Azərbaycan-Albaniya münasibətlərində yeni mərhələ

449

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini ilbəil möhkəmləndirir, əlaqələrini daha da inkişaf etdirir. Dünyanın müxtəlif ölkələri ilə olduğu kimi Albaniya ilə də münasibətlər ötən dövr ərzində inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri əvvəlki illərdə dəfələrlə Azərbaycana səfər ediblər. Eləcə də bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə olub. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da Azərbaycanda olub. Sözsüz ki, bütün bu səfərlər ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır.

Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi Azərbaycan yüksək qiymətləndirir.

Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasındakı münasibətlərə toxundu, gələcək perspektivlərlə bağlı önəmli açıqlamalar verdi.

Ölkə başçısı bəyan etdi ki, ikinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan – inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər.

Dövlətimizin başçısı mətbuata açıqlamasında ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri ilə bağlı bildirdi ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var – qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri.

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatıiki dəfə artırılacaqdır.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər.

Azərbaycan Prezidenti Albaniyaya səfəri zamanı bir daha göstərdi ki, o, etibarlı tərəfdaşdır, sözünə sadiqdir, tam müstəqil siyasət aparır. Bu səfər Azərbaycan ilə Albaniya arasında əməkdaşlıqda yeni səhifənin açıldığını bir daha təsdiqlədi. İnanırıq ki, Prezident İlham Əliyevin Albaniyaya səfəri iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

Loğman Abdullayev, Sumqayıt Dövlət Universitetinin müəllimi, İqtisad üzrə fəlsəfə doktoru, dosent 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər