Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü müasir dövlətçilik fəlsəfəsinin, hüquqi dövlət quruculuğunun və humanist idarəçilik modelinin parlaq nümunəsi kimi dəyərləndirilməlidir. Bu təşəbbüs müstəqil Azərbaycanın siyasi iradəsini, sosial məsuliyyətini və insan amilinə verdiyi ali dəyəri əks etdirən mühüm ictimai-siyasi hadisədir. Amnistiya institutu Azərbaycan dövlətinin gücünün, özünəinamının və vətəndaşına olan etimadının göstəricisi kimi çıxış edir.
Azərbaycan dövlətçiliyinin möhkəm və sarsılmaz təməlləri Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində formalaşıb. Məhz Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını müəyyən edib, ölkədə demokratik, hüquqi və dünyəvi dövlət modelinin bərqərar olmasına yol açıb. Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, məqsədyönlü və qətiyyətlə davam etdirilir, Konstitusiyanın ali hüquqi qüvvəsi ölkənin bütün ərazisində tam təmin olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizmdir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Bu yanaşma cinayət-hüquq siyasətində də öz aydın ifadəsini tapır.
Suverenliyimizin tam bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması Azərbaycan xalqının tarixi Zəfərinin nəticəsidir. Məhz bu tarixi reallığı və ümumbəşəri humanizm dəyərlərinə sadiqliyi rəhbər tutaraq Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Dövlət başçısı humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad edilmənin cəmiyyət üçün müsbət sosial nəticələr verəcəyinə, həmin şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inam ifadə edib.
Amnistiya aktının layihəsinə əsasən bu humanist qərar geniş sosial əhatə dairəsinə malikdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə həmin əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları amnistiyadan yararlana biləcəklər. Eyni zamanda Ermənistanın hərbi təxribatları nəticəsində mülki əhaliyə qarşı törədilmiş cinayətlər zamanı əlil olmuş şəxslər də bu siyahıya daxildir.
Layihədə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların, eləcə də böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması nəzərdə tutulur. Həmçinin ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər üçün də humanist yanaşma tətbiq edilir. Bu, Azərbaycan dövlətinin hüquqi ədaləti sosial ədalətlə uzlaşdırmaq bacarığını bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə təqdim edilən bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya olacaq. Proqnozlara əsasən, sənəd ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən artıq məhkum azadlıqdan məhrum etmə cəzasından azad ediləcək, 3 mindən çox şəxsin cəzası azaldılacaq, 7 mindən artıq məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti cəzalardan azad olunacaq. Bundan əlavə, mindən çox şəxs cinayət məsuliyyətindən azad ediləcək.
Ümumilikdə, 1995-ci ildən etibarən Azərbaycanda qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunub. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 mindən çox məhkum əfv olunub. Milli Məclisin deputatı olduğu dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları da bu humanist siyasətin mühüm tərkib hissəsidir.
Nəticə etibarilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi gücünü, siyasi müdrikliyini və insanpərvər mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu addım bir daha sübut edir ki, müasir Azərbaycan dövləti gücünü yalnız sərt mexanizmlərdə deyil, humanizm, mərhəmət və sosial ədalət prinsiplərində görür və məhz bu yanaşma ölkəmizin dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir.
Anar Qasımlı, Sumqayıt Regional Vəkil Bürosunun müdiri


Müzakirə qapadılmışdır.