Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ: enerji, ticarət və sülh gündəliyi

47

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ: enerji, ticarət və sülh gündəliyi
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsində inkişaf edərək yeni məzmun qazanıb. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ticarət əlaqələri və regional sabitlik məsələləri tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Avropanın enerji bazarında baş verən dəyişikliklər və qlobal geosiyasi proseslər fonunda Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş kimi öz rolunu daha da möhkəmləndirib. Bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlər tərəfdaşlığın növbəti mərhələsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Birgə mətbuat bəyanatında Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırda fəal mərhələdə olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, tərəflər arasında müxtəlif səviyyələrdə intensiv dialoq aparılır və Avropa Komissiyasının üzvləri son illər ərzində dəfələrlə Azərbaycana səfər ediblər. Bu, münasibətlərin institusional səviyyədə sistemli şəkildə inkişaf etdiyini göstərir. Prezidentin sözlərinə görə, iqtisadi göstəricilər də bu əməkdaşlığın miqyasını açıq şəkildə nümayiş etdirir. Belə ki, 2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb ki, bu da Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı statusunu qoruduğunu təsdiqləyir.
Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” bu sahədə əməkdaşlığın yeni mərhələsini müəyyən edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropa ölkələrinə qaz ixracı həm həcmi, həm də coğrafiyası baxımından əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır, ümumilikdə isə Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 16-ya çatıb.
Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artdığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu gün boru kəmərləri vasitəsilə qaz təchiz edən əsas ölkələrdən biridir. Eyni zamanda yaxın illərdə yeni qaz yataqlarının istismara verilməsi hesabına hasilatın daha da artırılması planlaşdırılır. Dövlət başçısı qeyd edib ki, növbəti iki-üç il ərzində Azərbaycanın mövcud qaz həcmlərinə əlavə olaraq minimum 10 milyard kubmetr əlavə qaz ehtiyatı bazara çıxarılacaq. Bu isə Avropa bazarında Azərbaycanın mövqeyini daha da gücləndirəcək.
Enerji əməkdaşlığının mühüm istiqamətlərindən biri də bərpaolunan enerji layihələridir. Azərbaycan külək, günəş və hidroenerji sahəsində geniş potensiala malikdir və bu sahədə irimiqyaslı investisiyalar həyata keçirilir. Prezident İlham Əliyev bildirib ki, qarşıdakı 5–6 il ərzində Azərbaycan ixraca yönəlmiş 6–8 giqavat gücündə bərpaolunan enerji potensialı formalaşdırmağı planlaşdırır. Bu istiqamətdə Avropa tərəfdaşları ilə dənizaltı elektrik kabellərinin çəkilməsi, yeni ötürücü xətlərin yaradılması və enerji infrastrukturu layihələri üzərində iş aparılır.
Azərbaycanın Avropa ilə əməkdaşlığında nəqliyyat və logistika sahəsi də mühüm yer tutur. Xüsusilə Orta Dəhlizin genişləndirilməsi istiqamətində görülən işlər Avropa ilə Asiya arasında yeni iqtisadi əlaqələrin formalaşmasına töhfə verir. Prezident İlham Əliyev bildirib ki, regionda sülh və sabitliyin möhkəmlənməsi bu nəqliyyat layihələrinin daha sürətli inkişafına imkan yaradır. Ermənistanla əldə edilmiş sülh razılaşması fonunda yeni iqtisadi və nəqliyyat imkanlarının açılması regional əməkdaşlığın genişlənməsi üçün əlavə stimul yaradır.
Dövlət başçısı çıxışında Azərbaycanın regionda sülh gündəliyinə sadiqliyini də xüsusi vurğulayıb. Prezident qeyd edib ki, ölkəmiz artıq yeddi aydır sülh şəraitində yaşayır və bu proses real addımlarla müşayiət olunur. Azərbaycan tərəfindən Ermənistana neft məhsullarının tədarükünə başlanması və digər ölkələrdən Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması sülhün praktik müstəvidə həyata keçirildiyini göstərir.
Prezident İlham Əliyev vurğulayıb ki, əgər hər iki tərəf siyasi iradə nümayiş etdirərsə və sülhə sadiq qalsa, bu proses xalqlar arasında barışığa aparan ən doğru yol olacaq. Azərbaycanın mövqeyinə görə, regionda davamlı sabitliyin təmin edilməsi həm iqtisadi əməkdaşlığın genişlənməsinə, həm də beynəlxalq layihələrin daha effektiv həyata keçirilməsinə şərait yaradır. Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan geniş əməkdaşlıq gündəliyi enerji, iqtisadiyyat, nəqliyyat və regional təhlükəsizlik kimi strateji sahələri əhatə etməklə tərəfdaşlığın uzunmüddətli və dayanıqlı xarakter daşıdığını bir daha təsdiqləyir.

Ofelya Babayeva, Şöhrət ordenli Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər