Azərbaycan-Belarus əməkdaşlığında yeni mərhələ

646

Cari ilin 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Azərbaycan-Belarus münasibətlərinin dinamik inkişaf etdiyini və dostluq əlaqələrinin möhkəmləndirildiyini vurğuladı. Prezident Əliyev bu səfərin və aparılan danışıqların hər iki ölkə üçün əhəmiyyətli olduğunu, qarşılıqlı iqtisadi-ticari əməkdaşlığın daha da artırılması üçün konkret addımların atılacağını bildirdi.

Prezident İlham Əliyevin bəyanatı, təkbətək və geniş tərkibdə keçirilən görüşlərin iki ölkənin mehriban dost olduğunu bir daha əyani şəkildə nümayiş etdirdiyini göstərir. Gündəlikdə olan məsələlər konkret xarakter daşıyır və sənaye kooperasiyası, birgə istehsalın təşkili, maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə əməkdaşlığın inkişafı məsələlərini əhatə edir. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi inkişafına praktiki əhəmiyyət daşıyacaq.

Gələcəkdə Azərbaycan-Belarus münasibətlərinin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini və əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunub. İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Belarusun şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi sahəsində təcrübəsi önəmlidir. Əsas məqsəd keçmiş məcburi köçkünləri doğma evlərinə qaytarmaq və onlara yüksək əməkhaqqı olan işlərdə çalışma imkanı yaratmaqdır.

Prezident İlham Əliyev dünyada vəziyyətin sürətlə dəyişdiyini və yeni münaqişələrin, qeyri-sabitlik ocaqlarının yaranmasını təəssüf hissi ilə qeyd edib. Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və BMT-nin Nizamnaməsinə uyğun olaraq hərbi-siyasi yolla öz münaqişəsini həll etdi. Bu obyektiv həqiqət Azərbaycan-Belarus münasibətlərinin möhkəm təməlini təşkil edir.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə mətbuata verdiyi bəyanatında Azərbaycan son illər böyük nailiyyətlər əldə etdiyini, özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll etdiyini qeyd edib. O, Azərbaycan xalqının torpaqlarını qaytarmaq və dirçəltmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və bu nailiyyətlərin uzun illər yaddaşlarda qalacağını vurğulayıb.

Lukaşenko həmçinin Belarus və Azərbaycan xalqları arasında dərin hörmət və münasibətlərin olduğunu qeyd edib. Azərbaycanın regionda güclü lider ölkə olduğunu və Qafqaz regionunu nəzarətdə saxlamağa qadir olduğunu bildirib. Onun fikrincə, Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi region üçün çox vacibdir.

16 may tarixində Azərbaycan və Belarus arasında imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb. İmzalanmış sənədlər arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi, bitki karantini və mühafizəsi, baytarlıq sahəsində əməkdaşlıq, turizm sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər planı, rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumlar yer alır.

Azərbaycan-Belarus əməkdaşlığının bu yeni mərhələsi iki ölkə arasında dostluq və əməkdaşlığın güclənəcəyini, regional sabitlik və iqtisadi inkişafın təmin ediləcəyini göstərir. Prezident İlham Əliyevin bəyanatı və imzalanmış sənədlər bu münasibətlərin daha da dərinləşəcəyinə və hər iki ölkə üçün böyük fayda gətirəcəyinə inam yaradır. Azərbaycan-Belarus əməkdaşlığı, təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır və bu əməkdaşlığın davamlılığı regional sabitliyin təminatçısı olacaq.

Arif Qafarov, Tərəqqi medallı, Hacı Zeynalabdin qəsəbə Ağsaqqallar Şurasının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər