sumqayitxeber.com saytı xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov universitetin bir qrup professor-müəllim heyətilə Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda olub.
Elmlə istehsalat arasında körpü yaratmaq, əlaqələri inkişaf etdirmək məqsədilə edilən səfər Sumqayıt Texnologiyalar Parkının (STP) fəaliyyəti ilə tanışlıqdan başlayıb. Texnoparkın icraçı direktoru Sahib Musayev qonaqları STP ilə tanış edib. Bildirib ki, Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsi 2009-cu ildə prezident İlham Əliyev tərəfindən işə salınıb. Parkın ərazisi 45 hektardır. Burada elektroenergetika sənayesi üçün məhsullar hazırlanır, zavodlar, sexlər və istehsal xətləri yaradılır. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislərin daimi işlə təmin edilmələri planlaşdırılıb. “Sumqayıt-3” qapalı tipli yarımstansiyası Cənubi Qafqazda istifadəyə verilən ilk belə obyektdir. Sahib Musayev bildirib ki, Yarımstansiya yüksək səviyyədə avtomatlaşdırılıb və daxili mikro nəzarət sisteminə malikdir. Zavodda 800 millimetrə qədər diametrli plastik borular istehsal olunur. 16 atmosfer təzyiqə davam gətirəcək belə boruların MDB məkanında ilk dəfə istehsalına başlanılıb və bunlardan kabellərin çəkilməsində, kiçik su elektrik stansiyalarının tikintisində, həmçinin qaz, su və kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə edilir. 17 zavoddan ibarət olan bu Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir. Sumqayıt Texnoparkında ən müasir avadanlıq quraşdırılıb, elektroenergetika sənayesində kəskin ehtiyac duyulan mis və alüminium çubuqlar istehsal olunur. 500 kV qədər gərginlik kabelləri istehsal edəcək zavodun MDB məkanında analoqu demək olar ki yoxdur. Hazırda dünyada cəmi 7 belə müəssisə fəaliyyət göstərir.
Daha sonra rektor Abel Məhərrəmov və nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu ilə tanış olublar. Şirkətin Satış müdiri Bahadur Musayev bildirib ki, burada müxtəlif diametrli polad borular istehsal edilir. Layihəyə uyğun olaraq, zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunur. Burada hazırlanan polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunur.
Rektor Abel Məhərrəmov prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin istehsalat sahəsində sürətli inkişafın əyani şahidi olduqlarını bildirib. Deyib ki, Bakı Dövlət Universiteti alimlərinin bu texnoparkla əlaqlərini qurmaq, elmi potensiallarından istifadə etmək, tələbələri istehsalata cəlb etmək, yeni elmi innovasiyon sistem tətbiq etmək və elmi-texniki mərkəz yaratmaqla mövcud istehsalatı daha da inkişaf etdirmək mümkündür. Eyni zamanda əldə edilən təcrübədən yararlanaraq Bakı Dövlət Universitetində innovasiyon elmi istiqamətlər üzrə xüsusi mərkəzin (parkın) yaranması nəzərdə tutulur.
Müzakirə qapadılmışdır.