Azərbaycan dilində KÖKLÜ DƏYİŞİKLİK: qrammatika dəyişir, yeni nitq hissələri yaradılır - MÜSAHİBƏ

2192

Müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılacaq. Fonetika, leksika, morfologiya və sintaksisdə bir sıra dəyişikliklər, bu vaxta qədər işlənilməyən məqamlar olacaq.

Qrammatikanın hazırlanması Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə həvalə edilib.

İnstitutun şöbə müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov müasir qrammatikadakı yeniliklər barədə Publik.az-ın suallarını cavablandırıb.

– İsmayıl müəllim, rəhbərlik etdiyiniz şöbə müasir Azərbaycan dilinin qrammatikasını yenidən hazırlayır. Bu gün qrammatikanın yenilənməsinə nə qədər ehtiyac var?

– Azərbaycan dilinin qrammatikası sonuncu dəfə 1970-80-ci illərdə çap olunub. 2017-ci ildə bizim şöbəyə akademik qrammatikanın yazılması tapşırıldı. Çünki o vaxtdan çoxlu elmi nailiyyətlər əldə edilib, yeni əsərlər yazılıb. Bunları nəzərə alaraq çoxcildlik qrammatika hazırlanacaq. Artıq həmin qrammatikanın ilk cildləri üzərində işləyirik. Bu il ərzində fonetika bölməsini tamamlayıb, çap edəcəyik. Orfoqrafiya və orfoepiya yeni aspektdə hazırlanıb. Əvvəlcə fonetikanı Azərbaycan tədqiqatları əsasında yazdıq, lakin xarici ölkələrin kitablarını incələyəndə bir çox məqamlarda çatışmazlığın olduğunu müşahidə etdik, yenidən işlədik. Bu il leksikologiya üzərində də işləyəcəyik. Növbəti illərdə isə morfologiya və sintaksis yenidən hazırlanacaq. Akademik fonetikada fonologiya, intonasiya, fonetik transkripsiya (səsləri hansı məxrəcdə tələffüz etmək), səslərin artikulyasiya xarakteristikası, sait səslərin mövqe dəyişmələri (məsələn, eyni sait səs ifadədə fərqli tələffüz edilir) əks olunacaq. Bu vaxta qədər morfofonematik transkripsiya öyrənilməyib, araşdırmamız göstərdi ki, sadəcə bu bölmədən bir kitab hazırlamaq olar. Ümumiyyətlə, sadaladığım mövzuların heç biri bu vaxta qədər öyrənilməyib. İndi də institut əməkdaşlarından kimə deyirəm, çətinlik çəkir. Çünki heç zaman araşdırılmamış öyrənilməmiş sahədir.

– Bəs necə hazırlanacaq kitablar?

– Uyğur və tatarlar necə hazırlayıbsa, biz də elə, xarici ölkələrin təcrübəsini araşdırıb, öyrənəcəyik. Qrammatika təkcə Dilçilik İnstitutu əməkdaşları tərəfindən hazırlanmayacaq, kənardan da dilçilər cəlb olunacaq. Gəncədən Mübariz Yusifovu, Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəllini, dilçi alim Firudin Cəlilovu cəlb etmişik. Onlar mütəmadi olaraq fonetika, fonologiya ilə məşğul olan şəxslərdir və qrammatika hazırlanarkən bu alimlərin də əməyindən faydalanacağıq. Akademik qrammatika ruslarda ötən əsrin 90-cı illərində çap olunub. Tatarlar, yakutlar, uyğurlar da yeni qrammatikanı çoxdan çap ediblər. Biz bir az gecikmişik.

– Qrammatikanın çapında gecikdiyimizi dediniz. Bu, nə ilə bağlıdır?

– Tənqidi də olsa, deməliyəm ki, Ağamusa Axundov instituta rəhbərlik edəndə qrammatika hazırlanıb. Lakin qüsurlar olduğuna görə qəbul edilməyib. Çünki qrammatika akademik səviyyədə yazılmalıdır. Düzdür, bizim şöbəmizin əməkdaşlarının əksəriyyəti cavanlardır, ona görə də biz işin sanballı olması üçün kənardan da dilçilər dəvət etmişik.

– Ötən əsrin 80-ci illərində çap olunan qrammatika neçə cildlik idi?

– Həmin qrammatika 3 cildlik idi, fonetika və leksika birlikdə, morfologiya və sintaksis isə ayrıca kitab idi. Əslində qrammatika morfologiya və sintaksisdən ibarətdir.

– Azərbaycan dilinin qrammatikası ilə bağlı bütün cildlər tam olaraq nə zaman hazır olacaq?

– Dilçilik İnstitutunun direktoru Möhsüm Nağısoylu 2021-ci ildə işlərin tam yekunlaşacağını deyib. Planlaşdırırıq ki, kitabları 2020-ci ildə tamamlayaq.

– Yeni qrammatikanın əvvəlkindən fərqi yəqin ki, ancaq cildlərin sayında olmayacaq…

– İndiki qrammatikada Azərbaycan dili üzrə fonologiya öyrənilməyib. Fonologiya, morfemika yeni işlənəcək. Rus, alman və ingilis qrammatikasından bəzi məqamlar nümunə götürüləcək. Funksional qrammatika, funksional sintaksis bizdə işlənilməyib. Biz bu məsələlərdə geri qalmışıq. Çalışacağıq ki, təkcə normativ qrammatika yaratmayaq, onun funksional –semantik tərəflərinə də toxunaraq yenilik gətirək. Əslində normativ qrammatika yaratmalıyıq, lakin müasir dövrün tələbləri fərqli yanaşmalar ortaya qoymağımıza imkan verir. Xarici ölkələrdən dil məktəbindən yenilikləri əxz etməliyik.

– Bu yenilikləri bir az sadə dillə izah etsək, qrammatikadakı dəyişiklikləri dərsliklərə, dil istifadəçilərinə necə təsir edəcək?

– Akademiya rəhbərliyi deyir ki, elm və təhsil inteqrasiya edir. Akademik qrammatikanın ali məktəblərdə tədrisi təmin olunmlıdır. İndiki magistr, bakalavrlara mübtədanın tərifini öyrətməyin yeri yoxdur. Tələbə daim axtarışda olmalı, ali tədris dərslərinə yaradıcı yanaşmalıdır. Bu gün ali məktəblərdə dil tədrisi çox pisdir. Müəllim auditoriyada dili köhnə qaydalarla tədris edir, ancaq tərif yazdırır. Orta məktəblər bu məsələdə ali məktəblərdən daha irəlidədir. Çünki orada dərsliklər dəyişib. Rusiyada həm orta, həm də ali məktəblərdə funksional qrammatika keçilir. Biz isə hələ ki, o mərhələyə çatmamışıq. Buna görə yeni funksional qrammatika tədris baxımından da əhəmiyyətli olacaq. Funksionallıq dil vahidlərinin funksiyalarını və kommunikativ sintaksisi öyrənməkdir ki, bu da birbaşa ünsiyyətə xidmət edir. Mübtədanın tərifini öyrənmək kimə lazımdır? Əsas məsələ dil vahidlərinin insanların kommunikasiya prosesinə xidmətini araşdırmaqdır. Artıq nitqin sintaksisini öyrənməliyik, dilin sintaksisi bizə bir o qədər də lazım deyil. Dilin sintaktik quruluşunu öyrənmək bizə çoxlu fayda verə bilər.

– Nitqin sintaksisini öyrənmək nə verəcək dilə?

– Antroposentrik yanaşmaya görə, dil nitqə çevrilib insanların ünsiyyətinə xidmət edir. Bu proses məktəb yaşlarından uşaqlara aşılanmalıdır ki, həm nitqləri, həm də söz ehtiyatları zəngin olsun.

– Bu gün orta məktəb dərsliklərində artıq mübtədanın tərifi verilmir, çalışmalar üzərində mübtədanın nə olduğu öyrədilir. Təxminən sizin qrammatikada tətbiq etmək istədiklərinizi, orta məktəbdə istifadə olunur.

– Bu məsələyə münasibətim çox yaxşıdır. Bu yaxınlarda Təhsil Nazirliyindən 7-11-ci sinif Azərbaycan dili dərsliyinə rəy vermək üçün dəvət etmişdilər. Düzdür, bəzi tənqidlər oldu, lakin dərslik mənim çox xoşuma gəldi. Artıq şagirdə qrammatik qaydalarla bağlı tərif lazım deyil. İndiki dərsliklərdə bir çalışma üzərində işləyən şagird həm nitqi, həm də dil qaydalarını öyrənir, söz ehtiyatı da artır. Bir çoxları bunu bəyənməsə də, bunu yüksək qiymətləndirirəm. Mətn üzərində iş aparmaqla şagirdlərin dünyagörüşü də inkişaf edir, tədris də yaxşı effekt verir.

– Sizin də dediyiniz kimi, çox zaman yeni üsulla yazılan dərsliklər tənqid edilir. Qayda olmadan çalışma verməyin yanlış olduğu deyilir. Hətta müəllimlər arasında da bu fikirdə olanlar var.

– Şagirdlər mətni təhlil etdikcə qaydaları da öyrənir. Mətnin üzərində iş apara bilməyən müəllimlər yeni tədris üsulunu qəbul etmir. Bunun şagirdlərə çətinlik yaratmasının səbəbi onların oxumaması, müəllimlərin etiraz etməsi isə yaxşı dərs keçməməsi ilə bağlıdır. Bu gün müəllimlərin əksəriyyəti savadsızdır, əlbəttə, qabaqcıl müəllimlər var, amma çoxu köhnə qayda ilə tədris edir. Müşahidələr isə yeni üsulun effektiv olduğunu göstərir. Çünki bu zaman şagird təkcə biliklərə yiyələnmir, yaradıcı yetişir. Nitq qabiliyyəti də zənginləşir. Lakin bununla yanaşı, dərsliklər də nöqsanlar da var. Bəzən elə termin verilir ki, heç lüğətdə də onu tapmaq olmur. Mürəkkəblik yeni dərsliklərin ana xəttidir.

– Məsələn, tapşırıqlar üçün seçilən mətnin dil-üslubu tənqid edilir.

– Dərslik müəllifləri çox zaman özlərindən mətn hazırlayıb verirlər. Lakin araşdırma apardıqda əksər vaxt həmin mətnlərin xarici mənbələrdən “kopiya”landığı ortaya çıxır. Axı Azərbaycan ədəbiyyatında zəngin dil ehtiyatına malik mətnlər kifayət qədərdir.

– İstəyirəm, yenidən qrammatikaya qayıdaq. Qrammatika dilin ən gec dəyişən bölməsi olsa da, yəqin ki, dövrün tələbi ilə əlaqədar bəzi məqamlarda yeniliklər olacaq…

– Bir morfemin sıradan çıxıb, yenisi ilə əvəzlənməsi üçün illər tələb edilir. Ali məktəbdə dil tarixindən dərs keçirəm və müşahidələr göstərir ki, zaman formaları min il əvvəlki kimi deyil. Onlar tam sıradan çıxıb, yeniləri ilə əvəzlənib. İndi də qaydaların dəyişməsi üçün yüz illər lazımdır. Türkiyə türkcəsindən bizə yeni morfemlər (şəkilçi) gəlib. Məsələn, dönər sözündəki “ər” şəkilçisi məhz döndüyünə görə verilib, bu söz dilimizə şəkilçisi ilə birlikdə daxil olub. “Rəqəmsal”, “bilimsəl” kimi sözlər də şəkilçi ilə dilə daxil olub. Əgər bu sözlər dilə daxil olursa, biz də yeni qayda kimi onu qrammatikaya salmalıyıq. Akademik leksikologiyada çoxlu dəyişikliklər baş verib. Bunun da səbəbi dilə yeni sözlərin daxil olmasıdır. Dilimizdə əvvəl “hava alanı”, “internet media” kimi ifadələr yox idi. Ümumiyyətlə, Türkiyə türkçəsindən dilimizə bu tipli yüzə yaxın söz keçib. Leksik vahidlərin kulturoloji keyfiyyətini araşdırmaq da leksikologiya qarşısında duran əsas məsələlərdəndir, bu vaxta qədər bu məsələ də işlənilməyib.

– Bəzən nitq hissələri ilə bağlı mübahisəli fikirlər yaranır. Məsələn, nida gah köməkçi nitq hissələrinin tərkibində, gah da xüsusi nitq hissəsi kimi təqdim edilir. Yeni qrammatikada nidanın yeri bəllidir?

– Nida ilə bağlı yeni qrammatikada dəyişiklik olacaq. Əvvəlki qrammatikada yamsılamalar nidanın tərkibində verilmişdi, onlar ayrılacaq. Elm inkişaf etdikcə çağırış tipli sözlər (pişiyə – pişpiş, ata- dəhdəh) nida kimi təqdim edilmişdi, indi bunları ayrıca bir nitq hissəsi kimi təqdim olunacaq. Başqa bir yenilik isə modal sözlərlə bağlıdır. Əvvəl o köməkçi nitq hissəsi sırasında verilirdi, indi isə xüsusi nitq hissəsi kimi veriləcək. Çünki modal sözlərinə köməkçi xarakter daşımadığı, danışanan fikrinə münasibət olduğuna görə ayrı verilməsi daha uyğun hesab edilir. Bununla da əsas, köməkçi və xüsusi nitq hissələri formalaşmış oldu. Hazırda indiki zaman şəkilçisi ancaq ır4 kimi qəbul edilir. Lakin gələcəkdə təkcə “işlənilir” yox, “işlənilməkdədir” sözü də indiki zaman kimi istifadə olunacaq. Çünki artıq bu ifadə həm danışıq, həm də mətbuatın dilində işləklik qazanıb. Bu gün bizə lazım olan əsas məsələ nitqin sintaksisis inkişafıdır. Əvvəlki qrammatikanı incələyərkən sintaksisdə isə bir nöqsan aşakarlamışam. Azərbaycan dilinin sintaktik quruluşunun tarixi inkişaf mərhələləri və təmayülləri düzgün müəyyənləşdirilməyib. Buna görə də sintaksis düzgün öyrənilməyib, predikativlik sturukturu incələməyiblər. Feli birləşmələrin mürəkkəb cümlədə transformasiya hadisəsi yaxşı öyrənilməyib. Bu istiqamətdə iş aparılacaq.

Gülxar Şərif,

Foto: Elnur Muxtar

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər