31 Mart- Milli yaddaşımızın ağrılı günü

59

31 Mart Azərbaycan xalqının tarixində ən faciəli və unudulmaz günlərdən biri kimi yadda qalmışdır. 1918-ci ilin mart-aprel aylarında baş vermiş bu qanlı hadisələr nəticəsində minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmişdir. Həmin dövrdə Bakıda və Azərbaycanın digər bölgələrində baş verən qırğınlar əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilmişdir. Dinc əhaliyə qarşı törədilən bu cinayətlər zamanı qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürülmüş, evlər yandırılmış, tarixi abidələr dağıdılmışdır. Şamaxı, Quba, Qarabağ və digər bölgələr bu faciədən xüsusilə ağır zərər görmüşdür. 31 Mart hadisələri təkcə insan tələfatı ilə deyil, həm də milli-mənəvi dəyərlərimizin məhv edilməsi ilə yadda qalmışdır. Məscidlər, məktəblər və mədəniyyət ocaqları dağıdılmış, xalqın tarixi irsi ciddi zərbə almışdır. Bu hadisələr Azərbaycan xalqına qarşı yönəlmiş məqsədli soyqırımı siyasətinin bariz nümunəsidir.
1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib. Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.
Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması ilə deyil, erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə 2018-ci ildə – Mart soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzaladı. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirildi.
Bununla yanaşı 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində burada kütləvi məzarlıq aşkarlandı. Bu məzarlıq 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımının qurbanları olduğunun sübutu idi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına dair sərəncam imzaladı. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edildi və 2013-cü ildə açılışı oldu. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirlərində qətiyyətlə verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı.
Xəyalə Maarifqızı (Həmzəliyeva) – 37 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər