Axırıncı dəfə kişi ibtidai sinif müəllimini Sumqayıtda görmüşəm…

2028

7 il öncə uşaqların problemləri ilə məşğul olan bir təşkilatda işləyərkən, paytaxtdakı məktəblərdən birinin direktorunun qəbulunda oldum. Həmin vaxt 9-cu sinif şagirdi ilə valideyni içəri daxil oldu.

Direktor çağırmışdı.

Valideynin və uşağın qorxulu baxışları hələ də gözümün önündədir. Çünki məktəb və direktor qarşısında ağır “suç” işlənmişdi: 9-cu sinif şagirdi olan qız əl barmaqlarının dırnağına boya çəkərək, məktəbə gəlmişdi.

Şübhəsiz, məktəbli qızın bu hərəkəti məktəbdaxili qaydalara görə doğru deyildi. Amma yeniyetməlik dövrü yaşayan qızın bu hərəkətində cinayət tərkibi yox idi.

Direktorun valideynə dediyi bu sözü isə 7 il keçsə də, unuda bilmirəm: “Bugün barmağına boya çəkən, sabah…”

O anda təhsil sistemimiz adına, məktəb adına utandım.

Əzilən valideyn qüruruna, boynunu bükən məktəbli uşağın qıpqırmızı olan çöhrəsinə görə utandım.

Şübhəsiz ki, bütün məktəb direktorları belə deyil, ola da bilməz.

Amma içərilərində onun kimi olanları vardır.

Normalda nə olmalı idi? Valideynlə, uşaqla məktəbin psixoloqu, sinif rəhbəri söhbət etməli, qaydaları başa salmalı idilər. Və ya ən uyğun variant seçilməli idi. Amma direktor öz xarakterinə uyğun bir şəkildə davranış sərgilədi. O uşağın həmin günkü günü necə keçirdiyini bilmədim. Bəlkə də, o da qüruruna sığışdırmayıb özünə nəsə edib.

***
Məktəblərimizlə bağlı bir neçə gündür problemlər səslənir. Ötən günlərdə məcburi köçkünlərin oxuduğu məktəblərin birindən şikayət aldım. Belə ki, yeni qanuna görə bu ildən etibarən məcburi köçkün məktəblərinin yanındakı evlərdə yaşayan, qaçqın, köçkün olmayanlar həmin məktəblərdə təhsil ala bilməyəcəklər. Bu isə o məktəbdəki uşaqların sayının azalmasına, nəticədə məktəbin bağlanmasına və müəllimlərin işsiz qalmasına səbəb olacaq.

Təhsil Nazirliyindən bu məsələyə diqqət göstərməsini xahiş edirəm.

***
Məktəblərdə kişi müəllimlərin azlığı yenə gündəmə gəlib. Mən orta məktəbdə oxuduğum dönəmdə ancaq tarix və idman müəllimləri kişi idi. Axırıncı dəfə kişi ibtidai sinif müəllimini isə 1991-ci ildə Sumqayıt məktəblərindən birində görmüşəm. Uşaqların evdə anaların, məktəbdə isə qadın müəllimlərin nəzarətində, tərbiyəsində böyüməsinin hansısa mənfi nəticəsi varmı, bilmirəm. Amma valideynlərin bu məsələni gündəmə gətirməsi onu göstərir ki, bu, məktəblərdə ciddi problem yaradır. Kişilərin az maaşa görə məktəblərdə işləmək istəməmələrini başa düşmək mümkündür, amma bunun həlli yolu olmalıdır.

Hesab edirik ki, Təhsil Nazirliyi sadaladığımız problemlərlə bağlı islahatlara getməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər