Amnistiya təşəbbüsü: dövlətçilik, humanizm və hüquqi siyasətin vəhdəti

186

Müstəqil Azərbaycan dövlətinin formalaşması və institusional möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyətli iradəsi və xilaskarlıq missiyası ilə bilavasitə bağlıdır. Onun rəhbərliyi altında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi-siyasi əsaslarını müəyyən etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün fundamental baza yaratmışdır. Bu konstitusion əsaslar üzərində formalaşan dövlət idarəçilik siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə inkişaf etdirilir. İlham Əliyevin siyasi təfəkkürü strateji rasionalizm, siyasi praqmatizm və milli-mənəvi dəyərlərə əsaslanan realizm üzərində formalaşmışdır. Bu baxımdan onun siyasəti situativ qərarlar deyil, dərin analitik təhlilə əsaslanan sistemli yanaşma kimi xarakterizə olunur. Dövlət başçısı üçün suverenlik anlayışı yalnız ərazi bütövlüyü ilə məhdudlaşmır; bu anlayış siyasi müstəqillik, hüquqi tamlıq, iqtisadi özünütəminetmə və ideoloji müstəqillik kimi çoxölçülü məna daşıyır. Dövlət suverenliyinin möhkəmləndirilməsi, hüququn aliliyinin təmin edilməsi və idarəetmədə davamlılığın qorunması və humanizm prinsipi dövlət başçısının siyasi kursunun əsas istiqamətlərindən və həyata keçirdiyi dövlət siyasətinin aparıcı ideoloji dayaqlarından biridir. Bu yanaşma cinayət-hüquq siyasətində də öz aydın ifadəsini tapmışdır. Azərbaycan Respublikasında cəza siyasəti yalnız cəzalandırma məqsədi daşımır, eyni zamanda islah etmə, yenidən cəmiyyətə inteqrasiya funksiyalarını da yerinə yetirir. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, habelə Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunması xalqımızın müasir tarixində mühüm siyasi-hüquqi mərhələ kimi qiymətləndirilir. Məhz bu tarixi reallıqlar fonunda Prezident İlham Əliyev humanizm və mərhəmət ənənələrinə sadiqliyini bir daha ardıcıl və prinsipial şəkildə nümayiş etdirmişdir. Cəzadan azad etmənin tərbiyəvi və sosial əhəmiyyətinə, eləcə də amnistiyanın cəmiyyətin sağlamlaşmasına töhfə verən hüquqi mexanizm olduğuna əsaslanaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs, eyni zamanda, azad ediləcək şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacağına və dövlətin inkişafında fəal iştirak edəcəyinə olan inamı ifadə edir. Amnistiya aktının layihəsinə əsasən sənəd geniş sosial və hüquqi əhatə dairəsinə malikdir. Belə ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər amnistiyadan yararlana biləcəklər.
Eyni zamanda, həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində mülki əhali arasında əlillik qazanmış şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar da amnistiyanın əhatə dairəsinə daxil edilmişdir. Bundan əlavə, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması da nəzərdə tutulur. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən bu amnistiya aktı tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycan tarixində ən genişmiqyaslı amnistiya kimi qiymətləndirilir. Statistik məlumatlara əsasən, sənəd ümumilikdə 20 mindən artıq şəxsə şamil olunacaqdır. Belə ki, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcəyi, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxsin azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti cəzalardan azad ediləcəyi, mindən artıq şəxsin isə cinayət məsuliyyətindən azad olunacağı gözlənilir. Azərbaycanda amnistiya və əfv institutunun inkişaf dinamikasına baxdıqda açıq görünür ki, bu sahədəki hüquqi və humanist tədbirlər həm tarixi ənənələrə, həm də müasir dövlətçilik çağırışlarına cavab verir. 1995-ci ildən etibarən qəbul edilmiş 12 amnistiya aktı ümumilikdə 130 mindən artıq şəxsə şamil olunmuşdur ki, bu da ölkəmizdə humanist hüquq siyasətinin davamlı xarakterini göstərir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə (1995–2003) 32 əfv fərmanı imzalanmış və həmin müddətdə 7 amnistiya aktı tətbiq edilmişdir. Bu dövr, humanist yanaşma ilə hüquqi ədalətin qorunması və dövlət-vətəndaş münasibətlərinin sabitləşdirilməsi baxımından önəmli mərhələ kimi qiymətləndirilir. Milli Məclisin deputatı olduğu dövrdə, birinci-vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilmiş amnistiya aktları, dövlətin humanist hüquq siyasətinin formalaşmasında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı isə 17 mindən artıq şəxsi əhatə edərək, həm hüquqi, həm də sosial əhəmiyyətli nəticələr doğurmuşdur. Ümumilikdə 71 əfv fərmanı və sərəncam nəticəsində 10162 məhkum əfv edilmiş, onlardan 7060 nəfəri Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında azadlığa buraxılmışdır.
Bu statistika və hüquqi təcrübə göstərir ki, müasir Azərbaycan dövləti yalnız tarixi-siyasi irsə söykənmir, həm də gələcək çağırışları qabaqlayan, rasional və analitik yanaşma ilə yaradıcı siyasi təfəkkür əsasında formalaşan dinamik, effektiv və humanist idarəetmə sisteminə malikdir. Bu siyasət, eyni zamanda Heydər Əliyev siyasi məktəbinin prinsiplərini müasir reallıqlara uyğunlaşdıran Prezident İlham Əliyevin yaradıcı liderliyinin, strateji düşüncəsinin və dövlətçilik kompentensiyasının ifadəsidir.

Günel Şəmilzadə
Sumqayıt Dövlət Universiteti,
Pedaqogika və Psixologiya kafedrasının müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər