Azərbaycan ilə Çin arasında münasibətlər son illərdə tarixi inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə 2023-cü ilin iyulunda imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltdi. Prezident İlham Əliyevin 2025-ci il aprelin 21-də Çin Xalq Respublikasının nüfuzlu “Sinxua” agentliyinə verdiyi geniş müsahibə bu münasibətlərin inkişaf istiqamətlərini, gələcək hədəflərini və əldə olunan mühüm nailiyyətləri bir daha təsdiqlədi. Müsahibədə yer alan fikirlər Azərbaycan-Çin əlaqələrinin regional və qlobal əhəmiyyətini nümayiş etdirərək, bu əməkdaşlığın strateji, siyasi, iqtisadi və ekoloji sahələrdə nə qədər geniş potensiala malik olduğunu göstərdi.
1992-ci ildən etibarən diplomatik əlaqələr quran Azərbaycan və Çin arasında əməkdaşlıq müxtəlif sahələrdə genişlənərək bugünkü strateji tərəfdaşlıq səviyyəsinə çatıb. 2023-cü il iyulun 3-də imzalanmış Birgə Bəyannamədə qeyd olunduğu kimi, bu münasibətlər qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünə sadiqlik, daxili işlərə qarışmamaq və sülh şəraitində birgəyaşayış kimi prinsiplər üzərində qurulub. Azərbaycan və Çin bir-birini etibarlı tərəfdaş kimi qəbul edir və beynəlxalq məsələlərdə sıx əməkdaşlıq etməyə sadiqlik göstərirlər. Prezident İlham Əliyev bu Bəyannamənin qəbulunu tarixi hadisə adlandıraraq, dövlətlərarası münasibətlərdə yeni səhifənin açıldığını vurğulayıb.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar müzakirə edilib. Hər iki lider qarşılıqlı dövlət səfərləri barədə razılığa gəlib və bu cür yüksək səviyyəli təmasların əməkdaşlığa əlavə impuls verəcəyi bildirilib. 2024-cü il ərzində Azərbaycanın hökumət və parlament nümayəndələrinin, nazirlik və dövlət strukturlarının rəhbərlərinin Çinə səfərləri, eləcə də ÇXR rəsmilərinin Azərbaycana səfərləri tərəfdaşlığın intensivliyini göstərir.
Azərbaycanın 2024-cü ildə COP29-a sədrliyi çərçivəsində göstərdiyi təşəbbüslər Çin tərəfindən yüksək qiymətləndirilib. 196 dövlətin və 150-dən çox beynəlxalq təşkilatın iştirak etdiyi bu mühüm tədbirdə Çin nümayəndə heyətinin fəal iştirakı Azərbaycanla Çin arasında iqlim və ekoloji məsələlərdə əməkdaşlığın vacibliyini ön plana çıxardı. Prezident İlham Əliyev Çinə bu sahədə göstərdiyi dəstəyə görə minnətdarlıq bildirdi və Azərbaycan tərəfindən irəli sürülmüş 14 qlobal təşəbbüsün beynəlxalq miqyasda böyük dəstək qazandığını vurğuladı.
2024-cü ildə Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilmişdir. İkitərəfli əmtəə dövriyyəsi 3,744 milyard dollara çataraq əvvəlki illə müqayisədə 20,7 faiz artıb. Çin, Azərbaycanın idxalında da lider mövqeyə yüksəlib – bu göstərici 17,69 faiz təşkil edir. Ticarət əlaqələrinin daha da genişləndirilməsi məqsədilə Pekin, Şanxay, Çendu, Nankin və digər şəhərlərdə fəaliyyət göstərən Azərbaycan Ticarət və Şərab evləri mühüm rol oynayır. Eyni zamanda, “JD” platformasında yaradılan Azərbaycan Ticarət Evi ölkə məhsullarının Çin bazarına çıxışını asanlaşdırır.
Azərbaycan ilə Çin arasında qeyri-neft sektoru üzrə investisiya əməkdaşlığı genişlənir. Bu sahədə xüsusilə yüksək texnologiyalar, alternativ enerji və innovasiya yönümlü layihələr prioritet hesab edilir. Hazırda Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydiyyatdan keçib və onlardan 298-i aktiv şəkildə fəaliyyət göstərir. Hökumətlərarası Komissiyanın fəaliyyəti ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi və hüquqi çərçivədə möhkəmləndirilməsi baxımından əsas platforma kimi çıxış edir. Komissiyanın növbəti – 10-cu iclasının 2025-ci ildə Bakıda keçirilməsi planlaşdırılır.
Azərbaycan “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olmuş və bu layihəyə həm ərazisində, həm də region səviyyəsində mühüm investisiyalar yönəltmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” və “Orta Dəhliz” kimi nəqliyyat layihələri bu təşəbbüsün ayrılmaz hissəsinə çevrilib. Həyata keçirilmiş infrastruktur layihələri – 21 min kilometr avtomobil yolu, 335 körpü, 45 tunel və 1800 kilometrlik dəmir yolunun təmiri ölkənin logistik imkanlarını xeyli gücləndirib. Bu da Azərbaycanın beynəlxalq ticarət və yükdaşımada mərkəzi ölkəyə çevrilməsinə səbəb olub.
Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin strateji əsaslarını və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Bu münasibətlər yalnız iki ölkənin maraqlarına deyil, həm də regional sabitlik, beynəlxalq əməkdaşlıq və qlobal çağırışlara birgə cavab vermək baxımından ciddi əhəmiyyət kəsb edir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Çin əlaqələri qarşılıqlı hörmət, güclü siyasi iradə və ortaq inkişaf arzusu üzərində qurulmuşdur. Mövcud uğurlar və perspektiv layihələr göstərir ki, bu münasibətlər təkcə iqtisadi və siyasi deyil, həm də qlobal çağırışlara qarşı birgə mübarizə və davamlı inkişaf üçün nümunəvi bir modeldir.
Sahib Fərzəliyev, “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri
Azərbaycan-Çin münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa doğru
•
295
Müzakirə qapadılmışdır.