Məlum olduğu kimi, yanvarın 20-dən başlayaraq Türkiyə Afrində “Zeytun budağı (dalı)” əməliyyatlarına başlayıb. Həmin gündən “Zeytun budağı” əməliyyatı dünya mətbuatının manşetlərinə çıxarıldı. Bir çoxları üçün də maraqlıdır, niyə əməliyyatın adı məhz “Zeytun budağı (dalı)” əməliyyatı adlandırılır? Bu ad nəyin simvoludur?
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı internet resurslarında araşdırma aparıb.
Qeyd edək ki, Afrin Suriyanın rayonlarından biridir. Bu rayonun simvolu zeytun ağacıdır. Rayonda əsasən zeytun yetişdirilir və burada zeytun yağı ixrac edən böyük tekstil var. Əməliyyatın adının “Zeytun budağı” adlandırılmasına gəldikdə isə, inanca görə zeytun bütün ağacların ilki kimi qəbul edilir. Bütün müqəddəs kitablarda zeytun rifahın, bolluğun, ədalətin, qürurun, ağlın, yenidən doğulmağın, qısası insanlıq üçün ən önəmli dəyərlərin simvoludur.
Dini əfsanəyə əsasən Həvva ilə birlikdə qadağan olunan meyvə yediyi üçün cənnətdən qovulan Adəm artıq 930 yaşında öləcəyini hiss edir. Bunun üçün o, tanrıdan özünün və bütün insanlığın bağışlanmasını diləyir. Ona bu işdə oğlu Şit (Qurani-Kərimdə adı keçməyən peyğəmbərlərdən biri. Deyilənə görə Adəmin 3-cü oğludur. O, Kabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlib) köməklik edir. Tanrı Şiti cənnət bağçasına göndərir, xeyir və şər ağacından aldığı 3 toxumu ona verir və atasını dəfn etməzdən əvvəl bu toxumları onun ağzına qoymasını tövsiyə edir. Beləliklə Adəm bir neçə gündən sonra ölür və Tabor dağı yaxınlığında Hebron vadisində dəfn edilir. Onun dəfn olunduğu yerdə 3 ağac göyərməyə başlayır. Bunlar zeytun, sədir və sərvi ağacları olur. Mənası isə tanrı və insanlar arasında barışığın yarandığı anlamına gəlir. Doğrudur, zeytun ağacının yetişdirilməsi olduqca çətindir.
Amma zeytun ağacı insan oğlunun ona sərf etdiyi əməyi comərdliklə geri ödəyir. Zeytun budağı, yarpağı ilə bağlı daha bir əfsanə həzrəti Nuh peyğəmbər və onun gəmisi ilə bağlıdır. Əfsanəyə görə məlum tufan zamanı həzrəti Nuh sel-suların çəkilib-çəkilmədiyini öyrənmək üçün gəminin pəncərəsindən bir göyərçini günəşin batdığı yerə doğru yola salır. Sular çəkilmədiyi üçün göyərçin gəmiyə geri dönür. 7 gün sonra Nuh peyğəmbər yenidən göyərçini yola salır. Bu dəfə göyərçin dimdiyində qoparılmış zeytun yarpağı ilə geri dönür. Bu zaman Nuh suların yer üzündən çəkildiyini anlayır. Beləliklə o vaxtdan dimdiyində zeytun yarpağı tutan göyərçin ümidin, bolluğun, barışın, tufanın yox edici gücünə qarşı dirəniş göstərən zeytun ağacı isə ölümsüzlüyün simvoluna çevrilir.
Xristian dinində zeytun budağı daşıyan göyərçin ölənlərin ruhlarını dimdiyi ilə Allaha yetirən bir vasitə kimi qəbul edilir. İsa peyğəmbərin çarmıxa çəkildiyi ağac zeytun ağacı imiş. Uzun müddət Olimpiya oyunlarında qələbə qazanan iştirakçılara zeytun budağından düzəldilmiş tac hədiyyə edilirmiş. Sezar başında zeytun ağaclarından düzəldilmiş tacla xalqın qarşısına çıxardı.
Bununla da belə qənaətə gəlmək olur ki, zeytun ağacı ağıl və zəfərin, zeytun budağı isə sülhün sağlığın, sadəliyin simvolu hesab edildiyindən Türkiyənin Afrində keçirdiyi əməliyyat məhz “Zeytun budağı” adlandırılıb.
Müzakirə qapadılmışdır.