2023-cü ildə Azərbaycanda 1,5 % iqtisadi artım proqnozlaşdırılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“O cümlədən qeyri-neft-qaz sektoru üzrə 3 % artım nəzərdə tutulub”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 100,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çox ümumi daxili məhsul istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 % azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 % artıb.
T.Mirkişilinin sözlərinə görə, bu il ölkədə iqtisadi artım tempinin ötən ilə nisbətən aşağı olması, o cümlədən neft-qaz sektorunda azalma qeydə alınması neft hasilatı həcminin və neft qiymətlərinin aşağı düşməsi ilə bağlıdır.
“Biz neft-qaz sektorunu nəzərə almasaq iqtisadi artım planlaşdırılmış gözləntilərə uyğundur. Təbii ki, rəqəmlər də, artım da önəmlidir, ancaq iqtisadiyyatın keyfiyyət dəyişiklikləri daha önəmlidir, çünki qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi, neftdən daha çox digər mənbələrdən turizmdən, tranzitdən, ümumilikdə qeyri-neft-qaz sektorundan gəlirlərinin artması növbəti illərdə bundan daha çox iqtisadi artıma nail olmağa imkan verəcək”, – deyə o əlavə edib.
Müzakirə qapadılmışdır.