ABŞ-ın yeni hərbi doktrinasında Rusiya baş düşmən roluna qaytarıldı

1118

“ABŞ böyük dövlətlərin nüvə yarışması dövrünün yenidən geri qayıtdığını düşünür”.

Bunu “The Huffington Post” qəzetinin üzə çıxardığı ABŞ hökumətinin açıqlamağa hazırlaşdığı “Nüvə siyasətinin icmalı” (Nuclear Posture Review) adlı sənəddən də görmək mümkündür.

“Kommersant” qəzetinin yazdığına görə, sənəd Barak Obama administrasiyası tərəfindən 2010-cu ildə qəbul edilən doktrinanı əvəzləməlidir. Yeni layihədən anlaşıldığı üzrə, ABŞ Rusiya və Çini əsas düşmən olaraq müəyyən edib. Onlarla rəqabət aparmaq üçün isə Vaşinqton “Trident D5” kiçik nüvə başlıqlı ballistik raketlərin istehsalı, habelə “Tomahawk” tipli qanadlı raketlərin nüvə başlığı ilə təmin olunması da daxil olmaqla bu sahəyə ciddi sərmayə yatırılmasını nəzərdə tutur. Layihə müəlliflərinin fikrincə, bütün bunlar rusları Avropaya birinci zərbə endiricəkləri ilə bağlı xülyalardan qurtarmalıdır.

Yeni nüvə strategiyası prezident Donald Trampın yanvarın 27-də verdiyi əmrlə işlənib hazırlanıb. “The Huffington Post” onun rəsmi olaraq açıqlanmazdan qabaq yayımlayıb.

64 səhifəlik sənəd Pentaqon rəhbəri Ceyms Mettisin ön sözləri ilə başlayır. Burada ABŞ-ın öz tarixində önəmli anlar yaşadığı vurğulanaraq, beynəlxalq təhlükəsizliklə bağlı situasiyanın soyuq müharibə illərindən bu yana ən mürəkkəb və qeyri-sabit perioddan keçdiyi bildirilir. ABŞ müdafiə nazirinin sözlərinə görə, onun ölkəsi 2010-cu ildən bu yana dünyada nüvə təhlükəsinin azalması üçün əlindən gələni edib və öz nüvə arsenalını 85% azaldıb. “Lakin dünyada təhlükə azalmadığı kimi, əksinə, daha da artıb”, – sənəddə deyilir.

Əgər Barak Obama dövründə qəbul olunan doktrina ABŞ üçün beynəlxalq təhlükəsizliyin təmin olunması sistemində nüvə silahının rolunun azaldılmasını nəzərdə tuturdusa, Donald Trampın strategiyası onu əsas ayrılmaz element kimi görür.

Özü də yeni sənəd ABŞ-ın nüvə arsenalının mümkün tətbiqi ilə bağlı ssenarilər siyahısını genişləndirir.

İndi bu cür “ekstremal şərtlərə” həmçinin ABŞ-a və ya onun müttəfiqlərinə qarşı, mülki insanlar və infrastrukturda ciddi tələfata yol aça biləcək qeyri-nüvə xarakterli hücumlar da daxil edilib.

Doktrinada deyildiyi kimi, nüvə silahı ilə bağlı yanaşma tərzinin dəyişməsi ABŞ-ın təhlükəsizliyi üçün yaranan yeni təhdidlərlə bağlıdır. Bunların başında isə heç şübhəsiz Rusiya gəlir.

“Öncəki zamanlarda Rusiya ABŞ-ın nüvə silahlı ilə bağlı çağırışlarına müvafiq olaraq öz strateji nüvə silahlarında ixtisarlaşmanı həyata keçirirdi. Bu gün isə Rusiya tam əksinə, onları modernləşdirməklə məşğuldur. Ən təşviş doğuran hal isə Rusiyanın hərbi planlama və quruculuq işlərində müvvəfəqiyyətə nail olmaqdan ötrü nüvə eskalasiyasına güvənməsi ilə bağlıdır. Rusiyanın Krımın işğalı zamanı ABŞ və onun müttəfiqlərini nüvə silahı ilə hədələməsi onu göstərir ki, Moskva açıq şəkildə böyük dövlətlərin atom rəqabəti dövrünə geri dönüb”, – sənəddə deyilir.

Doktrinada “Rusiyanın ABŞ və NATO-nu özünün əsas düşməni elan etdiyi, habelə Avrasiyadakı geopolitik ambisyalarının həyata keçirilməsi yolunda əsas əngəl olaraq gördüyü” yazılıb.

Yeni planda Vaşinqton Moskvanı 1987-ci ildə bağlanan “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləni, habelə 2002-ci ildə imzalanan “Açıq səma haqqında” sazişi və 1991-ci ildə bağlanmış “Prezidentlərin nüvə təşəbbüsləri” haqqında anlaşmanı pozmaqda ittiham edir. Sənəddə Rusiyanın ABŞ-la müqayisədə nüvə silahlarının istehsalında daha böyük gücə malik olduğu, habelə taktiki sistem planında onu qat-qat üstələdiyi etiraf olunub.

Yen strategiya Rusiyanın hər hansı bölgəsəl münaqişə, yaxud da ABŞ və onun müttəfiqlərinə qarşı nüvə silahının məhdud şəkildə olsa belə tətbiq etməsi halında onun hansı nəticələrlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edilməsinin vacibliyi vurğulanıb:

“Rusiya başa düşməlidir ki, hətta məhdud miqyasda nüvə silahının tətbiqi ona öz məqsədlərinə çatmağa imkan verməməklə bərabər, hərbi münaqişələrin təbiətini fundamental şəkildə dəyişəcək və Moskva bununla bağlı olaraq ölçüyə gəlməz dərəcədə bədəl ödəyəcək”.

Doktrinaya görə, Vaşinqton Rusiyanın nüvə şantajlarının qarşısını almaq üçün silahlanmanın yeni növlərini işləyib hazırlayacaq.

İlk növbədə söhbət sualtı qayıqlarda istifadə olunan “Trident D5” yüngül nüvə başlıqlı ballistik raketlərin yaradılmasından və dənizdən atılan “Tomahawk” raketlərinin nüvə başlıqları ilə təchiz edilməsindən gedir.

Doktrinada yazıldığı kimi, ABŞ öz nüvə triadasının, yəni starteji aviasiya, qitələrarası ballistik raketlərin və atom sualtı raket daşıyıcılarının modernləşdirilməsi işinə başlayır. Bu məqsədlə ABŞ yaxın 30 il ərzində 1,25 trilyon dollar ayırmağı düşünür.

ABŞ bu məqsədlə Fransa və Böyük Britaniya kimi müttəfiqlərilə koordinasiyalı şəkildə çalışacağını bəyan edir.

Bununla belə, sənəddə Rusiya ilə silahlanmaya nəzarət sahəsində konstruktiv əməkdaşlığın davam etdiriləcəyinə ümid bəsləndiyi qeyd olunub.

Vaşinqton bununla əlaqədar 2010-ciu ildə imzalanan və 2021-c ildə qüvvədən düşəcək “Strateji hücum silahlarının azaldılması haqqında” Sazişin uzadılacağını istisna etməyib. Bununla yanaşı, ABŞ bundan sonra yeni azalmaların olacağını mümkünsüz hesab etdiyini də diqqətə çatdırıb.

Yeni doktrina ABŞ-da və Rusiyada ciddi tənqidlərə məruz qalıb. “Kommersant” qəzetinə müsahibə verən ABŞ dövlət katibinin keçmiş müavini Tomas Kantrimen yeni startegiyanın ABŞ-ın son 11 prezidentinin ölkənin müdaifəsində nüvə silahının rolunun azaldılması ilə bağlı götürdükləri siyasətə tamamilə zidd olduğunu söyləyib.

Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər