1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan xalqının yaddaşına ən ağır faciələrdən biri kimi həkk olunmuşdur. Bu hadisələrin kökündə erməni millətçi dairələrinin uzun illər boyu formalaşdırdığı mifik “Böyük Ermənistan” ideyası dayanırdı. Tarixin müxtəlif mərhələlərində bu ideyanın həyata keçirilməsi məqsədilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və kütləvi qırğınlar törədilmiş, dinc əhali sistemli şəkildə hədəfə alınmışdır.
Həmin dövrdə Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar həyata keçirmişdir. 1918-ci ilin martın 30-dan aprelin 3-dək yalnız Bakı şəhərində deyil, eyni zamanda Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə on minlərlə azərbaycanlı etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Bu hadisələr təkcə hərbi qarşıdurma deyil, mülki əhaliyə qarşı planlı şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsi idi.
Qırğınların miqyası olduqca geniş olmuşdur. Mənbələrə əsasən, həmin günlərdə 30 mindən çox azərbaycanlı öldürülmüş, on minlərlə insan öz doğma torpaqlarından didərgin salınmışdır. Yaşayış məntəqələri dağıdılmış, məscidlər, məktəblər, xəstəxanalar və digər mədəni abidələr yerlə-yeksan edilmişdir. Bu faktlar göstərir ki, məqsəd yalnız fiziki məhvetmə deyil, eyni zamanda xalqın tarixi və mədəni irsinin silinməsi olmuşdur.
Xüsusilə Şamaxı və Quba qəzalarında törədilmiş qırğınlar öz qəddarlığı ilə seçilmişdir. Şamaxıda yüzlərlə kənd dağıdılmış, minlərlə insan, o cümlədən qadın və uşaqlar amansızcasına qətlə yetirilmişdir. Qubada isə aşkar olunan kütləvi məzarlıqlar bu faciənin miqyasını bir daha sübut edir. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qurbanların böyük hissəsi xüsusi işgəncələrlə öldürülmüş, onların cəsədləri kütləvi şəkildə basdırılmışdır.
İrəvan quberniyası və Zəngəzur bölgəsində də azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar həyata keçirilmişdir. Yüzlərlə kənd yerlə-yeksan edilmiş, on minlərlə insan öldürülmüş və ya qaçqın vəziyyətinə düşmüşdür. Bu hadisələr bir daha sübut edir ki, həmin dövrdə azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqlar təsadüfi deyil, sistemli və məqsədyönlü xarakter daşımışdır.
Bu qanlı hadisələr uzun müddət siyasi səbəblərdən gizlədilmiş, obyektiv araşdırmaların aparılmasına maneələr yaradılmışdır. Yalnız müstəqillik əldə edildikdən sonra bu faciələrə hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i rəsmi olaraq Soyqırımı Günü elan edilmiş, bu istiqamətdə elmi araşdırmaların aparılmasına və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ciddi təkan verilmişdir.
Sonrakı illərdə aparılan tədqiqatlar, xüsusilə Qubada aşkarlanan kütləvi məzarlıq bu faciələrin miqyasını daha aydın şəkildə ortaya qoymuşdur. Azərbaycan dövləti bu tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması, qurbanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Bu məqsədlə Qubada Soyqırımı Memorial Kompleksi yaradılmış, müxtəlif dillərdə kitablar və tədqiqat əsərləri nəşr olunmuşdur.
Azərbaycan xalqı tarix boyu üzləşdiyi bu faciələri heç vaxt unutmamış, eyni zamanda milli birliyini və dövlətçilik əzmini qoruyub saxlamışdır. Bu baxımdan 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etmiş, illər boyu davam edən ədalətsizliyə son qoymuşdur. Bu qələbə təkcə hərbi uğur deyil, həm də tarix boyu xalqımıza qarşı törədilən faciələrə verilən siyasi və mənəvi cavab, milli yaddaşın və ədalət prinsipinin təntənəsi kimi qiymətləndirilməlidir.
Emma Şükürova, Şəhid Anar Şükürovun anası, pedaqoq


Müzakirə qapadılmışdır.