2023-cü ilin 19 sentyabrında Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı müasir Azərbaycan tarixinin dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Cəmi 23 saat 43 dəqiqə davam edən və 20 sentyabrda uğurla başa çatan əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu qələbə ilə ölkəmizin konstitusiya quruluşu Qarabağda tam bərpa olundu, dövlət suverenliyi bütün ərazilərimizdə təmin edildi. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə həmin gün **“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü”** elan olunması da əməliyyatın milli dövlətçilik baxımından əhəmiyyətini təsdiqləyir.
İkinci Qarabağ müharibəsinin bitməsindən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməli idi. Lakin 3 il ərzində bu öhdəlik yerinə yetirilmədi və bölgədə 10 mindən artıq erməni silahlı birləşməsi və qanunsuz silahlı dəstələr mövcudluğunu davam etdirdi. Azərbaycan tərəfi bu müddət ərzində məsələni sülh yolu ilə həll etməyə, reinteqrasiya prosesini irəlilətməyə çalışsa da, Ermənistan tərəfi əksinə olaraq bölgəyə yeni silah və canlı qüvvə cəlb edir, hərbi istehkamlar qurur, separatçılar isə “prezident seçkiləri” və “parlament bəyanatları” ilə açıq müstəqillik iddialarını davam etdirirdilər. Bu addımlar təkcə Azərbaycanın suverenliyinə deyil, həm də regionda sülh və sabitliyə ciddi təhdid yaradırdı.
Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə, beynəlxalq ictimaiyyətə və regionda vasitəçilik edən qüvvələrə xəbərdarlıq edərək Qarabağdakı erməni hərbi mövcudluğunun qanunsuz olduğunu bəyan etmişdi. 2021-ci ildən etibarən sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılsa da, Ermənistan danışıqlardan yayınmaqla və təxribatlarını davam etdirməklə prosesi dalana dirəyirdi. 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş qanlı toqquşmalar, 2023-cü ilin mart–may aylarında Şuşa istiqamətində və sərhəd bölgəsində həyata keçirilmiş atəşlər gərginliyi daha da artırdı. Üstəlik, 2021-ci ildə Ermənistanda istehsal olunmuş yeni minaların Qarabağ ərazisinə qanunsuz daşınması və basdırılması müharibədən sonra da terror fəaliyyətinin davam etdirildiyini təsdiqləyirdi.
Ermənistan tərəfindən Qarabağa qanunsuz silah və texnika daşınmasının qarşısını almaq üçün 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu. Bundan əvvəl isə Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekofəalların keçirdiyi etiraz aksiyaları beynəlxalq ictimaiyyətin diqqətini Qarabağdakı təbii sərvətlərin qanunsuz istismarına və ətraf mühitə vurulan ziyana yönəltdi. Bu addımlar Azərbaycanın Qarabağda reinteqrasiyanı dinc yolla həyata keçirmək niyyətinin, eyni zamanda suveren hüquqlarını qoruma əzminin göstəricisi idi.
2023-cü il 19 sentyabr səhəri Ermənistan kəşfiyyat-diversiya qrupları Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən yerləşdirdikləri minaları partlatdılar. Partlayış nəticəsində mülki şəxslər və Daxili Qoşunların hərbi qulluqçuları həlak oldu, yaralananlar oldu. Ardınca ordumuzun mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutuldu, Ağdam və Şuşada iki mülki şəxs daha həyatını itirdi.
Bu ardıcıl terror aktları və genişmiqyaslı hərbi təxribatlar Azərbaycanın suverenliyi və təhlükəsizliyinə birbaşa təhdid idi. Azərbaycan Ordusu üçtərəfli Bəyanatın icrasını təmin etmək və konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyat ağır relyef və uzun illər qurulmuş mühəndis istehkamları şəraitində aparılsa da, yüksək peşəkarlıq və texnoloji üstünlük sayəsində Azərbaycan Ordusu sürətli uğurlar qazandı. Yalnız 23 saat 43 dəqiqə davam edən döyüşlərdə düşmənin ön və dərinlik mövqeləri, uzunmüddətli atəş nöqtələri, hərbi obyektləri dəqiq zərbələrlə sıradan çıxarıldı.
Nəticədə, erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. 20 sentyabr saat 13:00-da atəşkəs elan edildi və tərksilah prosesi başlandı. Əməliyyat başlamazdan əvvəl bütün bölmələrə ciddi göstəriş verilmişdi ki, zərbələr yalnız hərbi obyektlərə endirilsin və mülki şəxslər zərər görməsin. Müdafiə Nazirliyi bölgədə yaşayan erməni sakinləri SMS və səsgücləndiricilər vasitəsilə xəbərdar edərək onları hərbi obyektlərdən uzaq durmağa çağırdı. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquq normalarına sadiqliyinin və mülki əhalinin həyatına verdiyi dəyərin bariz nümunəsi idi.
Antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin bütün birləşmələri Qarabağdan çıxarıldı, qeyri-qanuni silahlı dəstələr buraxıldı, Qarabağ bölgəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi. Bu əməliyyat Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. 30 ilə yaxın davam edən işğal və separatizmə son qoyuldu, ölkə ərazisində paralel silahlı strukturların mövcudluğu aradan qalxdı. Azərbaycan xalqının milli birliyi və dövlətinə inamı daha da möhkəmləndi.
19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı yalnız hərbi qələbə deyil, həm də diplomatik və siyasi baxımdan böyük uğur idi. Bu əməliyyatla Azərbaycan həm beynəlxalq hüquqa, həm də regionda sülh və sabitliyə sadiqliyini nümayiş etdirdi. Dövlət suverenliyimizin bərqərar olduğu hər qarış torpaqda bu gün Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Bu Zəfər gələcək nəsillərə dövlət müstəqilliyinin və milli iradənin simvolu kimi ötürüləcək və Azərbaycan tarixində əbədi şanlı səhifə kimi qalacaq.
Əbülfəz Bünyatov, Sumqayıt Regional Vəkil Bürosunun vəkili
Müzakirə qapadılmışdır.