1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mənəvi dəyərlərinin parlaq təzahürlərindən biridir. Bu tarix təkcə dil və əlifba islahatını qeyd etməklə məhdudlaşmır; bu, həm də dilimizin tarix boyu yaşadığı sınaqları, onun qorunması və inkişafı uğrunda aparılan mübarizələri əks etdirən mühüm bir simvola çevrilmişdir. Azərbaycan dilinin dövlət dili statusunu qazanması, onun cəmiyyət həyatında aparıcı yer tutması və qloballaşan dünyada öz saflığını qoruyaraq inkişaf etməsi yolunda əvəzsiz xidmətləri olan dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev bu prosesin ideoloji və siyasi memarı olmuşdur. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.
Heydər Əliyevin dediyi kimi: “Dil hər bir millətin milliliyinin əsasıdır”. Bu baxımdan Azərbaycan dili – xalqımızın tarixi hafizəsi, milli-mədəni irsi və dövlətçilik ənənələrinin daşıyıcısıdır.
Sovet dönəmində Azərbaycan dili dəfələrlə təzyiqlərə məruz qalmış, süni şəkildə sıxışdırılmışdır. Xüsusilə 1977-ci il SSRİ Konstitusiyasından sonra bu proses daha da güclənmiş, milli dillərin ictimai və siyasi həyatdakı rolu məhdudlaşdırılmışdı. Ana dilində danışmaq və yazmaq təkcə mədəni deyil, həm də siyasi cəsarət tələb edirdi. Bu dövrdə bir çox ziyalılar repressiyaya məruz qaldı. Lakin belə bir mühitdə Heydər Əliyevin dil məsələsindəki möhkəm və prinsipial mövqeyi, bu sahədəki cəsarətli çıxışları xalqın ruhunu dirçəltdi.
Ulu Öndər Heydər Əliyev, bütün təzyiqlərə və siyasi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan dilinin qorunması və inkişafı uğrunda əzmkar mübarizə aparmışdır. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində onun təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsi yer almış və bu, Sovet məkanında nadir bir hadisə kimi tarixə düşmüşdür. Bu qərar ana dilinə münasibətdə dönüş nöqtəsi olmuş və gələcək müstəqillik yolunda vacib zəmin yaratmışdır.
1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması da məhz bu siyasi iradənin davamı idi.
2001-ci ildə imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman əsasında Prezident yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu addım, dövlət dilinin tətbiqinin təkcə hüquqi deyil, həm də inzibati idarəetmə strukturunda yer almasını təmin etdi.
2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul olunması isə bu sahədə institusional çərçivəni formalaşdırdı. Bu qanun dövlət dilinin istifadəsini hüquqi cəhətdən tənzimləməklə yanaşı, onun qorunması və inkişaf etdirilməsi sahəsində dövlətin məsuliyyətini müəyyənləşdirdi.
2001-ci il 9 avqust tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunmağa başlandı. Bu qərar bir tərəfdən latın qrafikalı əlifbaya keçidin tamamlanmasını rəmz etsə də, digər tərəfdən bu günün milli şüurun gücləndirilməsi üçün rəmzi günə çevrilməsinə zəmin yaratdı.
Prezident İlham Əliyev də ana dilinin inkişafı və tətbiqinin genişləndirilməsi istiqamətində bir sıra mühüm sənədlərə imza atmışdır:
• 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam;
• 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri” barədə Sərəncam;
• 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafı üzrə Dövlət Proqramı”;
• 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi” haqqında Fərman.
Bütün bu addımlar Azərbaycan dilinin dövlət idarəçiliyindən tutmuş mətbuata, təhsildən elektron məkana qədər bütün sahələrdə tətbiqinin və inkişafının təmin edilməsinə yönəlib.
Prezident İlham Əliyev də Azərbaycan dilinin saflığının qorunmasının yalnız dövlətin deyil, cəmiyyətin hər bir üzvünün vəzifəsi olduğunu vurğulayır:
“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz bu saflığı qorumalıyıq.”
Azərbaycan dili – müstəqil dövlətçiliyimizin, milli birliyimizin və tarixi yaddaşımızın əsas sütunudur. 1 Avqustun “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilməsi həm tarixi əhəmiyyətə malik qərar, həm də gələcək nəsillərə ünvanlanmış mədəni mesajdır.
Hicran Köçərli, Sumqayıt Dövlət Universitetinin baş müəllimi
Müzakirə qapadılmışdır.