərir. Heydər Əliyevin təşəbbüsü ilə Xocalı hadisələrinə rəsmi siyasi-hüquqi qiymət verilmiş, 26 fevral “Xocalı Soyqırımı Günü” elan edilmişdir. Bu qərar həm tarixi həqiqətin təsdiqi, həm də gələcək nəsillərin milli yaddaşının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Xocalı faciəsi təsadüfi hadisə deyildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə demişdir:
“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.
Bu fikir Xocalı soyqırımının tarixi köklərinə işarə edir. XIX əsrdən başlayaraq azərbaycanlılara qarşı aparılan zorakılıq siyasəti müxtəlif mərhələlərdə özünü göstərmiş, Xocalı isə bu siyasətin ən amansız və qanlı təzahürlərindən biri olmuşdur.
1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədildi. Rəsmi məlumatlara əsasən, 613 nəfər qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, yüzlərlə insan yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə indiyədək naməlum qalır. İnsanlar yalnız azərbaycanlı olduqları üçün öldürülmüş, qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıq nümayiş etdirilmişdir. Bu hadisə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi və mahiyyət etibarilə bəşəriyyətə qarşı cinayət sayılır.
Prezident İlham Əliyev Xocalının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlılığını belə ifadə etmişdir:
“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.
Bu sözlər Xocalının təkcə coğrafi məkan deyil, milli şüurun ayrılmaz parçası olduğunu göstərir. Doğrudan da, Xocalı azad olunmadan Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından danışmaq mümkün deyildi.
Uzun illər ərzində Azərbaycan dövləti və diaspor təşkilatları “Xocalıya ədalət!” şüarı ilə beynəlxalq müstəvidə fəal fəaliyyət göstərmişdir. Bu kampaniya çərçivəsində bir sıra ölkələr və təşkilatlar Xocalı hadisələrini soyqırımı və ya kütləvi qırğın kimi tanımışdır. Bu, informasiya mübarizəsində mühüm nailiyyət olmaqla yanaşı, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət etmişdir.
2020-ci ildə baş vermiş Vətən müharibəsi və sonrakı proseslər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Xocalı da işğaldan azad edildi. Prezident İlham Əliyev bu barədə demişdir:
“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.
Bu fikirlər Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığını və tarixi ədalətin bərpasını ifadə edir. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Bu, yalnız hərbi qələbə deyil, həm də mənəvi qələbə idi.
Hər il 26 fevral tarixində ölkəmizin hər yerində Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Paytaxt Bakıda və digər şəhərlərdə keçirilən anım mərasimləri milli həmrəyliyin, birlik və yaddaşın simvoluna çevrilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, abidələr önünə güllər düzülür, dualar oxunur.
26 fevral 2024-cü ildə Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi keçirildi. Bu memorial gələcək nəsillər üçün tarixi həqiqətlərin qorunub saxlanılması və dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu addım göstərir ki, Xocalı faciəsi unudulmur və unutdurulmayacaq.
Son illərdə Xocalı şəhərində və rayonun kəndlərində genişmiqyaslı tikinti və bərpa işləri aparılır. Yaşayış binaları, sosial obyektlər, infrastruktur layihələri həyata keçirilir, enerji və su təminatı sistemi yenilənir, istehsal və kənd təsərrüfatı obyektləri istifadəyə verilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Xocalı yenidən qurulur, dirçəlir və həyat öz axarına qayıdır.
2023–2025-ci illərdə Prezident İlham Əliyev Xocalı şəhərinə və rayonun Çanaqçı, Sığnaq, Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad, Pirlər, Ballıca, Təzəbinə, Xanyurdu, Seyidbəyli, Daşbulaq, Badara və digər kəndlərinə çoxsaylı səfərlər etmiş, Dövlət Bayrağını ucaltmış, infrastruktur və istehsal obyektlərinin açılışlarında iştirak etmiş, sakinlərlə görüşmüşdür. Bu səfərlər Xocalının artıq keçmişin faciə şəhəri deyil, gələcəyin inkişaf edən bölgəsi olduğunu nümayiş etdirir.
Bu gün Xocalı həm faciənin, həm də dirçəlişin simvoludur. O, bir tərəfdən insanlığa qarşı törədilmiş cinayətin canlı sübutu, digər tərəfdən isə milli iradənin, əzmin və ədalətə inamın rəmzidir. Xocalı şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
26 Fevral – Xocalı Soyqırımı Günü yalnız matəm günü deyil. Bu gün həm də yaddaş günüdür, ədalətin bərpası günüdür, milli birliyin və qürurun günüdür. Azərbaycan xalqı öz tarixini unutmur, şəhidlərini unutmur və tarixi ədalətin bərpası uğrunda mübarizəsini daim davam etdirir.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatını sədr müavini


Müzakirə qapadılmışdır.