1980-ci ildən etibarən ermənilər açıq şəkildə Azərbaycanın tarixi ərazilərinə torpaq iddiası irəli sürməyə başladılar. Ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyalarının pik həddi sayılan bu hadisələr fonunda 1987-ci ildən etibarən Azərbaycan və Ermənistan arasında qarşıdurmalar başladı. Son günlərini yaşayan Sovetlər Birliyi yaranmış qarşıdurmalara, ermənilərin torpaq iddialarına göz yummağa və susmağa üstünlük verdi. Hətta 1990-cı ilin yanvar ayında öz mövqeyini açıq nümayiş etdirərək paytaxt Bakıda 20 Yanvar qanlı faciəsini təşkil etdi. 1987-1991-ci illər ərzində Qərbi Azərbaycan ərazisində olan soydaşlarımız deportasiyaya uğradıldı, öz dədə-baba yurdlarından didərgin düşdülər.
1991-ci ilin oktyabrında müstəqilliyini yeni elan etmiş, hər cür dəstəkdən məhrum qalmış, özbaşınalıqların baş alıb getdiyi, səriştəsiz dövlət başçılarının idarə etdiyi, daha doğrusu, idarə edə bilmədiyi Azərbaycan çoxsaylı havadarları olan ermənilərə qarşı qeyri-bərabər müharibəyə başladı. Qarabağ əraziləri bir-birinin ardınca daşnaqlar tərəfindən işğal olunmağa, soydaşlarımız məcburi köçkün həyatı yaşamağa başladılar. Bu da azmış kimi 1992-ci ildə rus ordusunun dəstəyi ilə qanlı Xocalı qətliamı baş verdi. Hər vəchlə erməniləri dəstəkləyən dünya birliyi yüzlərcə qadının, uşağın, ahılın, silahsız azərbaycanlının ölümünə səsini çıxarmadı. Hadislər daha tragik məzmun almağa başladı.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində 1994-cü ildə tərəflər arasında atəşkəs əldə edildi. Lakin bu vaxta qədər torpaqlarımızın iyirmi faizi işğal olunmuş, bir milyondan çox soydaşımız öz doğma torpaqlarından didərgin düşmüşdü. Heydər Əliyevin dayanıqlı siyasəti qısa zamanda məhvə məhkum olan respublikanı dirçəltməyə başladı. Doğru neft siyasəti, xarici əlaqələr infrastrukturun və qanunvericiliyin, təhsil və mədəniyyətin inkişafına imkan yaratdı.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev ölkəyə başçılıq etməyə başlayanda möhkəm əsaslar üzərində qurulmuş siyasəti daha da inkişaf etdirdi. Qurulan siyasi əlaqələr, hərbi sənayenin inkişafı gələcək uğurların xəbərçisi idi. O, var gücü ilə Azərbaycan və Ermənistan arasında yaranmış münaqişəni sülh yolu ilə sonlandırmağa çalışırdı. Lakin ağlı hələ də keçmiş ötəri uğurlarında qalan Ermənistan Azərbaycanın siyasi və hərbi arenada gücünün fərqində deyildi. Buna görə də havadarlarının şirin vədlərinə aldanaraq hadisələrin danışıqlar yolu ilə inkişafına hər cür maneə törədirdi.
Bütün bu gedişat fonunda dərin, çevik və praqmatik zəkaya sahib İlham Əliyev öz işini davam etdirir, inamlı əlaqələr qurur, hərbi sənayeni ən son və mükəmməl silahlarla təchiz edir, ordu quruculuğunda köhnə metodları daha mütərəqqi metodlarla əvəz edir, dünya dövlətləri ilə davamlı əlaqələr qurur, türk və müsəlman dövlətlərinin birliklərinin yaradılmasında təşəbbüskar kimi çıxış edirdi. Bütün bu deyilənlər 2020-ci ilin sentyabrında başlayan, 44 gün davam edən və xalq-hakimiyyət-ordu birliyinin Ermənistan üzərində parlaq qələbəsi ilə yekunlaşan hadisələrə yol açdı. Qazanılan zəfər xalqımızın illərlə gözlədiyi və xəyalını qurduğu qələbə idi.
Xalqımız əmindir ki, öz müdrik başçısının uğurlu siyasəti nəticəsində bu qələbə daim olacaq, xalqımız firavan həyat yaşayacaqdır.
Avtandil Ağbaba,
QAİ-nin Ziyalılar Şurasının üzvü,
əməkdar jurnalist, filologiya elmləri doktoru
Müzakirə qapadılmışdır.