45 saylı Sumqayıt dördüncü seçki dairəsində bütün seçki məntəqələri səsverməyə hazırdır

358

Bu il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə sayılı günlər qalır. Sumqayıt ərazisində fəaliyyət göstərən 45 saylı Sumqayıt dördüncü seçki dairəsində seçkilərə hazırlıq işləri tam başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib.

Dairə seçki komissiyasının sədri Məhəbbət Məmmədova AZƏRTAC-a bildirib ki, komissiya seçki prosesinə start veriləndən bu günə qədər öz işini Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə qurub. Komissiyanın iclaslarında müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edilib, seçki komissiyasının üzvləri üçün kurslar, seminar-treninqlər təşkil olunub.

Qeyd edib ki, seçicilər öz iradələrini 38 məntəqədə ifadə edəcəklər. Dairə üzrə seçki siyahısında 51 min 175 nəfər qeydə alınıb. Onlardan 461-i ilk dəfə səs vermək hüququndan istifadə edəcək. Siyahıda 80 yaşından yuxarı 906 seçici var.

“Seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsi üçün bütün tədbirlər görülüb, məlumat guşələri hazırlanıb. Eyni zamanda, müşahidəçilərin akkreditasiyası aparılır. Dairənin tərkibində olan 6 məntəqədə veb-kamera quraşdırılıb. Bu da səsvermə prosesini real zamanda müşahidə etmək imkanı yaradacaq”, – deyə M.Məmmədova əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər