2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, eyni zamanda onların yaradıcılıq potensialına verilən yüksək dəyərin rəmzi kimi xüsusi məna daşıyır. Bu gün təsadüfi tarix deyil. Məhz Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmiş, bununla da Azərbaycan MDB və Şərqi Avropa məkanında gənclərə xüsusi gün həsr edən ilk ölkələrdən biri olmuşdur. Bu qərar gəncliyin yalnız sosial təbəqə deyil, milli-mədəni və intellektual inkişafın aparıcı qüvvəsi kimi qəbul edildiyini göstərirdi.
Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti hər zaman insan kapitalına, xüsusilə gənc nəslin yaradıcı düşüncəsinə və intellektual potensialına söykənmişdir. Heydər Əliyev gəncləri milli kimliyin daşıyıcısı, mədəniyyətin gələcək qoruyucuları kimi dəyərləndirir, onların azad düşünən, dünyagörüşlü, milli-mənəvi dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşmasını strateji məqsəd hesab edirdi. Bu siyasət gənclərə inam üzərində qurulmuşdu və məhz bu inam gənclərdə özünə güvən hissini formalaşdırdı.
Bu gün həmin siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi gənclər siyasəti gənclərin yalnız ictimai-siyasi fəallığını deyil, eyni zamanda mədəni, yaradıcı və intellektual inkişafını da stimullaşdırır. Gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, mədəniyyət, incəsənət, ədəbiyyat, musiqi və innovativ sahələrdə təşəbbüslərinin dəstəklənməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Mədəni baxımdan xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də Azərbaycanın beynəlxalq mədəni platformalarda gənclər vasitəsilə tanıdılmasıdır. “Bakı Eurovision–2012” müsabiqəsi təkcə musiqi yarışması deyil, eyni zamanda gənclərin mədəni ünsiyyətinin, yaradıcılıq enerjisinin beynəlxalq miqyasda nümayişi idi. Bakı həmin günlərdə Avropa gənclərinin musiqi paytaxtına çevrildi və Azərbaycan gəncliyinin açıq, müasir və yaradıcı siması dünyaya təqdim olundu.
Prezident İlham Əliyevin 2013-cü ildə təsis etdiyi “Gənclər üçün Prezident Mükafatı” da istedadlı və yaradıcı gənclərə verilən yüksək qiymətin bariz nümunəsidir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, innovasiya və sosial sahələrdə fərqlənən gənclərin dövlət səviyyəsində mükafatlandırılması gənclərin yaradıcılığa daha böyük maraq göstərməsinə, öz potensiallarını reallaşdırmağa stimul yaradır. Bu mükafat təkcə maddi dəstək deyil, eyni zamanda gənc yaradıcılara verilən mənəvi etimaddır.
Gənclərin mədəni və sosial fəallığının artırılmasında könüllülük hərəkatı da mühüm rol oynayır. Könüllülük gənclərdə sosial məsuliyyət, empatiya, kollektiv düşüncə və mədəni davranış formalaşdırır. 2020-ci ilin “Könüllülər ili” elan olunması bu hərəkatın cəmiyyətin mədəni həyatında xüsusi yer tutduğunu göstərdi. Könüllülük fəaliyyəti gənclərin yalnız ictimai proseslərdə deyil, mədəni layihələrdə də fəal iştirakına şərait yaratdı.
Heydər Əliyev Fondunun gənclərin inkişafında oynadığı rol mədəniyyət müstəvisində ayrıca qeyd olunmalıdır. Fondun elm, təhsil, mədəniyyət və yaradıcılıq sahələrində həyata keçirdiyi layihələr minlərlə gəncin istedadının üzə çıxmasına imkan yaratmışdır. Mədəni irsin qorunması, gənc rəssamların, musiqiçilərin, yazıçıların və tədqiqatçıların dəstəklənməsi gənclərin milli-mədəni kimliklə qlobal dünyaya inteqrasiyasını təmin edir.
2025-ci ildə həyata keçirilmiş sosial, innovativ və yaradıcı proqramlar da göstərir ki, Azərbaycan gəncliyi artıq təkcə iştirakçı deyil, ideya yaradan, mədəni dəyər formalaşdıran fəal subyektdir. Düşərgələr, yaradıcılıq müsabiqələri, intellektual oyunlar, debat forumları və beynəlxalq layihələr gənclərin düşüncə tərzini zənginləşdirir, onların mədəni üfüqlərini genişləndirir.
Nəticə etibarilə, 2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız bayram deyil, gənclərin yaradıcılıq enerjisinə, istedadına və mədəni potensialına verilən dəyərin simvoludur. Dövlətin bu istiqamətdə apardığı ardıcıl siyasət gələcəkdə daha güclü, daha yaradıcı və mədəni cəhətdən zəngin Azərbaycan cəmiyyətinin formalaşmasına xidmət edir.
Turan Etibaroğlu, Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi


Müzakirə qapadılmışdır.