407

Müasir Sumqayıt Heydər Əliyev ideyalarının parlaq təcəssümüdür

Sənaye şöhrətini özünə qaytaran şəhərin iqtisadi nailiyyətləri Azərbaycanın yüksəlişinin mükəmməl nümunələrindən biridir

Bu günlərdə Sumqayıtda əsl bayram ab-havası yaşanır. Respublikamızın hər yerində olduğu kimi, şəhərimizdə də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü geniş şəkildə qeyd olunur. Keçirilən tədbirlərdə şəhər ictimaiyyətinin nümayəndələri Ulu Öndəri minnətdarlıq və qədirbilənliklə anır, əziz xatirəsini böyük ehtiramla yad edirlər.

Zəfərimizin yaratdığı reallıqlar yeni uğurlarla əlamətdardır

Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövləti möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsində artıq 5-ci ildir ki, öz tarixinin ən şərəfli günlərini yaşayır. Torpaqlarımızın işğaldan azad olunması, ərazilərimizdə erməni separatizminə son qoyulması hər bir azərbaycanlının əbədi fəxarət mənbəyidir.

Böyük məmnunluqla qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev tarixi zəfərimizdən sonra yaranmış reallıqları yeni və əlamətdar hadisələrlə, nailiyyətlərlə zənginləşdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, Böyük qayıdış proqramının sürətlə həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma evlərinə dönüşü Azərbaycan dövlətinin qüdrətinin növbəti möhtəşəm təcəssümünə çevrilmişdir. Eyni zamanda Prezident İlham Əliyev mütərəqqi xarici siyasət kursunun nəticəsidir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində yüksək imicə malik, yeni dünya nizamının formalaşmasında fəal iştirak edən dövlət kimi qəbul olunur. Prezident İlham Əliyevin adı isə dünyanın nüfuzlu siyasi liderləri ilə bir sırada çəkilir. Ötən ay Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi uğurlu dövlət səfəri bütün bunların növbəti təzahürü oldu.

Olduqca qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü mühüm  siyasi-diplomatik və iqtisadi nailiyyətlər, tariximizin əlamətdar hadisələrlə daha da zənginləşməsinin fonunda qarşılayırıq.

Ulu Öndər Sumqayıtı inkişafının yeni mərhələsinə yüksəltmişdi 

Heydər Əliyevin doğum gününün hər il Sumqayıt ictimaiyyəti tərəfindən dərin ehtiramla qeyd edilməsi Ümummilli Liderə olan ümumxalq ehtiramının göstəricisidir. Eyni zamanda bu ehtiram şəhərimizin inkişafı və yüksəlişi ilə bağlı göstərdiyi misilsiz xidmətlərinə görə Sumqayıt sakinlərinin Ulu Öndərə olan əbədi minnətdarlıqlarının ifadəsidir. Çünki bu gün özünün iqtisadi nailiyyətləri ilə keçmiş şöhrətini bərpa edən Sumqayıtın tarixi inkişaf yollarında Ulu Öndər Heydər Əliyevin böyük zəhməti olmuşdur. Ona görə Sumqayıtın tarixini Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir.

Artıq şəhər statusu almasının 76-cı ilini yaşayan Sumqayıt 1950-1960-cı illərdə müəyyən inkişaf yolu keçmiş, burada bir sıra kimya və metallurgiya müəssisələri yaradılmışdı. Lakin Sumqayıtın potensialı böyük idi və şəhərdə sənayenin digər sahələrinin də inkişafı üçün geniş  imkanlar vardı.  Şəhərdə 1955-ci ildə Alüminium zavodu işə salınmış, 60-cı illərdə Polimer tikinti materialları kombinatı, Superfosfat zavodu yaradılmışdır. Yeni sənaye müəssisələrinin bir qisminin yaradılması və Sumqayıta şəhər statusunun verilməsi 1949-cu ildən sonraya təsadüf etsə də, bütövlükdə, ötən əsrin 50-60-cı illərində görülən işlərin miqyası  Sumqayıtın mövcud potensialı ilə  müqayisədə çox aşağı olmuşdur və bu vəziyyət 1969-cu ilin iyulundan Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin diqqətini cəlb etməyə bilməzdi.

Ulu Öndər Heydər Əliyevin bu reallıqları müdrikcəsinə dəyərləndirməsi sözün əsl mənasında Sumqayıtın sovet dövrü intibahının başlanğıcı olmuşdur. Bu mənada Ulu Öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycanda başlatdığı sənayeləşmə siyasətinin, iqtisadi islahatların öz bəhrəsini verdiyi əsas ünvanlardan biri Sumqayıt olmuşdur.

Konkret ifadə etsək, məhz Heydər Əliyevin xüsusi diqqəti nəticəsində Sumqayıtda yeni, o cümlədən yüngül sənaye müəssisələri yaradılmışdır.  Buna misal olaraq 1970-ci illərin əvvəllərindən fəaliyyətə başlayan Məişət kimyası zavodunu göstərə bilərik. Xüsusi vurğulamalıyıq ki, respublika əhalisinin məişət kimyası mallarına olan tələbatını ödəyən belə bir zavod həmin dövrdə Cənubi Qafqazda ilk olaraq məhz Sumqayıtda yaradılmışdı. Bundan başqa, Kompressorlar və Şüşə zavodlarının, Üst trikotaj və Xovlu iplik fabriklərinin, Süd və Yeyinti məhsulları kombinatlarının yaradılması, Boru Prokat Zavodunun yenidən qurulması o illərdə Heydər Əliyevin respublikamızda həyata keçirdiyi sənayeləşmə siyasətinin göstəriciləri idi. Hansı ki, bu müəssisələr Azərbaycanın ittifaq miqyasında inkişafına böyük töhfələr verməklə yanaşı, respublikamızda əhalinin məşğulluğunun təmin olunmasında və nəticə etibarilə Sumqayıtın inkişafında böyük rol oynamışdır.

Sumqayıtda sənayenin inkişafı bununla yekunlaşmır. “Superfosfat” zavodunda yüksək texnologiya əsasında inşa edilən dənəvər superfosfat gübrəsi istehsalatının işə salınması, “Üzvi sintez” zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexlərinin fəaliyyətə başlaması, Sintetik Kauçuk Zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücünün xeyli artırılması şəhərdə sənayenin kompleks inkişafını uğurla tamamlayırdı. Kimya müəssisələri üçün avadanlıqların hazırlanması və onların təmir işini yaxşılaşdırmaq məqsədilə Sumqayıtda Mexaniki Təmir Zavodunun işə salınması da həmin dövrün mühüm uğurları olmuşdur.

Şəhərin neft-kimya sənayesinin daha müasir səviyyəyə çatdırılması ilə bağlı məsələlər də  Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Buna misal olaraq, Almaniya və Çexoslovakiya istehsalı olan və ən yeni texnologiyalar əsasında yaradılmış EP-300 qurğusunun alınmasını göstərmək olar. Bu qurğunun alınması məhz Heydər Əliyevin təklifi sayəsində mümkün olmuşdu. Bunun üçün o dövrdə Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini N.Tixonovu respublikamıza dəvət etmişdi. Bundan sonra ittifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq, EP-300 texnoloji kompleksinin alınmasına qərar vermişdi.

1970-1980-ci illərdə Ümummilli Liderimiz Heydər Əliyevin respublikanın rəhbəri olduğu dövrdə güclü iqtisadi potensiala malik Sumqayıt sənaye-iqtisadi rayonunda kimya və neft-kimya kompleksi əsaslı surətdə yeniləşdirilmiş və karbohidrogen ehtiyatlarından səmərəli istifadə üçün xeyli iş görülmüşdür. Buna görə də Sumqayıt 1970-ci illərdən sənayenin bir çox istiqaməti üzrə qabaqcıl şəhərlər sırasına yüksəlmişdi. Şəhər öz iqtisadi göstəricilərinə görə, təkcə keçmiş SSRİ miqyasında deyil, onun hüdudlarından kənarda da yaxşı tanınırdı. Eyni zamanda Sumqayıtı dostluq, gənclər, kimyaçılar, metallurqlar,  energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi tanıyırdılar. Sumqayıtın sənaye müəssisələrində istehsal olunan məhsullar 700-dən çox şəhərə ixrac olunurdu.

Sənaye müəssisələrinin inkişafı ilə yanaşı, onların şəhərin havasını çirkləndirməsinin qarşısının alınması, şəhərin ekoloji qayğılarının yoluna qoyulması da diqqət mərkəzində olmuşdur. Bu problemlər Ulu Öndəri xüsusilə narahat edirdi. Odur ki, tezliklə Sumqayıtda hava və suyu çirkləndirən mənbələr əsasən pasportlaşdırılmış, xüsusi müfəttişlik yaradılmışdı. Habelə Sumqayıt Alüminium Zavodundan civə tullantısı dayandırılmışdı.

Ulu Öndər Azərbaycana birinci rəhbərliyi dövründə dəfələrlə Sumqayıta səfər etmişdi. Sumqayıta və sumqayıtlılara xüsusi diqqətin göstəricisi olan bu səfərlərin hər biri şəhərin həyatında dərin iz buraxmış, onun gələcək inkişafına xidmət etmişdi. 1974-cü ildə isə Heydər Əliyev Sumqayıtın 25 illik yubiley tədbirində iştirak etmişdir. Sumqayıtda sənayenin inkişafı ilə yanaşı, paralel olaraq tikinti-quruculuq işlərinin geniş vüsət alması da bu diqqətin təcəssümü idi. Təsadüfi deyil ki, 1970-ci illərdə  şəhərdə yeni mikrorayonların, məhəllələrin salınması daha da sürətlənmişdi. Hər il şəhərdə 80 min kv.m. mənzil sahəsi tikilib istifadəyə verilirdi ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən sayılırdı. Hazırda Sumqayıtın bir çox ünvanı, inzibati binaları, o cümlədən ən gözəl məkanlardan olan Ü.Hacıbəyov adına “Kimyaçılar” Mədəniyyət Sarayı həmin illərdə inşa olunmuşdur.

İlham ƏLİYEV: “Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir”

Təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində respublikamızda yaranan dərin böhran Sumqayıtın sənaye müəssisələrindən də yan ötməmişdir.  Həmin dövrdə respublikamıza rəhbərlik edənlərin yeni iqtisadi sistemə keçidi dəyərləndirə bilməmələri, idarəçilikdə buraxdıqları kobud səhvlər, keçmiş ittifaq ölkələri ilə iqtisadi əlaqələrin kəsilməsi Sumqayıtın sənayesinə böyük zərbə vurmuş, şəhərdə işsizliyə, sosial rifahın pisləşməsinə gətirib çıxarmışdı.

Xalqımızın təkidli tələbi ilə 1993-cü ildən respublikamıza rəhbərlik etməyə başlayan Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən biri Sumqayıtın yenidən sənaye mərkəzinə çevrilməsi idi. Xatırladım ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti kimi ilk səfərini də məhz Sumqayıta etmişdir. Ulu Öndər müstəqillik dövründə 6 dəfə Sumqayıta səfər etmiş, bu səfərlərin hər biri şəhərin icitmai-siyasi həyatında mühüm hadisəyə çevrilmişdir.

Böyük məmnunluqla qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti Sumqayıtın tarixində tamamilə yeni səhifə açmışdır. Ötən dövrdə şəhərin spesifik inkişaf xüsusiyyətləri, malik olduğu sənaye potensialı nəzərə alınaraq Sumqayıtda yeni sənaye kompleksinin formalaşdırılması ayrıca diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə uzunmüddətli strategiyanın icrasına başlanmışdır. Bu strategiya mövcud sənaye müəssisələrinin qabaqcıl texnologiyalar, ekoloji standartlar əsasında bərpasını, şəhərdə müasir tələblərə cavab verən yeni müəssisələrin inşasını nəzərdə tutmaqla şəhər infrastrukturunun, maliyyə-kredit sisteminin, rabitə-kommunikasiya texnologiyalarının inkişafına, əhalinin məşğulluğunun, ixtisaslı kadrlarının çəkisinin artmasına hesablanmışdır.

İndi Sumqayıtda onlarca kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir. “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsi, “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsi, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in Kağız və karton emalı kombinatı və Yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, “Texnoil” MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye Parkındakı İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verir.

Göründüyü kimi, Sumqayıt həm də müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarıb və bu istiqamətdə inamla irəliləyir. İndi bu şəhər nəinki Azərbaycanın, hətta bütün  Qafqazın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə müasir texnologiya əsasında işləyən yüzlərlə sənayeyönümlü müəssisə fəaliyyət göstərir. Sənaye sahələrinin geniş spektrini əhatə edən bu müəssisələrin işə düşməsi həm də Sumqayıtı innovativ texnologiyaların tətbiq olunduğu avanqard sənaye şəhərinə çevirmişdir.

Prezident İlham Əliyevin dediyi kimi, Sumqayıt hazırda müasir sənaye mərkəzidir: “Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə insanların sağlamlığını nəzərə almışıq”.

Sumqayıtda “SOCAR karbamid” və “SOCAR Polymer” kimi zavodların yaradılması isə nəinki bu şəhərin,  bütövlükdə, respublikamızın iqtisadi həyatında mühüm hadisəyə çevrilmişdir. “SOCAR Polymer” layihəsi son 45-50 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. Bu zavodların hər biri respublikamızın ixrac imkanlarının yüksəlməsində, milli gəlirlərin artmasında böyük rol oynayır. Bu müəssisələrin yaradılması həm də son illərdə Sumqayıtda əhalinin məşğulluğunu əhəmiyyətli dərəcədə  təmin etmişdir.

Hazırda Sumqayıt Cənubu Qafqazın ikinci ən böyük sənaye mərkəzidir. Şəhərdə yeni yaradılan sənaye müəssisələrinin əksəriyyətinin açılışında şəxsən iştirakı Prezident İlham Əliyevin Sumqayıta göstərdiyi diqqətin real təsdiqidir. Prezident İlham Əliyevin aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak etməsi bir daha göstərdi ki, Sumqayıtda sənayenin inkişafı davamlı və sürətlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Bu günlərdə iki zavodun istifadəyə verilməsi ilə sənaye parkında fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək sənaye parkının rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Burada “Kartaş Kimya” MMC-də sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Bunlar daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur.

“Az-Tex-İmport” MMC isə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Burada ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq.

Bu müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək. Hazırda bu müəssisələrdə 200 nəfərə yaxın vətəndaş işlə təmin olunmuşdur.

Sumqayıtdakı sənaye müəssisələrinin bir qismi isə Sumqayıt Texnologiya Parkında (STP) yerləşir. 2012-ci ildə yaradılan Sumqayıt Kimya Sənaye Parkının rezident üzvü olan Texnologiyalar Parkı şəhərin iqtisadi həyatında xüsusi yer tutur. STP regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Burada istehsal edilən məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır. STP tarixində ilk dəfə mexaniki emal detallarının və metal konstruksiya çeşidlərindən olan məhsullarının Avropa sənayesinin lokomotivi sayılan Almaniyanın Venden və Köln şəhərlərinə ixracını da həyata keçirib. STP-nin ən əsas hədəflərindən biri keyfiyyətli və çoxçeşidli məhsulları və xidmətləri ilə Azərbaycanı Yaxın Şərq və Avropa ölkələrində uğurla təmsil etməkdir. STP həm də Azərbaycan Respublikasının iqtisadiyyatının sabit inkişafına öz töhfəsini verən iri vergi ödəyicilərindəndir. Hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 30-dan çox istehsalat sahəsi var və burada 2000 nəfərə yaxın işçi çalışır. Parkın nizamnamə kapitalı 225,87 milyon manatdır.

Bir məsələni də xüsusi qeyd etməliyik ki, Sumqayıtda bəzi sənaye müəssisələrinin vaxtilə şəhərin ekologiyasına necə təsir göstərməsi yaşlı nəslin xatirindədir. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərləri sırasında yer alır. Çünki şəhərdə son dövrdə yaradılmış yeni sənaye müəssisələri tamamilə modern texnologiyalar əsasında fəaliyyət göstərdiklərindən ekoloji normalara da tam cavab verirlər. Cənab Prezident İlham Əliyevin də şəhərin sənayesinin inkişafı ilə bağlı qarşıya qoyduğu əsas vəzifələrdən biri ekologiyanın qorunmasıdır.

Qeyri-neft sektorunun öncülü

Sumqayıtın davamlı inkişafı sahəsində atılan addımlar regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının tərkib hissəsi olmaqla şəhər üzrə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Bütün bunlar öz növbəsində Sumqayıtın əsas sosial-iqtisadi göstəricilərinin ilbəil artan dinamika ilə hərəkətinə imkan vermişdir.

Şəhərdə 2024-cü ildə ümumi məhsul və xidmətlərin həcmi 4 milyard 837 milyon 409,3 min manata çatmışdır ki, bu da 2023-cü illə müqayisədə 1,1 faiz artım deməkdir. Ümumi məhsul buraxılışında istehsal sahələrinin payı 84,3 faiz, xidmət sahələrinin payı isə 15,7 faiz təşkil etmişdir. Sənaye sektorunda da müsbət dinamika müşahidə olunmuşdur. Ötən il iri, orta, kiçik sahibkarlıq subyektləri, ev təsərrüfatları və fərdi sahibkarlar tərəfindən istehsal olunan mal və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 1,2 faiz artaraq 3 milyard 775 milyon 504,5 min manata yüksəlmişdir.

Şəhərin iqtisadi və sosial inkişafına yatırılan investisiyalar da artmışdır. 2024-cü il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 339 milyon 160,2 min manat vəsait yönəldilmişdir. Əsas kapitala yatırılan vəsaitlərin 58,2 faizi dövlət sektorunun, 41,8 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür.

2025-ci ilin birinci rübünün nəticələri də şəhərin iqtisadi uğurlarının davamlı olduğunu göstərir. Belə ki, bu dövrdə ümumi məhsul buraxılışı 1 milyard 269,9 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çoxdur. Bu ilin birinci rübündə Sumqayıtda sənaye məhsulunun istehsalı 1 milyard 52,2  milyon manat təşkil etmişdir. Bu da ötən ilin birinci rübü ilə müqayisədə 14,4 faiz çoxdur. Digər göstəricilərə gəldikdə, ötən ilin birinci rübü ilə müqayisədə 2025-ci ilin ilk 3 ayında ticarət dövriyyəsində 13 faiz, orta əməkhaqqında 4,4 faiz artım baş vermiş, şəhərdə 670 yeni iş yeri açılmışdır. 2003-cü ildə 327 min nəfərin yaşadığı Sumqayıtın indi 428 min nəfərə yaxın əhalisi var. Bu artımın özü şəhərin iqtisadi və sosial inkişafının göstəricisidir.

Sumqayıt şəhəri 2012-ci ildən etibarən dövlət büdcəsindən dotasiya almır. Şəhərin yerli büdcəsi əsasən toplanan vergilərdən və göstərilən xidmətdən formalaşır. Şəhərdə sahibkarlığın inkişafı, yeni-yeni müəssisələrin yaradılması şəhər büdcəsinin formalaşmasını təmin edir. Müasir iqtisadiyyat modeli tələb edir ki, iqtisadi aktivlik potensialı yüksək olan bölgələr büdcədən dotasiya almadan yerli xərcləri ödəyə bilsinlər və inkişaf üçün investisiya qoya bilsinlər. Sumqayıtda bu məqsədlərə uğurla nail olunur.

Möhtəşəm və dinamik quruculuq məkanı

Sumqayıt yalnız sənaye mərkəzi kimi tanınmır. Yaxud Sumqayıt yalnız ümumi məhsul istehsalının ildən-ilə artan həcminə görə fərqlənən şəhər deyil. Sumqayıta şöhrət gətirən həm də nümunəvi abadlıq və quruculuq işləridir. Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə şəhərdə son illərdə həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, yeni infrastrukturun, şəhər təsərrüfatının müasirləşməsi istiqamətində görülən işlər yüksək ab-hava yaratmışdır. Hansı ki, bu infrastrukturlar onilliklər boyu sumqayıtlıların ən yüksək standartlar səviyyəsində xidmətində dayanacaq.

Möhtəşəm tikinti və quruculuq işlərinin nəticəsi kimi respublikamızın  yaraşıqlı və abad şəhərinə çevrilmiş Sumqayıtın son illərdə yeni ünvanları yaranmışdır. Əzəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Muğam Mərkəzi, Sumqayıt Məhkəmə Kompleksi, Olimpiya və Paralimpiya İdman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, 1 və 2 saylı “ASAN xidmət” mərkəzləri həm də öz görkəmləri ilə şəhərimizə yaraşıq verirlər.

“Kimyaçılar” Mədəniyyət Sarayının, Dram Teatrının, “Nizami” kinoteatrının son illərdə əsaslı şəkildə təmir olunan binaları ən müasir standartlar səviyyəsinə uyğunlaşdırılmışdır. Sumqayıtın yüksəlişinin digər bir nümunəsi bütün tibb müəssisələrinin təmir olunması və ya yenidən qurulmasıdır.

Sumqayıtın son illərdə yaradılan ən möhtəşəm ünvanlarından biri isə Dənizkənarı bulvardır. Şəhər dəniz sahilində yerləşməsinə baxmayaraq, burada heç vaxt bulvar olmamışdır. Hələ 1974-cü ildə Sumqayıta şəhər statusunun verilməsinin ildönümü ilə bağlı Dram Teatrının inzibati binasında keçirilən mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev bu məsələyə toxunmuş, şəhərdə bulvarın salınması ilə bağlı arzusunu ifadə etmişdi.  Şəhərimizdə həyata keçirilmiş quruculuq tədbirləri sırasında artıq Ulu Öndərin bu arzusu da həyata keçmişdir. Uzunluğu  5,2 kilometr, ümumi sahəsi 146 hektar olan Sumqayıt Dənizkənarı bulvarı bu gün sakinlərin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları istirahət və əyləncə məkanıdır. Böyük məmnunluqla  qeyd etmək istərdim ki, bir neçə il əvvəl İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq Üstünlük və Liderlik Forumunda Sumqayıt bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülmüşdür. Cənab Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır. “Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir.  Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq”, – deyə Prezident İlham Əliyev bildirmişdir.

Şəhər sakinlərinin sevimli istirahət yerlərindən olan Heydər parkı, Lüdviqshafen parkı, o cümlədən Sumqayıtın əsas yollarından olan Sülh prospekti, Sahil küçəsi, ümumiyyətlə, bütün küçə və prospektlər  əsaslı təmir olunaraq yenidən qurulmuşdur.

Son dövr ərzində Sumqayıtda 3 məktəb üçün yeni bina inşa olunmuşdur.  2021-ci ilin sentyabrında istifadəyə verilən 1 nömrəli tam orta məktəbin yeni tikilmiş tədris binası 1800 şagird yerlikdir. Həmçinin şəhərin İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb üçün də yeni tədris binası tikilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib. Sumqayıtdakı 20 nömrəli tam orta məktəb üçün bina isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Şəhərin 4-cü mikrorayon ərazisində inşa olunan bu müasir təhsil kompleksi 1100 şagird yerlikdir.

Sumqayıtın son illərdə yenidən qurulan digər bir ünvanı Mehdi Hüseynzadə adına şəhər stadionudur. Ötən əsrin 60-cı illərində istifadəyə verilmiş və iki-üç min azarkeş üçün hesablanan bu stadion müasir tələblərə cavab vermirdi və azarkeşlərin çoxu yarışları yer darısqallığından canlı izləyə bilmirdi. Dörd tərəfi açıq olan stadion əhəmiyyətli futbol yarışlarının keçirilməsi üçün uyğun məkan deyildi. Bir sözlə, yeni stadionun tikintisinə ehtiyac vardı. Bunu nəzərə alaraq, Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlə stadion ən müasir standartlar səviyyəsində yenidən quruldu və 2023-cü ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi.

Aparılan abadlıq və quruculuq işləri şəhərin Şəhidlər xiyabanını da əhatə etmişdir. 1992-ci ildə salınan Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunmuş, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılmışdır. Yenidən qurulan Şəhidlər xiyabanında “Qalib Əsgər” abidəsi ucaldılmış, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılmış, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılmışdır.

Sumqayıtda diqqət mərkəzində saxlanılan məsələlərdən biri də şəhər təsərrüfatının yenilənməsi və ən müasir standartlar səviyyəsində qurulmasıdır. Bu sırada həyata keçirilən mühüm tədbirlərdən biri çoxmənzilli yaşayış binalarının liftlərinin yenilənməsidir. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı tamamilə yenilənmiş, istismar müddətini ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz olunmuşdur.

Müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişindaşımada rahatlığın və çevikliyin təmin olunması da şəhərimizin uğurları sırasında yer alır. Son illərdə şəhərin ictimai nəqliyyatı tamamilə yenilənmiş, marşrut xətlərinə Türkiyə istehsalı olan müasir avtobuslar buraxılmışdır.

Həyata keçirilən abadlıq işlərinin bir istiqamətini yaşayış binalarının təmiri və müasir qaydada üzlənməsi təşkil edir. Bu zaman binaların tarixi memarlıq elementləri, dizayn və naxışları olduğu kimi qorunub saxlanılmışdır.  O cümlədən  1200-dən artıq yaşayış binasına yeni dam örtüyü vurulmuşdur və şəhər sakinlərini narahat edən daha bir problem həllini tapmışdır.

Bir neçə il əvvəl Sumqayıtın əsas problemlərindən biri də həll olunub. Söhbət “Acı dərə” kanalından gedir. Bu kanal şəhər əhalisi üçün çox böyük təhlükə mənbəyi idi. Ötən dövr ərzində aparılan quruculuq işləri çərçivəsində bu kanal boruya salınmışdır.

Yoluna qoyulan problemlərdən biri də şəhəri Saray qəsəbəsi ilə birləşdirən körpünün yenidən qurulmasıdır. Dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən bu körpü əvvəllər ikizolaqlı idi. Son illərdə həm də qəzalı vəziyyətə düşmüş körpü şəhərin girişində böyük tıxaclara səbəb olur, narahatlığa yol açırdı. Bunları nəzərə alaraq ötən ilin dekabr ayında ərazidə yeni körpünün inşasına başlanılmış və cəmi 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılmışdır. Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinə verilən 4 zolaqlı yeni körpü  Sumqayıtla Saray qəsəbəsi arasındakı nəqliyyatın hərəkətinin intensivliyini artırmışdır.

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində şəhərdə həyata keçirilən abadlıq, quruculuq və tikinti işləri sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş etmiş, Sumqayıtın simasını tamamilə dəyişmişdir. Həyata keçirilən kompleks quruculuq və abadlıq işləri bu şəhəri yaraşıqlı, eyni zamanda “ağıllı şəhər” elementlərinin həyata keçirildiyi müasir, ekoloji təmiz və “yaşıl şəhər”ə çevirmişdir. İndi Sumqayıt yüksək həyat standartlarının yaradıldığı şəhər kimi tanınır.  Ulu Öndər Heydər Əliyevin arzuladığı bir səviyyəyə yüksələn Sumqayıtın inkişafı və quruculuğu  isə davamlıdır və şəhərimiz qarşıdakı dövrdə uğurlarının miqyasını daha da genişləndirəcəkdir.

 

Zakir FƏRƏCOV, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər