Azərbaycan xalqı üçün 27 sentyabr milli yaddaşımızın, şəhidlərimizin ruhuna olan ehtiramın, mübarizə əzminin və Zəfərə gedən yolun simvoludur. 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi yalnız ərazilərimizin işğaldan azad edilməsi ilə deyil, həm də Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsi ilə nəticələndi. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Onların qanı yerdə qalmadı, biz qisası döyüş meydanında aldıq.” Bu ifadə hər bir azərbaycanlının qəlbində qürur və minnətdarlıq hissi ilə yaşayır.
Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişə birdən-birə yaranmamışdı. Bunun kökləri 200 ildən artıq müddətə dayanır. Çar Rusiyasının dövründən etibarən ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, yerli azərbaycanlıların sıxışdırılması və milli kimliklərinin silinməsinə yönəlmiş siyasət münaqişənin əsasını qoydu. XX əsrin əvvəllərində “Daşnaksutyun” partiyasının ifrat millətçilik ideologiyası, 1905-1907 və 1918-ci illərdə törədilən qətliamlar azərbaycanlıların yaddaşına qanlı faciə kimi həkk olundu.
Ermənistanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası isə bölgədə daimi münaqişə ocağı yaratdı. 1948-1956-cı illərdə 150 min azərbaycanlının deportasiyası, 1987-ci ildən başlayaraq 300 min soydaşımızın Ermənistandan qovulması, Dağlıq Qarabağ hadisələrinin alovlanması monoetnik Ermənistanın formalaşmasına xidmət edirdi. Bu proseslərin davamı kimi, 1990-cı illərdə Ermənistanın xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi regionda uzunmüddətli müharibə mühitini qaçılmaz etdi.
Azərbaycan xalqının yaddaşına ən dərin yara vuran hadisələrdən biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da 613 dinc insan – qadın, uşaq, qoca amansızcasına qətlə yetirildi. Bu faciə erməni faşizminin əsl simasını göstərməklə yanaşı, beynəlxalq təşkilatların “ikili standartlar” siyasətinin də bariz nümunəsinə çevrildi. ATƏT-in Minsk qrupu 29 il ərzində münaqişənin həllini yox, dondurulmasını təmin etdi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri isə icra olunmadan kağız üzərində qaldı.
Azərbaycan daim sülh tərəfdarı olmuş, beynəlxalq hüquqa sadiqlik nümayiş etdirmişdir. Lakin Ermənistanın təxribatları, təmas xəttində dinc əhaliyə atəş açması, diversiya cəhdləri münaqişəni yeni mərhələyə daşıyırdı. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz hadisələri Azərbaycanın işğalla barışmayacağını açıq göstərdi.
2020-ci il 27 sentyabrda Ermənistan ordusunun növbəti təxribatı, cəbhəboyu mövqelərimizə hücumları və yaşayış məntəqələrimizi artilleriya atəşinə tutması Azərbaycanı əks-hücuma keçməyə məcbur etdi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatı tarixi Zəfərlə nəticələndi. Azərbaycan Ordusu təkcə torpaqlarımızı azad etmədi, həm də milli qürurumuzu, tarixi ədaləti bərpa etdi.
Əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, yüzlərlə kənd azad edildi. 8 noyabrda Şuşanın azad olunması isə müharibənin taleyini həll edən dönüş nöqtəsi oldu. Şuşa uğrunda döyüşlər Azərbaycan əsgərinin iradə və rəşadətini bütün dünyaya nümayiş etdirdi.
Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. Bunun nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü.
Bu müharibə təkcə hərbi deyil, həm də siyasi-diplomatik qələbə idi. Azərbaycan 30 illik işğala son qoydu, suverenliyini bərpa etdi.
44 günlük müharibədə 2908 igid oğlumuz şəhid oldu, minlərlə əsgər yaralandı. Onların fədakarlığı sayəsində biz bu gün azad torpaqlarda addımlayırıq. Prezident İlham Əliyevin dedyi kimi: “Şəhidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı dastana çevrilib.”
Şəhid ailələri və qazilərə dövlətin diqqəti daim prioritetdir. “YAŞAT” Fondu minlərlə qazinin və şəhid ailəsinin sosial müdafiəsini təmin edir, müasir protezlərlə təminat, müalicə və reabilitasiya işləri həyata keçirilir. Onların həyat şəraitinin yaxşılaşdırılması dövlətin vəzifəsi kimi qəbul olunur.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il 27 sentyabr Anım Günü kimi qeyd olunur. Bu gün xalqımız şəhidlərimizin ruhu qarşısında baş əyir, onların qəhrəmanlığını yad edir. Bu, həm də gələcək nəsillərə vətənpərvərlik dərsidir.
Bununla yanaşı, dövlət səviyyəsində Qələbənin əbədiləşdirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenləri, 15 adda yeni medal təsis olunub. Bakıdakı Zəfər Parkı və Memorial Kompleks xalqımızın qəhrəmanlığını əks etdirən böyük abidədir. Burada şəhidlərimizin adları əbədiləşdirilir, gələcək nəsillərə milli mübarizə ruhu aşılanır.
27 Sentyabr – Anım Günü təkcə kədər günü deyil, həm də qürur günüdür. Bu gün biz həm şəhidlərimizi yad edir, həm də onların canı, qanı bahasına qazanılmış tarixi Qələbəni xatırlayırıq. Azərbaycan xalqı bu mübarizədə milli birlik, əzm və iradə nümayiş etdirdi. Qələbə yalnız hərbi gücün deyil, həm də milli ruhun, milli ləyaqətin təntənəsi oldu.
Şəhidlərimizin ruhu qarşısında bir daha baş əyərək deyirik: onların qanı yerdə qalmadı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu gün biz qalib xalq, müzəffər dövlət kimi gələcəyə inamla addımlayırıq.
Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri
Müzakirə qapadılmışdır.