Azərbaycan alternativ enerji siyasətini uğurla həyata keçirir

395

Dünyada ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini aktuallaşdırmışdır. Azərbaycanda 2003-cü ilədək enerji əldə etmək üçün ənənəvi mənbələrdən – neft və qazdan, qismən də sudan istifadə olunmuşdur. Prezident İlham Əliyev bütün dünya üçün aktual problem kimi gündəmdə olan bu məsələ ilə ölkəyə rəhbərlik etməyə başlayandan qısa müddət sonra məşğul olmağa başladı. 2004-cü ilin oktyabrında o, Azərbaycanda ilk dəfə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramını imzaladı. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Prezident İlham Əliyev tərəfindən 2004-cü ildən etibarən yaradılan hüquqi və dövlət mexanizmləri öz nəticəsini verməkdədir. Həmin vaxtdan indiyədək ölkədə alternativ və bərpa olunan enerji sahəsində bir sıra layihələr həyata keçirilmişdir.
26 oktyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı Azərbaycanın bu istiqamətdə növbəti uğurudur.
Dövlətimizin başçısı açılış mərasimindəki çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu. Bildirdi ki, Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımız və dostluğumuz artım dinamika ilə inkişaf edir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır. Prezident İlham Əliyev vurğuladı ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.
Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik.

Prezident İlham Əliyev çıxışından bəzi sitatlara diqqət yetirək:
• Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür;
• Bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir;
• Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq;
• Növbəti illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək.
• Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq;
• İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq;

Prezident İlham Əliyev gələcək planlardan danışaraq bildirdi ki, enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal iş aparılır. “Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır”.
Tədbir çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi” və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi” imzalandı.
Beləliklə, İlham Əliyevin ölkəyə ötən 20 ildə rəhbərliyinin nəticələrindən biri kimi Azərbaycana uzunmüddətli perspektivdə böyük fayda verəcək layihələrin əsası qoyulmuşdur. Bu siyasətin nəticəsi olaraq Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, alternativ enerji mənbələrindən geniş istifadə edən ölkələr sırasına daxil olmuşdur. Ölkədə son illərdə ərzində bir-birinin ardınca yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi enerji gücünü artırmaqla yanaşı bölgələrdə sənayenin, qeyri-neft sektorunun inkişafına da təkan verdi. Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyi təmin olundu, əhali və digər istehlakçıların elektrik enerjisi ilə etibarlı təminatı öz həllini tapdı.

Təbrik Quliyev, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər