Dekabr ayında baş verən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası Azərbaycanın ictimai-siyasi gündəminin əsas mövzularından birinə çevrildi. Bu hadisə təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də rezonans doğurdu. Prezident İlham Əliyev hadisə ilə bağlı Azərbaycan Televiziyasına geniş müsahibə verərək baş verənlərin detalları, görülən işlər və bu hadisənin səbəbləri haqqında ətraflı məlumat verdi.
Qəzanın baş verməsindən sonra Azərbaycan dövlət orqanları hadisəyə çevik reaksiya verdi. Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, qəza xəbəri alındığı andan dərhal operativ qərarların qəbulu üçün Dövlət Komissiyası yaradılıb. Bu komissiya hadisənin bütün aspektlərini araşdırmaq və mümkün qədər tez nəticələr əldə etmək üçün fəaliyyətə başladı. Hökümət və aidiyyəti qurumlar qəzadan dərhal sonra, həm Qazaxıstanın Aktau şəhərində, həm də hadisənin mümkün səbəblərini araşdırmaq üçün aktiv işlər gördülər. Təyyarə qalıqlarının və ekspertiza üçün lazım olan bütün materialların toplanması prosesinə başlanıldı.
Bundan əlavə, Prezident İlham Əliyev yaralılara tibbi yardım göstərilməsinin prioritet məsələ olduğunu vurğuladı. Qəzadan sağ qalan sərnişinlərin həyatı xilas etmək üçün bütün zəruri addımlar atıldı və onların müalicəsi ən yüksək səviyyədə təşkil olundu. Prezident hadisənin təsirinin minimuma endirilməsi üçün dövlətin bütün resurslarını səfərbər etdiyini xüsusi qeyd etdi.
Prezident İlham Əliyevin müsahibəsində ən diqqətçəkən məqamlardan biri qəzanın səbəbləri ilə bağlı ortaya atılan fərqli versiyalar oldu. İlkin araşdırmalara görə, təyyarənin Qroznı yaxınlığında xarici müdaxilə nəticəsində zədələndiyi aşkarlanıb. Bu müdaxilə təyyarənin radioelektron mübarizə vasitələri ilə idarəolunmaz vəziyyətə salınması və ardınca yerdən açılan atəşlə vurulması ilə nəticələnib.
Rusiya tərəfindən hadisənin ört-basdır edilməsi istiqamətində cəhdlərin olması Prezident tərəfindən xüsusi vurğulandı. Rusiya bəzi hallarda qəzaya səbəb kimi quş toqquşması və ya qaz balonunun partlaması kimi absurd versiyaları irəli sürüb. Bu cəhdlər, Prezidentin dediyi kimi, Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında obyektiv mövqe nümayiş etdirmək səylərinə mane olmağa yönəlib. Azərbaycan tərəfi isə bu cür cəhdlərin yolverilməz olduğunu bildirərək, məsələnin ədalətli və şəffaf şəkildə araşdırılmasını təmin etmək üçün çalışır.
Qəzaya səbəb olan texniki və ya insan faktorlarını dəqiqləşdirmək üçün beynəlxalq ekspertizanın əhəmiyyəti Prezident İlham Əliyevin çıxışında xüsusi yer aldı. Dövlətimiz bu araşdırmanın təkcə milli səviyyədə deyil, beynəlxalq təşkilatlar və müstəqil ekspertlər tərəfindən aparılmasını təklif edib. Braziliyada təyyarənin istehsalçısı olan “Embraer” şirkəti Qazaxıstan hökuməti və digər beynəlxalq qurumların iştirakı ilə birgə işçi qrup yaradılıb.
Bundan əlavə, “qara qutu”ların oxunması prosesi də beynəlxalq müşahidə altında həyata keçirilir. Prezident qeyd etdi ki, bu cür şəffaf yanaşma yalnız hadisənin həqiqi səbəblərinin üzə çıxarılmasına deyil, həm də Azərbaycanın obyektiv mövqeyini təsdiqləməyə xidmət edir. Hökümət bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətini çəkərək, hadisənin obyektiv araşdırılmasını təmin etmək üçün hər cür səylər göstərir.
Prezident İlham Əliyev hadisə zamanı pilotların və ekipaj üzvlərinin göstərdiyi qəhrəmanlığı xüsusi vurğuladı. Təyyarənin idarəetmə sisteminin sıradan çıxarılmasına baxmayaraq, pilotlar sərnişinlərin həyatını xilas etmək üçün böyük səylər göstərdilər. Təyyarəni ən təhlükəsiz şəkildə endirməyə çalışan pilotların göstərdiyi peşəkarlıq və cəsarət hadisə zamanı onların nə qədər məsuliyyətli və bacarıqlı olduqlarını bir daha təsdiqləyir.
Ekipajın digər üzvləri, xüsusən də qadın heyət üzvləri, sərnişinlərə yardım etmək üçün hər cür fədakarlıq göstəriblər. Prezident bu qəhrəmanlığı yüksək qiymətləndirərək, onların göstərdiyi peşəkarlığın və humanist davranışın bütün Azərbaycan cəmiyyətinə nümunə olduğunu bildirdi.
Baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzaladı. Sərəncama əsasən
Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç, Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildilər.
Qəzanın tam təfərrüatlarının üzə çıxarılması üçün araşdırmalar davam edir. Prezident İlham Əliyevin sözlərinə görə, qəzaya səbəb olan hər bir amil dəqiqliklə müəyyənləşdirilməli və beynəlxalq ictimaiyyətə açıqlanmalıdır. Bu hadisə yalnız Azərbaycanın aviasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə deyil, həm də beynəlxalq münasibətlərdə yeni çağırışlar yaradıb.
Qara qutuların açılması və digər texniki araşdırmaların nəticələri yaxın gələcəkdə hadisənin tam mənzərəsini ortaya qoyacaq. Azərbaycan hökuməti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəyini bildirib.
Bu hadisə bir daha göstərdi ki, dövlətimiz istənilən fövqəladə vəziyyətdə çevik, prinsipial və obyektiv yanaşma nümayiş etdirir. Həlak olanlara Allahdan rəhmət, sağ qalanlara isə tezliklə şəfa diləyirik. Hadisənin tam şəkildə araşdırılması və nəticələrin ədalətli şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün atılan addımlar Azərbaycan hökumətinin bu məsələni nə qədər ciddiyə aldığını göstərir.
Rüxsarə Məmmədova, TTEL-in direktoru
Əməkdar müəllim
Müzakirə qapadılmışdır.